SON DƏQİQƏ

Lənət şeytana! - İmtina mədəniyyəti

Tarix:

19-08-2020, 17:20

/ 4 654 dəfə oxundu.
Lənət şeytana! - İmtina mədəniyyəti

və yaxud medianın gözdən saldığı ədəbiyyat və jurnalistika

İmtina mədəniyyəti tarixən böyük təkamül yolunu keçmiş xalqların vizit vərəqidir, ya da ki böyük keçmişi olan dövlətlərin vətəndaşlarının. Müasir Azərbaycanda imtina mədəniyyətinin milli-mental dəyər olmağından söhbət gedə bilməz, istisnalar isə əlbəttə ki, var! Çox ağır bir yazı olduğu üçün çalışıram əvvəli gülməli, ortası ağlamalı, axırı da göz yaşı içində gülüş olsun!
Deməli, belə:
Bir gün Ədalət Şükürov qaça-qaça gəlir ki, Habil müəllim, məni təbrik edin, bəs mənə əməkdar artist adı veriblər. Habil müəllim də beləsinə bir atmosfer təzyiqində təpki göstərməsə day niyə Habil müəllim olurdu ki? 

Cavab: "Ay Ədalət, onlar verdilər, verdilər, bəs sən niyə götürdün?"

Yəni sözümün canı o ki, bu musiqi sahəsində kimə nə verirlər, bunlarda imtina etmək yoxdu.

Mollalar və musiqiçilər veriləndən imtina eləməz, hərçənd artığını-ardını istəsələr də, aradan bir xeyli keçəndən sonra dilə gətirərlər. Fəqət daha bir m-lı təmsilçilər var ki, onlar da olsun məmurlar, onlarda da imtina mədəniyyəti yoxdu: onlar onlara verilən az olarsa, həmən də artığını-ardını istəyər, mollalar, manıslar kimi sonraya saxlamaz!

Buracan deməyim o ki, ən azı üç təbəqədən əlimizi üzdük imtina mədəniyyəti sarıdan - bu da eləsin xalqın əhəmiyyətli bir kəsimi.

Üstünə gələk... müəllimləri, onlara nə verirlər ki, nədən imtina etsinlər - ümumiyyətlə, müəllimlərdə imtina etmək yoxdu, bu ancaq yaxşı tərəfədi!! Məsələn, mən ən azından yüzlərlə olmasa da, onlarca müəllim tanıyıram ki, imkansız, valideynsiz uşaqlara havayı repetitorluq etməkdən imtina etmirlər.

Başqa bir m-lı səlahiyyətlilər müxbirlərdi ki, onlara həmən keçid edim. Adətən, müxbirlər, nəinki imtina edir, hər tür cəhdlərlə istəyirlər ki, qoparsınlar, sonetin atası Petrarkanın bütün əlli dörd sonetini əzbər bilirlər, hamısını da birnəfəsə deyib, sonda nəsə qoparırlar!

Burası dərd deyil - sənətkarı xalq dolandırar. Heç orası da, dərd olmasın ki, müxbirlərdə imtina mədəniyyəti yoxdu. Çün dərd orasıdı ki, müxbirlər nəinki imtina mədəniyyətini, hələ üstəlik həm jurnalistikanı, həm də ədəbiyyatı gözdən salmaqla məşğuldurlar haliyədə!

(Mötərizədə xüsusi vurğulayım ki, polisdi, həkimdi, canım sənə desin, bu yaxınlarda üzə çıxdığı kimi, həm də milli təhlükəsizlik yetkililəridi, bunlarda imtina mədəniyyəti nəinki yoxdu, bunlar həm də ya döyüb, ya da öldürüb alırlar. Və mən həm xəstə can yiyəsi, həm etnik biri, həm də keçmiş məhkum kimi, qələt edərəm bu sahənin təmsilçilərindən imtina mədəniyyəti istəyərəm, onlara irad tutaram. Tövbə, əstəğfürullah, əuzi billahir-minəş-şəytanir-rəcim! Məni xəstəliyimə, məhkumluğuma və etnikliyimə bağışlamalarını rica edirəm!)

