Bu gün Azərbaycan ilk qızıl medalını qazana bilər - Tokio-2020
Tokio-2020-nin 15-ci günündə Azərbaycan ilk qızıl medalını qazana bilər.
Avromedia.az xəbər verir ki, bunun üçün sərbəst güləşçimiz Hacı Əliyev finalda yaponiyalı Takuto Otoquronu məğlub etməlidir.
Final görüşü Bakı vaxtı ilə saat 14:50-yə təyin edilib.
Bundan başqa, bədii gimnastika üzrə qrup komandamız finala vəsiqə, fərdi növlərdəki dörd idmançımız isə medallar uğrunda mübarizə aparacaq.
Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Nərminə Səmədova və Darya Sorokinadan ibarət bədii gimnastika üzrə komandamız bu gün qrup yarışlarının təsnifat mərhələsində iştirak edəcək. Təsnifatın ilk etapı Bakı vaxtı ilə saat 05:00-də, ikinci etapı isə 06:30-da start götürəcək. İlk "səkkizliy”ə düşməyi bacaran komandalar finala vəsiqə qazanacaqlar.
Qadın karateçimiz İrina Zaretska (+61 kq) kumitedə qızıl medala iddialıdır. 25 yaşlı idmançı A qrupunda yarışacaq. Zaretskanın görüşlərinin qrafiki aşağıdakı kimidir:
A qrupu
09:28. İrina Zaretska (Azərbaycan) - Ayumi Uekusa (Yaponiya)
10:03. İrina Zaretska (Azərbaycan) - Silviya Semeraro (İtaliya)
10:24. İrina Zaretska (Azərbaycan) - Sofya Berultseva (Qazaxıstan)
10:59. İrina Zaretska (Azərbaycan) - Meltem Hocaoğlu (Türkiyə)
Qruplarını ilk iki sırada bitirməyi bacaran karateçilər yarımfinala vəsiqə qazanmaqla yanaşı, minimum bürünc medalı özlərinə təmin edəcəklər.
97 kq çəki dərəcəsində sərbəst güləşçimiz Şərif Şərifov isə Bakı vaxtı ilə saat 13:45-də ilk təsəlliverici görüşünü keçirəcək. Onun rəqibi Elizbar Odikadze (Gürcüstan) olacaq. Şərif 1/8 finalda Abdulrəşid Sadulayeva (Rusiya Olimpiya Komitəsi) uduzmuşdu. Sadulayev finala kimi irəlilədiyindən, Şərifovun bürünc mükafatçı olmaq şansı yaranıb.
Bürünc medal ümidlərimizdən biri də qadın güləşçimiz Mariya Stadnikdir. Onun rəqibi Tsoqt-Oçirın Namuuntsetseq (Monqolustan) - Lusiya Yamilet Yepes Qusman (Ekvador) qarşılaşmasının qalibi olacaq. Mariyanın görüşü Bakı vaxtı ilə saat 15:55-ə planlaşdırılıb.