"Qarabağ" səfərdə qalib gəldi

Martın 12-də futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun növbəti görüşü keçirilib.
GunAz.az xəbər verir ki, "Bank Respublika Arena"da "Sabah" və "Qarabağ" komandaları üz-üzə gəlib. Baş hakim Fərid Hacıyevin idarə etdiyi görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə topu 30-cu dəqiqədə Abdullah Zubir vurub.
Bundan 4 dəqiqə əvvəl isə "Qarabağ"ın cinah oyunçusu Total Bayramov zədələnərək, meydanı tərk edib. Onu daha bir gənc futbolçu Elvin Cəfərquliyev əvəzləyib.
Matçın 60-cı dəqiqəsində isə "Sabah"ın mərkəz müdafiəçisi Bəxtiyar Həsənalızadə sinəsində ağrılar hiss edərək, meydanı tərk etməli olub. O, yerini Slavuk Alxasova verib.
İkinci hissədə ən real qol vəziyyəti 81-ci dəqiqədə yaranıb. Qonaqların legioneri Kadi Borgesin yerinə yetirdiyi cərimə zərbəsindən sonra top dirəyə dəyib.
Bu qələbə sayəsində xalını 43-ə çatdıran "Qarabağ" liderliyini möhkəmləndirib. Ağdam komandasının ehtiyatda bir oyunu da var. "Sabah" isə 23 xalla 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun açılış oyununda "Keşlə" səfərdə "Səbail"i 3:0 hesabı ilə yenib. Tura martın 13-də keçiriləcək "Qəbələ" - "Zirə" və "Neftçi" - "Sumqayıt" oyunları ilə yekun vurulacaq.