Və... sözümə davam edib deyim ki, bu yazı da məhz buna görə yazılır!

2016-cı il tamına tam xəyanətlər, satqınlıqlar, satqınlar ili oldu! Həm ədəbiyyat üzrə, həm jurnaistika üzrə! Ağır ittihamdı, amma təvəqqe edirəm ki, heç kim evində belə hallar üçün saxladığı "soyuq və odlu silahla" - ana-bacı-qız söyüşü ilə topdan və pərakəndə şəkildə üstümə gəlməyə tələsməsin, çünki izah etməyə tutarlı faktlar var!
Çox da uzaqdan başlamayacam, amma bu irada haqlı olduğuma çox uzaqdan bir misalla başlayacam!
"Azərbaycan" qəzetinin redaksiyası. 1992-nin sonudumu, ya 1993-ün əvvəli. Hər halda 1993-ün fevralın 9-dan gec deyil. Milli Məclisin sədri İsa bəy Qəmbər, qəzetin baş redaktoru Mehman bəy Cavadoğlu, müavinlər Rusvat müəllim Bayramov, Rəşad bəy Məcid, şöbə redaktorları Şahvələd Çobanoğlu, Aydın Canıyev və başqaları. Söhbət zamanı jurnalistlərə pulsuz gediş haqqı, müəllimlərə hansısa güzəştlər müzakirə olundu. Hamı dəstək verir. Təkcə mən - BDU-nun tələbəsi (Şahvələd bəy də tələbəydi onda) durub etiraz edir jurnalistlərin gediş haqqından azad edilməsinə. İzah edirəm: az bir vaxtda ən müxtəlif peşə sahiblərinə kifayət qədər güzəştlər tətbiq olunur, ölkədə müharibə gedir, güzəşt hüququ olmayan təkcə fəhlələr olacaq belə getsə. Həm də əlavə edirəm: bu, jurnalistlərin gözdən salınmasına gətirib çıxaracaq sonda, alver predmetinə çevriləcək. Təbii ki, məni eşidən olmadı və Rusvat müəllim iclasdan sonra yaxınlaşdı ki, a kişi, bir özünsən, bir də boğazın, bu nə etirazdı. Bircə kəlmə dedim: Rusvat müəllim, mən tələbəyəm və həm də ehtiyacdan işləyirəm, qardaşım da tələbədi, nişanlım da, ata-anam da xəstədi, mənim səndən daha çox ehtiyacım var, sənin imkanların məndən dəfələrlə çoxdu, sadəcə imtina etməyi bacarmaq lazımdı, xalq çörək pulu tapmır, döyüş gedir!

Sonralar razılaşmadığım, amma həqiqətən də böyük redaktor, böyük demokrat, böyük insan Mehman Cavadoğlu ilə işləməkdən də imtina etdim. Yəni razılaşmadığım məqamlar varsa olduğum yerdə, mən ordan imtina edirəm!
Vaxt olub milyonerin qəzetində də baş redaktor olmuşam, ordan da imtina etmişəm - üç dəfə ərizə yazmışam, buraxmayıb, sonra qapı-pəncərəni sındırıb çıxmışam! Mən işçilərin maaşını yubadıb öz baş redaktorluğumdan ləzzət çəkənlərdən olmaqdan imtina etmişəm.
Eyni hərəkəti Lənkəran Dövlət Universitetinin elmi katibi olanda da etmişəm! Sadəcə, rektor məni tapmayıb işə çağırsın!
Yəni deməyim bu ki, yazdıqlarıma - iradlarıma etiraz cəsarətini yaddan çıxarın.

