SON DƏQİQƏ
» » Ata şəhid olsam qurban kəsərsən deyən şəhidimizin həyat hekayəsi

Ata şəhid olsam qurban kəsərsən deyən şəhidimizin həyat hekayəsi

Tarix:

28-09-2021, 16:03

/ 4 165 dəfə oxundu.
Ata şəhid olsam qurban kəsərsən deyən şəhidimizin həyat hekayəsi

O, 44 günlük müharibənin cəmi üç gününə şahidlik etdi. Sentyabrın 29-dan 30-a keçən gecə Murovdağ yüksəkliyindəki zirvələrdən birinə bayraq sancarkən şəhid oldu. Haqqında danışacağım Vətən oğullardan biri də Qurban Qəzənfərlidir. Vətənpərvər bir ailənin uşağı idi Qurban. Şəxsən tanıyırdım, zəhmətkeş bir ailədə böyümüşdü. Özü də zəhmətkeş idi. Ölümündən sonra ölkə başçısının sərəncamı ilə "Vətən uğrunda”, "İgidliyə görə” və "Kəlbəcərin azad edilməsinə görə” medalları ilə təltif edildi.

Qurban 1997-ci ilin qarlı qış günlərinin birində - 15 yanvarda Şəmkirin Ağlavaşlı kəndində dünyaya göz açmışdı. 2020-ci ilin 30 sentyabrında Kəlbəcər torpağında şəhidlik zirvəsinə ucaldı.

Şəhid Qurban Qəzənfərlinin həyat hekayəsini Publika.az-ın obyektivindən oxumaq istəyirsinizsə, buyurun:

Anası Ruxsarə Qəzənfərova söyləyir ki, Qurban çox qoçaq, dağı dağ üstə qoyan uşaq idi:

"Üçüncü sinifdə oxuyanda atasına dedi ki, idmanla məşğul olmaq istəyir. Atası da bunu aparıb Gəncə idman məktəbinə qoydu. Neçə il kikboksla məşğul oldu. Sonra boks məktəbinə yazıldı. Boksla məşğul olmağa başladı. Dəfələrlə Bakı, Şəki, Qəbələ və digər rayonlardakı idman yarışlarına qatılıb. Ölkə və region birinciliklərindən nailiyyətlərlə qayıdıb. Neçə-neçə kubokları var. 27 dəfə fəxri diplomla mükafatlandırılıb”.

Məktəbin direktoru Maarifə Qasımova da şəhid Qurban Qəzənfərli haqqında fəxrlə danışır. Bildirir ki, Qurban həddindən artıq saf uşaq olub:

"Bir dəfə yolla gedirdik. Qurban da yanımızda idi. Birdən əli ilə yaxınlıqdakı evi işarə elədi. Həmin evdə də beş qız uşağı böyüyürdü. Qardaşları yox idi. Qurban onların işlədiyini görəndə qanı qaraldı. Bildirdi ki, o evdə kişi yoxdur. Qızlara yaxınlaşdı ki, niyə məni çağırmırsınız arxınızı çəkim, bağınızı sulamaq lazımdırsa, sulayım. Bir dəfə də görmüşdü ki, qızlar məhlədə "yeşik” daşıyır. Qurban tez çəpərdən atlanıb onlara kömək eləmişdi. Qurban həmin ailəyə 3 il xurma yığımında kömək etmişdi. Təmənnasız, pulsuz... Demişdi ki, siz işləməyin, siz qız uşağısınız, qardaşınız yoxdur, mən sizin qardaşınızam. Çox təmiz, pak uşaq idi”.

Qurbanın 11 il təhsil aldığı Ağlavaşlı kənd tam orta məktəbinin direktoru onu da vurğulayır ki, çox səmimi və istiqanlı uşaq idi Qurban:

"Bir az çılğınlığı vardı. Həm də çox ədalətli və düzgün uşaq idi. Fikir söyləyəndə həmişə düzünü deyərdi, başqa uşaqlar kimi deyildi”.

Şəhidin atası Qinyaz Qəzənfərov oğlunun uşaqlığından söz açır. Deyir ki, indi bütün Azərbaycanın fəxri olan oğlu elə məktəbli vaxtlarından zəhmətkeş idi:

"Biz maldarlıqla məşğuluq. Camışlarımız var idi. Bir dəfə dedim ki, Qurban, birdən dostlarının, yoldaşlarının, tay-tuşlarının yanında pis olarsan, çünki camış otarırsan. Qayıtdı ki, ata, sən nə danışırsan, bu, bizim işimizdir. Mən heç vaxt utanmaram. Doğrudan da elə idi. Bizdə, ailədə hamı elədi. Məktəbi qurtaranda, daha doğrusu Son zəng günü idi. Məktəbdə yığıncaq var idi. Sahədə ot biçmişdik. Onu yığmaq lazım idi. Özüm Qurbana demədim. Gedib son zəngdə iştirak elədi. Heç 15 dəqiqə keçməmişdi ki, bir də gördüm Qurban sahəyə gəldi. Heç eyninə də almadı ki, məktəbin son günüdür, sinif yoldaşları orada əylənirdi, amma Qurban mənə köməyə gəlmişdi. Dedi ki, Son zəngdə iştirak etməyə də bilərəm, amma sənə kömək etməliyəm”.

