Azərbaycandakı yarışda 11 idmançı turnirdən kənarlaşdırılıb

Azərbaycandakı yarışda 11 idmançı turnirdən kənarlaşdırılıb

Paytaxtımızda 13-14 may tarixlərində keçirilən Qran-Pri yarışından kəsilmiş idmançıların sayı bilinib. 

Milli Paralimpiya Komitəsindən GunAz.az-a verilən məlumata görə, yarışda iştirak etmək üçün 35 ölkədən 223 idmançı Azərbaycana gəlib. 

Onlardan 11 nəfəri beynəlxalq tibbi təsnifatdan kəsildikləri üçün yarışdan kənarlaşdırılıb. Kəsilənlər arasında millimizin iki üzvü də olub. Bunlar Murad Əliyev (-60 kq) və Zaməddin Poladovdur (-73 kq).

Beləliklə, 212 nəfər yarışda öz gücünü sınayıb. Onlardan 150 nəfəri kişi, 62 nəfəri isə qadın olub.

İdmançılardan əlavə yarışlarla əlaqədar Bakıya gələn şəxslərin sayı 143 nəfər olub. Onlardan 18-i beynəlxalq dərəcəli hakim, altısı beynəlxalq tibbi təsnifatı həyata keçirən həkim, yeddi nəfər texniki heyət, 112 nəfər isə idmançılara xidmət göstərən heyət olub.

Yarışlarda İtaliya Görmə Məhdudiyyətli İdmançıların Paralimpiya İdman Federasiyası nümayəndə heyəti prezident və vitse-prezidentlər səviyyəsində təmsil olunub.

Beləliklə, yarışla əlaqədar paytaxtımıza gələn qonaqların sayı ümumilikdə 400 nəfərə yaxın olub.

İdmançılar 13 dəst – 52 ədəd medal uğrunda mübarizə aparıb. 35 ölkədən yalnız 20 ölkə vətənə medalla dönə bilib.

Azərbaycan paralimpiyaçıları üç qızıl, dörd gümüş və dörd bürünc medal qazanıblar. Bununla millimiz 11 medal sayına görə birinci, Özbəkistan səkkiz medalla ikinci, Rusiya isə beş medalla üçüncü yerə çıxıb.

Medalların əyarına görə isə Özbəkistan birinci (dörd qızıl), Azərbaycan ikinci (üç qızıl), Ukrayna isə üçüncü (bir qızıl) yerdə qərarlaşıb.

скачать dle 12.1
Geri qayıt