"Yeni Musavat"da "killerlik missiyası"

Birbaşa mətləbə keçək: Sevinc xon Telmanqızı götürüb Murad Köhnəqalanı qəsd edərək yazı yazır: Prezidentdən ev istəməyin, Prezidentdən hamıya ev almaq şəraiti yaratmağı istəyin. Murad Köhnəqalanın cavanlıqda yeyib-içməkləriylə birgə uşaqlıqdan anasından əmdiyi südü bir burnunun iki deşiyindən gətizdirib, mübarizəyə qoşulduğu illərdə yazdıqlarını başına qaxınc edib, itqusdu edib buraxdılar.
Bu xəyanət və satqınlıq idi - sözə, həmkara, insanlığa, humanizmə, islaholunmaya, cəmiyyətə nümunə göstərməyə, yanlışın, doğrunun etirafına!
Sevinc xon əgər doğrudan da o düşüncənin yiyəsiydisə, ona redaksiya məsləhəti deyildisə, doğrudan da hesab edirdisə ki, Murad Köhnəqala yazdıqlarından, yeyib-içdiklərindən yana nə ev haqq edir, nə də təqaüd, onda gərək ilk növbədə özü imtina mədəniyyəti sərgiləyəydi: Nazim Sabiroğluna ev veriləndə! Tələb edəydi, qaçqınlığına görə ev verirsinizsə, verməyin, torpaqlarını alın qaytarın!
Sevinc xon bunu etməyib!
Sevinc xon həm də Murad Köhnəqalanın əleyhinə etdiyindən daha birini etməyib ki, o da ibarət olsun bundan: necə ki, Rasim Qaracanı, Həmid Herisçini danışdırdı və digərlərini, eynən və eyzən Aynur Camalqızı deputat seçiləndə edəydi. Arxiv yazılarını bir daha və yenidən "Yeni Musavat"da paylaşaydı, silahdaşlarını danışdıraydı, imtina etdirə bilməsə də o mandatdan, bir burnunun iki deşiyindən qaytartdıraydı! Adama sual verərlər: Murad Aynurdan daha sərtmi yazmışdı? Murad Köhnəqala and içir ki, a bala, mənə heç nə vermirlər, sadəcə, Anarla görüşmüşəm, dərdimi demişəm, dayanmadılar ki, dayanmadılar! Bəs onda Aynur Camalqızının sağ, Nazim Sabiroğlunun sol yanağından niyə öpüb təbrik edirdin?

Sizə olar, siz alanda olar, sizdən sonra sizdən olmayanlara olmaz?

Və yaxud niyə nəzərə almırsınız ki, Murad Köhnəqala ədəbiyyat üçün, jurnalistika üçün nə edə bilərdisə edib, indi - 57 yaşında 5 ay 7 günlük körpənin atasıdı, keçir hər şeydən! Adam özündən keçir, mübarizəsindən keçir, sənə ki, mübarizənə ki, xalqına ki ziyan vurmur, çörəyinə bais olmur, öz səhvini etiraf edir! Bu xalqın bütöv bir kontingentinin illərlə fəxr etdiyi imzalara qarşı işlətdiyi təhqiramiz ifadələrin qarşılığında üzrünü malalayır. Nə vardı ki burda, süddən çıxmış ağ qaşıqlar?

