Bu telefonları almayın — SİYAHI

Bu telefonları almayın — SİYAHI
Bu gün smartfon bazarında büdcə modellərindən tutmuş ən tələbkar oyunları işlədə bilən flaqman cihazlara qədər geniş seçim mövcuddur. Lakin “SlashGear” portalının ekspertləri 2026-cı ildə alınması məqsədəuyğun hesab edilməyən 13 smartfon modelinin siyahısını hazırlayıblar.

GunAz.az xəbər verir ki, mütəxəssislərin fikrincə, bəzi modellər zəif rəylər alıb, bəziləri proqram təminatı dəstəyini demək olar ki, itirib, digərləri isə texniki problemlər və ya çətin təmir olunması ilə seçilir.

“Samsung Galaxy S23 Ultra” və daha köhnə modellər

2023-cü ildə təqdim olunan “Samsung Galaxy S23 Ultra” hələ də güclü smartfon hesab olunur. Bununla belə, cihaz üçün “One UI 9.0” (“Android 17”) son böyük yeniləmə olacaq. Təhlükəsizlik yeniləmələrinin isə yalnız 2028-ci ilə qədər təqdim ediləcəyi gözlənilir.

Ekspertlər daha uzun müddət – təxminən 2031-ci ilədək yenilənəcək “Samsung Galaxy S24 Ultra” modelinə üstünlük verməyi tövsiyə edirlər. “S23 Ultra” yalnız 2028-ci ildən sonra istifadə etməyi planlaşdırmayanlar və ya xüsusi proqram təminatı quraşdırmağa hazır olanlar üçün məqsədəuyğun sayılır.

Köhnə qatlana bilən “Samsung” smartfonları

“Samsung Galaxy Z Fold 3”, “Galaxy Z Flip 3”, eləcə də “Fold 4”, “Flip 4”, “Fold 5” və “Flip 5” modelləri də siyahıya daxil edilib.

Mütəxəssislər bildirirlər ki, ilk modellər artıq proqram təminatı dəstəyini demək olar ki, başa vurub, daha yeni versiyalar isə yaxın bir neçə ildə yenilənməyəcək.

Bundan əlavə, qatlana bilən smartfonlarda hələ də qatlanma xəttində çatların yaranması, daxili ekran, qoruyucu plyonka və menteşə ilə bağlı problemlər müşahidə olunur.

“Samsung Galaxy S25 Edge”

Cəmi 5,8 millimetr qalınlığa malik “Galaxy S25 Edge” dizaynı ilə diqqət çəksə də, bunun üçün ciddi kompromislərə gedilib.

Əsas çatışmazlıq batareyanın zəif işləmə müddətidir. Smartfon həmçinin ayrıca telefoto kameradan məhrum edilib. Təxminən 1100 ABŞ dolları qiyməti də cihazın cəlbediciliyini azaldır.

Ekspertlərin fikrincə, ultra nazik smartfonlar yalnız yeni nəsil daha tutumlu batareyalar geniş yayıldıqdan sonra daha uğurlu seçim olacaq.

“iPhone Air”

Yeni “iPhone Air” də oxşar problemlərlə üzləşib. Titan korpusa və təxminən 5,6 millimetr qalınlığa baxmayaraq, cihaz kiçik batareya, sadələşdirilmiş kamera sistemi və soyutma problemləri ilə tənqid olunur.

Digər çatışmazlıq isə stereo sistem əvəzinə yalnız bir dinamikdən istifadə edilməsidir ki, bu da xüsusilə videolara üfüqi rejimdə baxarkən hiss olunur.

“iPhone X” və “iPhone 11”

Bu modellər gündəlik istifadə üçün hələ də yararlı olsa da, proqram təminatı dəstəyi başa çatmaq üzrədir.

“iPhone X” artıq “iOS 27” yeniləməsini almayacaq, “iPhone 11” üçün isə bu son böyük yeniləmə olacaq. Bundan sonra yeni funksiyalar, tətbiqlərlə uyğunluq və təhlükəsizlik baxımından problemlər yarana bilər.

İşlənmiş “iPhone” almaq istəyənlərə ən azı “iPhone 12” modelindən başlamaq tövsiyə olunur.

“iPhone 16”

“iPhone 16” yeni model olsa da, ekspertlər ya “iPhone 17”yə üstünlük verməyi, ya da növbəti nəsli gözləməyi məsləhət görürlər.

