Avropa Liqasının qalibi bəlli oldu
UEFA Avropa Liqasında 2021/2022 mövsümünün qalibi bəlli olub.
Turnirin final matçında Şotlandiya "Reyncers"ini məğlub edən Almaniya "Ayntraxt"ı titula sahib çıxıb.
İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" stadionunda oynanılan qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. İlk qolu 57-ci dəqiqədə Qlazqo təmsilçisi vurub. Rəqib müdafiəçinin səhvindən yararlanan Co Aribo komandasını önə keçirib. Lakin "Reyncers"in üstünlüyü çox çəkməyib. 69-cu dəqiqədə Rafael Borre tarazlığı bərpa edib.
Əlavə vaxtda hesab dəyişmədiyindən qalibi müəyyənləşdirmək üçün penalti zərbələrindən istifadə olunub. Burada daha dəqiq oynayan "Ayntraxt" (5-4) Avropa Liqasının qalibi olub.