İndi neynək ki, Murad Köhnəqala nə birinci dəfədə, nə də ikinci dəfə də biriləri kimi zirək tərpənib elə kişinin qızını almayıb ki, Bakıda bağı olsun, özünün də maşını və ərini ictimai qınaq nümayiş etdirməklə bağa apardığını sərgiləsin fb-də!
İndi neyləyək ki, Muradın elə qardaşı yoxdu ki, öz adına aldığı evi versin qardaşına, qardaşı da xanımıyla yaşasın!
İndi Şəlalə xanım neynəsin ki, onun qohumu Mətbuat Şurasında deyil, onu ən müxtəlif layihələrə cəlb etməklə ayda 700-1000 manat civarında qrant vəsaiti ilə təmin etsin, Murad da hər nömrədə o qohumu lağa qoysun!
İndi Şəlalə Göytürk neynəsin ki, onun Rauf Arifoğlu kimi baş redaktoru yoxdu ki, Şəlaləni gündəm müxbirinə çevirsin, dünyaya səfərə, ezamiyyətlərə göndərsin!
Yoxdu, Sevinc xon, yoxdu!
Və mən 5 ay 7 günlük Amurun atası 57 yaşlı Murad Köhnəqalaya hər şeyi bağışlayıram! Bilirsən niyə, Sevinc xon? Bildiyim qədərincə, filfakı qurtarıbsan, Nəriman Həsənzadə müəllimin olub. Yazdığımı ondan soruşa bilərsən!
Bir gün auditoriyada Nəriman müəllim üzü pəncərəyə qalıb, çox kövrək, üzgün halda deyir: mənim atam çox... pis adam olub (etika xatirinə olduğu kimi yazmıram)!
Və üzünü çevirib tələbələrinə: fikirləşirsiniz müəllimin başı gedib, hə? Yox, düz deyirəm, axı, 50 yaşlı atamın nəyinə lazım idi ki, 17 yaşlı anamı alsın, məni dünyaya gətirsin və bir il sonra ölsün! Mən çörəyə çatınca anam ömründən oldu. İndi hər şeyim var, anamın əziyyətinə qarşılıq heç nə edə bilmirəm!
Anlata bildimmi etdiklərinizin nəylə nəticələnəcəyini?
Əvvəl özünüz imtina edin, sonra başqaları üçün killerliyə başlayın!
Bu həm də "Yeni Musavat"ın on il ərzində ən istedadlı imzaları araya-ərsəyə gətirən AYO-nun zəhmətinin, xidmətlərinin, imzalarının nüfuzunun içinə nəcis yığmaq idi - gündəm xatirinə! "stəkanda fırtına".
Üç nəhəng imzanın heç birində müdriklik çatmadı... dəfn elədilər AYO-nu! 
Murad Köhnəqala ev almayacaq! Təqaüd də almayacaq - nə AYB-dən, nə də Prezidentdən. Amma mən sizə söz verirəm, Muradın evi də olacaq, pulu da! Ümid edirəm ki, Azərbaycandakı və yaxud da Rusiyadakı imkanlı tovuzlulardan kimsə tapılacaq ki, ona Amuru böyütməyə bir ev versin, o körpəni yayda təmiz havaya çıxarmağa bir bağ versin, problem olmasın deyə maşın verən də olar!
Murad Köhnəqala redaksiya qapılarına düşəcək qədər sıradan bir imza deyil!