Buna səbəb “iPhone 17”nin ilk dəfə baza modelində 120 Hz yenilənmə tezliyinə malik ekran, daha böyük batareya, təkmilləşdirilmiş ön kamera, daha möhkəm qoruyucu şüşə və yeni enerji səmərəli modemlə təchiz olunmasıdır.

Bundan əlavə, yayılan məlumatlara görə, “iPhone 18” 12 GB operativ yaddaş əldə edə bilər və “Apple Intelligence” funksiyalarının tam versiyası yalnız bu həcmdə operativ yaddaşa malik modellərdə işləyəcək.

“Moto G (2025)”

Büdcə seqmentinə aid “Moto G (2025)” zəif prosessoru və HD+ ekranı səbəbindən tənqid olunur. Cihaz üçün proqram təminatı dəstəyi 2027-ci ilin sonunda başa çatacaq.

Ekspertlər hesab edirlər ki, cüzi əlavə məbləğ ödəməklə daha güclü xüsusiyyətlərə və uzunmüddətli dəstəyə malik smartfon almaq mümkündür.

“Google Pixel 10”

Son illər “Pixel” seriyası proqram təminatı problemləri ilə tez-tez gündəmə gəlir.

Məsələn, 2026-cı ilin aprel yeniləməsindən sonra istifadəçilər batareyanın sürətlə boşalması, simsiz bağlantı problemləri və kamera nasazlıqları barədə kütləvi şəkildə şikayət ediblər.

Bundan başqa, yeni nəsil modelin təqdimatı yaxınlaşdığı üçün bir çox istifadəçiyə “Pixel 11”i gözləmək tövsiyə olunur.

“Google Pixel 6”

“Google” artıq “Pixel 6” üçün proqram təminatı dəstəyini başa çatdırıb. Smartfon yeni funksiyalar və aylıq təhlükəsizlik yeniləmələri almayacaq.

Alternativ olaraq “LineageOS” quraşdırmaq mümkün olsa da, bu zaman “Google”un süni intellekt imkanları da daxil olmaqla bəzi xüsusi funksiyalar itiriləcək.

“Google Pixel 10 Pro Fold”

Qatlana bilən bu model də tövsiyə edilmir.

Mütəxəssislər onun kövrək daxili ekran, toza həssas menteşə və qiymət-imkan nisbətinə görə rəqiblərindən geri qaldığını bildirirlər.

Bundan başqa, “JerryRigEverything” kanalının möhkəmlik testində smartfon əks istiqamətdə bükülərkən qırılıb və batareyası alovlanıb.

“OnePlus” smartfonları

Ekspertlər bütün “OnePlus” modellərinə ehtiyatla yanaşmağı məsləhət görürlər.

Səbəb cihazların keyfiyyəti deyil, şirkətin Qərb bazarından çıxmaq qərarı və istifadəçilərin “OxygenOS” sistemindən “Oppo”nun “ColorOS” platformasına keçirilməsidir.

Onların fikrincə, gələcəkdə Asiyadan kənar istifadəçilər üçün təhlükəsizlik yeniləmələrinin sayı azala bilər.

“Trump Phone”

499 ABŞ dolları qiymətinə təqdim olunan “Trump Phone”un əslində “HTC U24 Pro” modelinin yenidən markalanmış versiyası olduğu iddia edilir.

İcmal müəllifləri hesab edirlər ki, eyni qiymətə bazarda daha uğurlu alternativlər mövcuddur.

“Nothing Phone (3)”

Siyahını “Nothing Phone (3)” tamamlayır.

Ekspertlər cihazı tamamilə uğursuz hesab etməsələr də, qiymət və imkanlar baxımından şirkətin ən zəif modellərindən biri adlandırırlar.

Əsas problem təmir olunmasının son dərəcə çətin olmasıdır. “iFixit” bu modelə 10 mümkün baldan cəmi 3 bal verib və onu “təmir üçün əsl kabus” adlandırıb. Daxili hissələrə çatmaq üçün çoxsaylı qoruyucu lövhələrin sökülməsi, gizli vintlərin açılması və bir neçə daxili qatın demontajı tələb olunur.

Ekspertlər ziddiyyətli rəyləri və təmir çətinliyini nəzərə alaraq növbəti nəsil “Nothing Phone” modelini gözləməyi məsləhət görürlər.

скачать dle 12.1
Geri qayıt