Bakının ən böyük zavodlarından biri bağlanır
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu bu ilin oktyabr ayında təmirə dayandırılacaq.
Report xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) emal üzrə vitse-prezidenti David Məmmədov jurnalistlərə bildirib.
"İllik planlaşdırılmış təmir işləri Neft Emalı Zavodu ilə yanaşı, "Azərikimya" İstehsalat Birliyinin Etilen-Polietilen Zavodunda da həyata keçiriləcək. Neft Emalı Zavodunda istehsal 1 ay müddətində dayandırılacaq",- D.Məmmədov qeyd edib.
Zavodda istehsal olunan və ölkədaxili tələbata yönəldilən Aİ 92 markalı benzinin təmir müddətində idxalına gəlincə isə SOCAR rəsmisi idxalın tələbatdan asılı olacağını qeyd edib.
Bundan başqa, o bildirib ki, bu ilin I rübündə ölkədə avtomobil benzininə tələbat 3% artıb.
Vitse-prezident bu il zavodda 6,1 mln.ton neft emalının planlaşdırıldığını,ötən il isə bu göstəricinin 6,140 mln. ton olduğunu əlavə edib.