Rusiyada dəhşətli yanğın: Şoyqu təfərrüatı açıqladı
Rusiyanın Müdafiə naziri, ordu generalı Sergey Şoyqu Barens dənizində Hərbi Dəniz Donanmasına aid sualtı qayıqda baş vermiş yanğının bəzi təfərrüatını açıqlayıb.
APA-nın xəbərinə görə, hadisəni araşdırmaq üçün Severomorsk şəhərinə gedən rusiyalı nazir orada iclas keçirib.
O, hərbçilərin qəhrəmanlıq göstərdiyini, ilk növbədə sualtı qayıqda olan mülki nümayəndəni təxliyə etdiklərini bildirib: “Onlar yanğının ocağını söndürərək öz yoldaşlarını və dərin sualtı aparatı xilas ediblər”.
Rusiyalı nazir həlak olanlardan 7 nəfərinin I dərəcəli kapitan, 3 nəfərinin II dərəcəli kapitan, 2 nəfərinin isə Rusiya Qəhrəmanı olduğunu vurğulayıb.
S.Şoyqu qeyd edib ki, həyatını itirən zabitlər dövlət mükafatlarına təqdim olunacaqlar.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi iyulun 1-də Barens dənizində Hərbi Dəniz Donanmasına aid sualtı qayıqda baş vermiş yanğın nəticəsində 14 nəfərin həlak olduğu haqqında məlumat yayıb.