Bu söhbətə gəlməmək də olardı. Əgər Zamin əkə - Zamin Vəzir Hacı da "killerlik missiyası"na qoşulmasaydı. Əksər hallarda Zamin əkənin xotini Sevinc xonun yazdıqlarına göz yumurlar, halbuki fürsətcillik edib, filoloji təhsilinə baxmayaraq, cümlə quruluşundan tutmuş problemin işıqlandırılmasına qədər Zamin əkə hamını lağa qoyduğu kimi, hətta lağa da qoymaq olar. Fəqət, heç bir Azərbaycan kişisi Zamin əkə kimi nə həmkarının xanımına, nə də özünün xotininə qarşı sərgilədiyi "ictimai tərbiyəsizliyi" nümayiş etdirməyi özünə rəva görmür!
FB-də sevgilisi ilə çatdakı hallı-mallı söhbətdən çıxarış edib yazdığı statusa Kəramət Böyükçölün hər hansı yazısından daha çox layk yığan Zamin əkə istedadı ilə futbol oynayan, hələ eksperimentlər dövrünü yaşayan, yaradıcılığına ümidlər böyük olan körpənin üstünə elə gedir, elə bil Füzulinin ermənidə qalan o biri 14 kəndini azad etməyə gedir! Ay əkə, sən e, sən, hansı haqla Kəramət Böyükçölə "Az.TV zəhmətkeşi" deyirsən? Niyə unudursan ki, Kəramət Böyükçöl sənin "qəhrəmanlığından" bəhrələnib?
Sən o Zamin əkə deyilsənmi əsgərliyə gedəndən sonra Az.TV-nin xanım müxbirinin mikrofonuna "səmimi etiraflar" edən, sonra da bunu ordu gündəliyində "(b)Az.TV-nin xanım müxbiri ilə məzələndim" deyə sevgilisi üçün şeşələnib yayımlayan?
Kim idi o qadın? Sənə dəstək durub, Kəramət gərək Zamin əkənin xotini Sevinc xonin adını çəkməyəydi yazanlar, səni Mirzə Cəlilə, Sabirə, daha nə bilim kimə tay tutub intellekt sayanlar bilirlərmi ki, ilk ictimai tərbiyəsizliyi həmin cümlələrlə həmkarının xanımına qarşı sən edibsən?
O qadın juranlistika fakültəsini qırmızı diplomla bitirmiş, nəşriyyat və televiziya işini gözəl bilən, mahir ədəbiyyatçı Ellada Umudlu, onu əri isə Azərbaycan müstəqillik dövrünün nəinki ilk satirik köşə yazarı, hətta satirik səhifənin banisi Məmməd Nazimoğluydu!
Hansınız tay gəlirsiniz - sənmi, sevgilinmi Məmmədə, Elladaya?
Sənmi əxlaqlısan, istedadlısan, intellektlisən, vətənpərvərsən, Məmməd Nazimoğlumu, Ellada Umudlumu? Sənin xotinin müsahibə verəndə deyir mən Zamin əkənin katibəsi deyiləm, amma Ellada  Umudlu rayonların birində icra başçısı, sonra da nazir müavini olan biri deyəndə ki, Xətaidə kişi yoxdu, vurub iki qabaq dişini sındırmışdı və dedirtmişdi: Məmməd Nazimoğlundan başqa!
 
