SON DƏQİQƏ

Şuşada yazılan Zəfər romanımız- "Cığır"- Azər Turan yazır

Tarix:25-04-2022, 10:00 Oxunub:1 640

Yunus Oğuz Şuşanın romanını yazdı. Daha doğrusu, Şuşanın işğaldan azad edilməsinin ikinci ili ərəfəsində Şuşanın qurulmasının 270 illiyinə ithaf etdiyi "Cığır" romanını... 2021-ci ilin avqustunda Şuşada ilk publisistik yazını qələmə alan Yunus Oğuz indi də Böyük zəfərimizə həsr olunmuş ilk romanı yaratdı...

"Cığır" həqiqətlərin şüuraltı mətnidir. Azərbaycan əsgərinin bu romandakı obrazı ədəbiyyatımızda yenidir...

Müharibə, təbii ki, təkcə xaos və dağıntıdan ibarət deyil. Ədəbiyyat müharibənin estetikasını da yarada bilir... 1943-cü ildə yazdığı "Müharibə və ədəbiyyat" məqaləsində tənqidçi Cəfər Cəfərov: "Müharibə elə güclü bir təkandır ki, yeni keyfiyyətlər doğurmaya bilməz", - deyirdi. Haqlıydı.. Hətta indi də haqlıdır... Müharibə ədəbiyyata yeni tiplər və obrazlar gətirir. "Bunlar isə özləri ilə bərabər yeni süjet, mühit, dil xüsusiyyətləri və nəhayət, mədəniyyət də gətirir".

"Cığır" romanında yazıçı təxəyyülünün yaratdığı üç obraz var. Biri Nəsrəddin Murad, digəri Şuşaya aparan sirli cığır və bir də Azərbaycan əsgərinin fövqəlqəhrəmanlığını simvolizə edən kölgə əsgərlər...

Şuşadan Xudafərinə qədər uzanan tarixi "Nəsrəddin yolu"nu ədəbiyyatda Yunus Oğuz simvollaşdırır. Yunus Oğuz romanda politoloji və bədii təfəkkürün uğurlu sintezini yaradıb. Bir zamanlar Pənahəli xana gizli cığırın yerini göstərən Nəsrəddin indi də generala həmin cığırı nişan verir. Nəsrəddinin təqdim etdiyi Şuşanın sirli xəritəsi romana mistik bir ruh aşılayır və o sirli xəritə Şuşa uğrunda savaşa atılan 400 əsgərə də metafizik bir səciyyə verir... Nəsrəddin Muradın mistika ilə reallığın sintezindən yaradılmış obrazı İsmayıl bəy Qaspıralının "Darürrahat müsəlmanları" romanındakı Seydi Musanı xatırladır. Seydi Musa da millətin nicat yolu yazılmış vəsiyyətnaməni qövmünün 40 dərvişinə vermişdi. Və 40 dərviş bu vəsiyyətnaməni 2075-ci ildə açıb oxumalıydı... 270 il əvvəl, Şuşanın inşa olunduğu günlərdə Nəsrəddin tərəfindən Pənahəli xana söylənmiş sirr isə 2020-ci ilin noyabrında, eyni adın, eyni nəslin və qanın daşıyıcısı tərəfindən Azərbaycan hərbçilərinə strateji təlimat kimi ötürülür. Şuşanın sirrini yalnız biz bilirik, yaxud Şuşanın sirri Azərbaycanın sirridir. Bu mənada, Yunus Oğuzun romanını sirlərin yeni oxunuşu kimi də dəyərləndirmək mümkündür. Başqası bu sirri bilməz. Elə ona görə də bir vaxt Nəsrəddin cığırın sirrini Pənahəli xana təklikdə söyləmişdi və Nəsrəddin Murad Şuşanın qurtuluş yolunu - Cığırın sirrini Pənahəli xandan üzü bu yana 270 il qoruyub saxlamışdı. İndi isə o xilas yolunu 400 əsgər gedirdi...
Ordunu çətin yollarla irəli aparan təkcə düşünülmüş hərbi taktika deyil, həm də Şuşanın fitri cazibəsidir: "Elə bil Şuşanın sehri, tilsimi onların belinə kəmənd salıb yuxarı dartırdı. Onlar özlərindən asılı olmayaraq qayalara dırmaşır, heç kimin edə bilmədiklərini edirdilər. Hərdən adama elə gəlirdi ki, onlar dağlardan, göylərdən asılı vəziyyətdə qalıblar... Bəs onları belə çəkib aparan nə idi? Bəlkə də Şuşanın tək bir adı bəs idi ki, belə şövqlə yuxarı qalxsınlar".

"Cığır" romanında Azərbaycan əsgəri Şuşaya kölgə kimi daxil olur və bu kölgələr ədəbiyyatdakı ənənəvi kölgələrdən fərqlənir. Bizim romantik ədəbiyyatımızda "Olurmu kölgəsi nurun?" sualı yüz il bundan qabaq Hüseyn Cavid tərəfindən cavablandırılıb: əvət, nurun kölgəsi olur. Ana nurdursa, övlad da o nurun yer üzündəki kölgəsidir.

Digər tərəfdən, Azərbaycan əsgərinin kölgəsi yüz ildir ki, təsəvvürümüzdə kök salıb dərinlərə işləmiş erməni mifini darmadağın edir.

Nəsrəddin Murad da, Kölgə ordu da Yunus Oğuzun yazıçı kəşfidir.

"Cığır"ın ilk hissəsini yanvarın sonunda "Ədəbiyyat qəzeti"ndə dərc etmişdik. İndi isə roman bitib və biz onun son səhifələrini təqdim edirik. "Şuşanın işğaldan azad edilməsi" 270 illik bir zamanı ehtiva edən tarixin bir parçası olduğu kimi, eyni zamanda Şuşa tarixinin başlanğıcdan bu günə qədərki bədii salnaməsi olan "Cığır" romanının da bir hissəsidir...

Yuxarıda xatırlatdım. Şuşa zəfərimizə həsr olunmuş ilk romanı Yunus Oğuz yazdığı kimi, 2021-ci ilin avqustunda Şuşada ilk publisistik yazını da o, qələmə almışdı. Söhbət Şuşa barədə deyil, böyük zəfərdən sonra Şuşada yazılmış ilk publisistik yazıdan - Yunus Oğuzun "Mən Şuşada yazıram" məqaləsindən gedir. 2021-ci ilin 28 avqustunda Şuşada "Xarıbülbül" otelində gecədən keçmiş o mənə cığırdan danışırdı: "Roman yazacam və romanımın baş qəhrəmanı cığır olacaq" - deyirdi. Yunus o gün Şuşada olan hər birimiz kimi, Şuşa cazibəsinin eyforiyasındaydı. Amma ertəsi gün ən səmimi şəkildə və hamıdan fərqli olaraq, sevincini Ali Baş Komandanla da bölüşdü. Vaqifin məqbərəsinin yanında Prezidentə üz tutub, "Cənab Prezident, mən Şuşada yazıram" - dedi.

Yunus bu romanı Şuşada yazdı...
 
Azər Turan

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<