SON DƏQİQƏ

Omikron ştammının əsas əlaməti hansılardır?

Tarix:14-01-2022, 13:39 Oxunub:1 703

Koronavirus infeksiyasının Omikron variantı ilə yoluxma üçün inkubasiya dövrü sələfləri ilə müqayisədə nəzərəçarpacaq dərəcədə qısadır (əsasən, 1-3 gün). Həmçinin yeni ştamm yüksək yoluxucudur.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, bir sıra ölkələrdə Omikronun Delta ştammını sıxışdıraraq, qısa müddət ərzində dominant ştamma çevrildiyi müşahidə olunur:

"Sürətlə yayılan Omikron ştammı əksər hallarda daha yüngül keçir, əvvəlki ştamlarla müqayisədə ağır pnevmoniyanın inkişafına daha az rast gəlinir, proses əsasən yuxarı tənəffüs yollarında yerləşir. Omikron variantında yoluxduruculuq, yəni aşkar edilməsi dövrü daha qısadır. Buna əsasən, karantin dövrü bəzi olkələrdə xəstəliyin formasından asılı olaraq 5-7-9 günədək qısaldılıb".

Mütəxəssis qeyd edib ki, başqa mutasiyalardan fərqli olaraq, sağalma əksər hallarda daha tez baş verir:

 

"Omikron və təkrar xəstələnmə hallarından mövcud immuniteti (xəstələnmə və ya vaksinasiya nəticəsində əldə edilmiş) güclü olan şəxslər daha çox yayına bilir. Həmçinin tam vaksin olunmuşların xəstələnməsi hallarına daha az rast gəlinir (qorunmaq səviyyəsinin artırılması üçün buster doza tələb olunur). COVİD-19-un bir variantı olduğu üçün ənənəvi PZR burun-udlaq yaxma testləri virusu aşkar edir. Lakin aşkarlanmış koronavirusun Omikron ştammı olması daha mürəkkəb və bahalı olan sekvenləşmə metodu ilə müəyyən olunur”.

İnfeksionist Omikron ştammının spesifik simptomlarını da açıqlayıb:

"Yeni ştammın spesifik simptomları yoxdur. Xəstəlik daha çox digər respirator virus infeksiyalarını xatırladır (əsasən subfebril hərarət, ümumi zəiflik, əzginlik, baş ağrısı, əzələ ağrıları, bədəndə qırılmalar, boğazda qaşınma və ya ağrı hissi, quru öskürək, burun axması və ya tıxanması, bəzən mədə-bağırsaq əlamətləri -ürəkbulanma, qusma və s). Dad və iybilmənin itirilməsinə daha az rast gəlinir. İndi Omikron və Delta olan xəstələri ayırd etmək klinik cəhətdən demək olar ki, mümkün deyil".

"Yayılan yeni ştammdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra gücləndirici (buster) doza ilə peyvəndlənmək vacibdir. Qorunmaq yolları isə eynidir: maska geymək, insanların sıx toplaşdığı məkanlara getməmək, məsafə gözləmək, əl və respirator gigiyena qaydalarına ciddi əməl etmək. Hər bir şəxs məsuliyyətli olmalıdır; bu əlamətləri hiss etdikdə ilk növbədə özünü təcrid etməli, təmaslarını azaltmalı, sonra həkimə müraciət etməlidir. Valideynlər uşaqlarına qarşı diqqətli olmalı, onlarda xəstəliyin əlamətlərinin olmasını vaxtında aşkarlamalıdır. Xəstə uşağı evdə təcrid edərək bağçaya və ya məktəbə buraxmamalıdır. Eyni zamanda, vətəndaşlar vaksinasiyada aktiv iştirak etməli və buster dozanı göstərişə uyğun almalıdır", - nazirlik rəsmisi yeni ştamlardan qorunma üsullarından danışarkən deyib.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<