Ellada Umudlu hər il, Az.TV-dən çıxan günə qədər, yəni lap bu yaxın illərəcən, Füzulinin 22 kəndini azad etmiş Fətulla Hüseynovu, Rövşən Cavadovu və adını indi xatırlamadığım cəbrayıllı balasını efirdə xalqa nümayiş etdirirdi! Füzulinin bir qarış torpağını ermənidən azad etmək üçün Qavroş kimi patron da daşımayıbsan döyüşən əsgərlərə, nədən və nəyə lağ edirsən!? 22 kəndi azad edən Rövşən Cavadov təxminən 22 ildi öldürülüb, müstəqil "Yeni Musavat" qəzetində 22 söz belə yazıb minnətdarlıq etməyibsən, amma həmin Ellada Umudlu həmin Az.TV-dən hər il "Səngər" verilişində o kadrları verirdi!
Sən indi nə üzlə Kəramət Böyükçölə "Az.TV zəhmətkeşi" deyib fanatlarının əliylə dəfn edirsən?
Məgər sən Kəramət yaşında olanda "Az.TV zəhmətkeşliyi"ndən imtina etmişdin ki, o da səndən bəhrələnəydi?
Ya sənin indi Kəramət Böyükçölə sərgilədiyin münasibəti sənə göstərmişdilər sən jurnalistikaya, ədəbiyyata gələndə? Özün yazmısan: "kalxoz" deyib girdiyin "narxoz"da qızlar sənə "potensial zavmaq" baxırdılar, sovet höküməti də çezdi getdi, o qızların arzusu qaldı ürəyində. Yenə də bəxtin gətirdi ki, oxuduğun iki cüt bir tək kitaba, ünvanını bəlli etməyə cəsarət etmədiyin yarımçıq bir-iki şeirə, əvvəli-sonu bilinməyən lağlağı və duyğu sümürüsünə görə, ədəbiyyatın patriarxlarından Ələkbər Salahzadə kimi nəhəng "Ulduz"da sənə də, təqdim etdiklərinə də meydan verdi, Pərviz Cəbrayıl "Ədəbi Azadlıq"da təqdim etdi və sənə rəhbərlik etimadı yaratdı!
Kəramət Böyükçöl nədə haqlı deyil ki?
Hansı imzanı sadalayım ki, heç bir yazın o müəlliflərin yazısından sərt olmayıb, vətənə və xalqa faydalı olmayıb?
İsrael Musayevdənmi, Elçin Səlcuqdanmı, Surxay Hüseynlidənmi, Pərviz Cəbrayıldanmı, Anar Niftəliyevdənmi, Şahvələd Çobanoğlundanmı, Məmməd Süleymanovdanmı, özümü demirəm, Qənimət Zahiddənmi, Bahəddin Həziyevdənmi sərt yazıbsan? Hidayət Elvüsaldan, Məmməd Nazimoğludanmı şirin dilin, satirik qələmin, dərin düşüncən, fərqli fikrin olub?

