SON DƏQİQƏ: Azərbaycan Fransaya nota verdi
Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb və Fransanın Avropa və Xarici İşlər Nazirliyinə ünvanlanmış etiraz notası qarşı tərəfə təqdim olunub.
Bu barədə Azərbaycan XİN-dən bildirilib.
Qeyd olunub ki, görüş zamanı Fransa hökumətinin zəruri cavab reaksiyasının olmaması fonunda Fransanın müxtəlif siyasi qüvvələri tərəfindən Azərbaycana qarşı açıq böhtan və qərəz əsasında qurulmuş kampaniyanın genişlənərək davam etməsindən dərin narahatlıq ifadə olunub və məktubda əks olunmuş iddialar qətiyyətlə rədd edilib.
Bu çərçivədə bir neçə gün əvvəl Fransa parlamentində təmsil olunan siyasi qüvvələrin rəhbərləri adından Fransa prezidentinə ünvanlanmış məktubda Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilməsinin, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qəsd mahiyyətində addımlar atılmasına çağırış edilməsinin qəbuledilməz olduğu bildirilib.
Sözügedən məktubun Fransa Parlamentinin hər iki palatasının Azərbaycana qarşı əsassız ittihamlarla dolu qətnamələrinin qəbul edilməsinin də daxil olduğu, məqsədyönlü və sistemli şəkildə həyata keçirilən silsilə xarakterli antiazərbaycan tədbirləri və bəyanatlarının davamı olduğu vurğulanıb.
Azərbaycan tərəfi Fransa hökuməti tərəfindən Azərbaycana qarşı aparılan kampaniyanın dərhal dayandırılması məqsədilə müvafiq tədbirlərin görülməsinin zəruri olduğunu diqqətə çatdırıb.