Xırdalanda qadın evə gec gəldiyinə görə döyüldü
Xırdalanda gecə saatlarında evə gələn qadın həyat yoldaşının gözlənilməz qəzəbi ilə qarşılaşıb. Hadisə ailə daxilində yaranan qısqanclıq zəminində baş verib.
GunAz.az xəbər verir ki, hadisə Abşeron rayonunda qeydə alınıb. Tovuz rayon sakini, 33 yaşlı Tahir gecə yarısı evə qayıdan arvadı Mənzərə irad bildirib. Qadının verdiyi cavabdan hiddətlənən ər ailə daxili mübahisə zamanı onun üzərinə hücum çəkib. O, yumruq zərbəsi ilə həyat yoldaşının göz nahiyəsinə xəsarət yetirib. Zərərçəkən qadın aldığı ağır zərbədən sonra xəstəxanaya müraciət etməli olub.
Hadisədən sonra Tahirə qarşı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa yüngül zərər vurma maddəsi ilə ittiham irəli sürülüb.
Abşeron Rayon Məhkəməsində baxılan iş zamanı tərəflərin artıq barışdığı məlum olub. Arvadı ərinə qarşı olan şikayətini geri götürdüyünü bəyan edib. Məhkəmə bu barışığı əsas götürərək cinayət işi üzrə icraata xitam verilib və ər cinayət məsuliyyətindən azad edilib.