Əmin ol, Zamin əkə, jurnalistikada heç kəs səni qısqanmır, heç kimin sənə paxıllığı yoxdu, o qədər səndən ötələrini görüblər, amma hamı fikirləşir ki, sən niyə bu qədər... Doğru sözə isə cavab əvəzinə hırıldamaqla kifayətlənirsən. Ən son nümunən: Kəramət Böyükçölə qığ deyirsən! "Xalqın möhtəşəm yazarı, Mirzə Cəlil ruhlu, Sabir qələmli, Axundov dühalı" sayılan yazarı həmkarına qığ deyirsə, mən başa düşmürəm, bu xalq Astan Şahverdiyevdən niyə inciyir ki, "otxod" deyəndə?
Cəsarətin, müdrikliyin çatmadı ey "xalqın müdrik yazarı", üçcə abırlı cümlə Kəramətə yazıb "get o yanda oyna" deməyə?
Sən məlum adamsan, Zamin əkə, Kəramət Böyükçöl də həmçinin. Çünki heç birinizdə imtina mədəniyyəti yoxdu.
Kəramət Böyükçölün dədəsi, özü, hətta anası Tabəs xanım da Anarın özündən və Anarın hesabına bu hökümətdən pul alır, təqaüd alır və təqaüdü dədəsi də, özü də, dədəsinin təqdim etdiyi də alıb qurtarandan sonra yazır ki, prezident təqaüdü almaq istəyənlər AYB-nin koridorunda fırlanan aradüzəldənlərə müraciət edirlər və onlarla şərik olurlar. Adama deyərlər, a bala, bu aradüzəldənlər, sən, dədən, dədənin namizədləri, alıb çıxıb, qayıdıb girib bir də alıb çıxanlardan sonra baş verdi? Siz alanda obyektiv olur, sizdən sonra alanda araçılar tapılır?
Əgər siz alanda da elə idisə, onda etiraz edəydin, birinci dədən Qəşəm almayaydı, ikinci sən almayaydın, üçüncü də anan Tabəs xanım Anarın verdiyi yardımı götürməyəydi! Bu nə təfəkkür, bu nə əxlaq, bu nə mübarizə?
Dövlətin puludu? Onda Zamin əkəni, Zamin əkənin xotini Sevinc xoni və ümumilikdə "Yeni Müsavat"ı niyə hökümətdən pul almaqda ittiham edirsən ki? Guya sənin əməkdaşlıq etdiyin "Teleqraf"ın pulu hökümətdən gəlmir, ya da o birilərinin?
Bax, bunlar - söz, milli mental dəyərlər bir yana, ədəbi-bədii prinsiplərə, şəxsiyyət kriteriyalarına uyğun deyil, tapdalamaqdı - hər şeyi! Sözü də! Ədəbiyyatı da! Jurnalistikanı da!
Zamin əkə bekar olanda Anara replika atır - adama deyən də yoxdu ki, a bala, o şeirlərini 1995-ci ildə "Ulduz"a aparanda da orada sədr Anar idi də!
Sən təqaüd alırsan, gedirsən, məlum olur ki, AYB-də təqaüd alveri var imiş!
İndi biz neyləyək, gözləyək görək siz haçan yeyib içib ... batırıb gələcəksiniz və sonra bizə həqiqəti deyəcəksiniz?
Biz siz qədər də bilmirik?
Nə qədər sizə dözək?
Göstərin bir ədəbiyyat, bir media adamı bu dəqiqə xarici ölkələrdən sizin sərgilədiyiniz əxlaqı sərgiləsin və sizin kimi yazsın.
Nə peşəkarlığınız xarici jurnalistlərə çatır, nə də ədəbi yaradıcılıq səviyyəniz!
Bu xəyanətlərinizin sonu olacaqmı?
Bax, şəxsən mənə bu yazı lazım deyildi!
Amma yazdım ona görə ki, daş atmaq haqqını indiki halda özümdə gördüm - səbəbini də yazdım. Bu yazını yazmaq haqqını hətta adını nümunə çəkdiyim yazarların hamısında görmürəm, onlardan da bir-ikisi imtina mədəniyyəti sərgiləmədi!
İmtina etmək lazımdı - bir-birimizi kirə çıxarmaqdan. Məqsəd budursa, bu, çox rahatdı!
Bir yazımızla nazir əmri geri oxunub, bir ittihamımızla qəzet bağlanıb, bir döyüşümüzlə neçə-neçə məhbus azad olub.
Amma... tövbə qapısına getmək heç də gec deyil! Kəramət Böyükçölə ANS-də şeir deməyini, "Az.TV"-də Bakı sakini kimi çıxış etməyini qaxınc edəndə, o, heç nə itirməyəcək, gedib Almaniyada, Amerikada inglis dilində yazacaq, əvəzində Azərbaycan ona nifrət edən birisini qazanacaq.
İndiki halda bircə nəfərin də Azərbaycana nifrəti çox böyük təzyiqdir!
Vətəni sevmək, müxaliflik edib lağlağı və yaxud ən kəskin tənqidi yazını yazmaq heç də vətənə, xalqa xidmət deyil!