Atasının sözlərinə görə, Qurban hələ uşaqlıqdan müharibə başlayarsa, könüllü olaraq döyüşməyə gedəcəyini söyləyirmiş:

"Bir dəfə Qurbanın kiçik qardaşı dedi ki, sən niyə Birinci Qarabağ savaşında iştirak etməmisən. Başqalarının ataları iştirak edib, amma sən yox. Mənə deyirdi. Qurban isə söyləyirdi ki, mən gedib iştirak edəcəyəm. Qarabağı özüm alacağam – deyirdi. Deyirdi ki, torpaqlarımızı ermənilərdən almaq lazımdır. Torpaqlarımızı alaq ki, daha yaxşı yaşayaq. Bir dəfə anasına dedi ki, torpağı mən qorumayım, başqası qorumasın, bəs kim qorusun?! Həftənin bazar günləri evə gəlirdi. Elə əhval-ruhiyyə ilə gəlirdi ki, onu görəndə elə bilirdim ki, Qarabağ tezliklə azad ediləcək. Elə də oldu... Bir şeyi başa düşürəm ki, əgər Ermənistanda bilsəydilər ki, Qurban kimi oğullara qarşı döyüşəcəklər, heç müharibə aparmazdılar. Bircə ona təəssüflənirəm ki, Şuşanın azad edildiyini görmədi. Şuşaya bayraq sancarkən şəhid olsaydı, onu musiqi ilə dəfn edərdim, toy-bayram keçirərdim”.

Şəhidimizin atası deyir ki, Qurban Qəzənfərli müharibənin ilk saatlarında atasına zəng edir və şəhid olsa, qurban kəsməyini bildirir:

"Qapımızda beş inək var idi. Zəng edib dedim ki, oğul, sağ salamat və qələbə ilə qayıtsan, qapımdakı beş heyvandan üçünü sənə qurban kəsəcəyəm. Qayıtdı ki, şəhid olsam, kəsməyəcəksən?! Bir anlıq susdum. Dedim ki, ona sən icazə verə bilərsən. Söylədi ki, şəhid olsam, digər əsgər yoldaşlarımızın qələbəsi naminə sən də qurban kəsməlisən. Bu hadisəni anası da bilirdi, kənddə də hər kəsin bundan xəbəri var idi. Qələbə xəbərini gecə eşitdim. Zəng edib xəbər verdilər. Bəlkə də ən çox mən sevindim. Dua elədim ki, Allah, sənə çox şükür, bundan sonra anaların gözü yaşlı olmayacaq, atalar ağlamayacaq. Səhəri gün Qurbana söz verdiyim qurbanı, dananı kəndin mərkəzində kəsdim. Biz qələbəni şadyanalıqla qeyd etdik. Camaatın qələbə sevincinə ürəkdən sevinirdim. Əgər o cür qeyd etməsəydik, bəlkə də ən çox şəhid ailələri məyus olardı...”

Ruxsarə Qəzənfərova Qurbanın ailəcanlı uşaq olduğuna da diqqət çəkir: "Qurban çox işləyirdi. Deyirdim ay Qurban, elə bil beş-altı uşaqlı ailəyə baxırsan, bu qədər işləmə, cavan uşaqsan. Deyirdim ki, heç ailəli olanlar sənin qədər işləmir. Özünü əziyyətə vermir. Qayıdırdı ki, ay ana, bəs nə edək. Söyləyirdi ki, uşaqlıqda siz məni böyütdünüz, indi də mənim borcum sizə kömək etməkdir”.

Anasının sözlərinə görə, Tovuz hadisələri baş verəndə Qurban rahatlıq tapa bilmirdi:

"Dedi ki, gedib könüllü müharibəyə yazılacağam. Müharibəyə gedəcəyəm. Müharibə başlayanda Murovdağ yüksəkliyində idi. Orada olanda zəng vurub dedi, mən Mübariz İbrahimovdan, Polad Həşimovdan artıq oğulam ki, uzaqbaşı şəhid olacağam. Oradakı uşaqlara deyirmiş ki, siz qayıdın, sizin balalarınız var, tapşırığı yerinə yetirməyə sizin yerinizə mən gedərəm, mən subayam, bircə canımdır, sizin ailəniz, uşaqlarınız gözləyir. Deyirdi ki, bir nəfəri də irəli getməyə qoymuram, onların yerinə özüm gedirəm... Ən böyük arzusu torpaqlarımızın alınması idi. Noyabrın 10-da qələbə günü atası bir erkək dananı qurban kəsdi. Çox şükür ki, qələbə qazandıq. Şəhidlərimizin qanı yerdə qalmadı”.

Maarifə Qasımova da bu faktı təsdiqləyir: "Qinyaz kişi həmin qurbanı kəsdikdən sonra əsgər ailələrinə, imkansızlara payladı”.

İndi Qurban təkcə ailəsinin, doğulub boya-başa çatdığı Ağlavaşlı kəndinin deyil, bütün Azərbaycanın fəxridir. Qurban Qəzənfərli indi bayraq sancdığı Murovdağdakı yüksəkliklərdən də ucada dayanır...

Tural Turan

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