Gedin, dədəm talış Məmməddən demirəm ki, Atatürkdən oxuyun, onun 21 dövlətlə üz-üzə qalarkən heç cür ipə-sapa yatmayan müxbiri tənqiddən imtina etməyə hansı yola əl atdığını öyrənin!
Yazıya ürək ağrısı ilə son qoyuram və Mirzə Cəlili sevənlərin xətri xoş olsun deyə, onun həyatından bir faktla bitirirəm:
Mirzə Cəlilin bir Haykanuş adlı sevgilisi varmış, Həmidə xanım da həddən artıq qısqanc imiş. Amma heç cür yaxalaya bilmirmiş Cəlili. Vədə gəlir, Haykanuşu ərə verirlər. Həmidə xanımın çiçəyi çırtlayır və Mirzəyə deyir, vay halına, Haykanuş qız çıxmasa. O vaxt da dəb imiş, qız bakirə çıxardısa, tüfəngdən atəş açardılar. Mirzə həmən adam tapır öyrədir ki, toy bitəndən sonra tüfəngdən atəş açsın. Əlqərəz, Həmidə xanım toyun bitməyini gözləyir və inanır ki... tüfəngdən atəş açılmayacaq. Birdən atəşfəşanlıq Tiflisi götürür. Həmidə xanım qanıqara keçir otağına. Mirzə Cəlil isə bığaltı deyir: "İlahi, Haykanuş da qız çıxarmış!!!"
SON: Xalq üçün, xalqın özünü və nələrisə düzəltməyi üçün yazmaqdansa, ilk növbədə, özünüz düzəlin, Haykanuşdan, evdən, mandatdan, təqaüddən, yardımdan imtina edin, sonrasına baxarıq, uca millətimin mücahid sərbazları!
YAZIYA SÖZARDI: Mediada və sosial şəbəkədə ən böyük xəyanət xalqın milli-mental dəyərlərinə sərgilənir! Ana-bacı-qız söyüşünün biri bir qəpik.
Salam Sarvana və Şəhriyar del Geraniyə qarşı sərgilənən təpkinin qarşılığında bir sual məni düşündürür: görəsən, orada müxalif fikrə hərçi-bətər saxlamayanlar fərqində oldularmı, Azərbaycana qarşı, Azərbaycandakı xalqlara qarşı təbliğat aparan düşmən qüvvələr bundan necə yararlandılar?
Görəsən, talış olmağıma baxmayaraq, Boz Qurdçuluq və Turançılıq ideyasına xüsusi rəğbət bəslədiyim halda, içi mən də daxil olmaqla, nə qədər insan içindən qırıldı! Qırıldı ki, ay dadi-bidad, "kişi kişinin qadınının adını çəkməz" kimi müqəddəs prinsipləri olan nəhəng bir xalq nə qədər aşınıb? Məgər o boyda bozqurdçuların içində bir nəfər şair yox idimi Salam Sarvana elə bir bəndlik cavab yazaydı ki, Salam Sarvan dönüb bozqurdçu olaydı? Həqiqətən də BÖYÜK TÜRKLÜK SƏRGİLƏMƏK MƏQAMI deyil idimi?
O qədərmi çoxsunuz, dəstəyiniz o qədərmi böyükdü, içinizdən sizə dəstək ola bilənləri qırırsınız?
Şəhriyar del Gerani doğrudanmı bir məclisdə iştirakına görə vaxtsız vəfat etmiş anasına söyüşlərə tuş olmalıydı?
Markesdən danışırsınız, ən yaxın dostu Fidel Kastro idi. Maradonaya pərəstiş edirsiniz, Fidel onu narkomanlıqdan müalicə etdirirdi! Knut Hamsun Nobel almışdı, amma Hitlerə rəğbət bəsləyirdi!
Nizami Gəncəvi Sultandan dəstək alırdı!
Niyə dünya birrəngli görünür axı?
Astan Şahverdiyevin ailəsini söyməkdənsə, bütün cəbrayıllı seçiciləri səfərbər edib mandatdan məhrum etmək daha böyük qələbə olmazdımı?
Nə vaxtdan ana-bacı-qız söyüşü cavab əvəzimiz oldu, nə vaxtdan silah bildik?
Kərbəlayi İrana gedəndə hamilə gəlinini düşmən qapısında qoydu - o, bu xalqın ağsaqqalı, bəyi deyildi?
Niyə adamlar istənilən adamı anında ləkələməyə hazırdı, axı?
Oxudunuz bu yazını, gördünüz nə qədər adamı sıradan çıxarmaq olar!
Biz eləmi qüdrətli dövlətik, eləmi güclü xalqıq, bir-birimizi dəfn etmək növbəsi yetişib?
Məgər bütün həqiqətlər deyilməlidimi?
Məgər imtina mədəniyyəti olmamalıdımı?
Mən bu yazıyla nələrdən imtina etdim, onu da yaxın vaxtlarda yazacam.
Hələ bu yazıya görə məhrum ediləcəklərim bir yana qalsın!
Mənə nə olur olsun, təki siz özünüzü qoruyun: satqınlardan, satqınlıqlardan!
Sizi belə çox istəyən:
  
Aydın Canıyev

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