İran FIFA-ya xəbərdarlıq ETDİ
2026-cı il dünya çempionatının qrup mərhələsində qarşılaşacaq İran və Misir millilərinin oyunçuları matç zamanı LGBT simvolları ilə aksiya keçiriləcəyi təqdirdə meydanı tərk edəcəklər.
GunAz.az xəbər verir ki, bu barədə jurnalist Mikki Cunior məlumat yayıb.
İranın idman naziri Əhməd Dünyamali bildirib ki, ölkəsinin mövqeyi əvvəlcədən FIFA-ya çatdırılıb.
"Biz FIFA-nı açıq şəkildə məlumatlandırmışıq ki, nümayəndə heyətimiz və ya futbolçularımız stadionda hər hansı siyasi xarakterli təhqirə və ya icazəsiz şüarlara məruz qalarsa, heç bir tərəddüd etmədən komandanı meydandan çıxaracaq və oyunu dayandıracağıq.
Biz bura FIFA qaydalarına uyğun keçirilən qlobal idman turnirində mübarizə aparmaq üçün gəlmişik. Bu matça prinsiplərimizə və dəyərlərimizə uyğun gəlməyən siyasi və ya sosial gündəmlərin gətirilməsi qəbuledilməzdir. Oyunçularımızın təhlükəsizliyi və ləyaqəti hər şeydən önəmlidir. FIFA və təşkilatçılardan oyunun təxribatlardan uzaq, tamamilə idman ruhunda keçirilməsini təmin etmək üçün tam məsuliyyət daşımaqlarını gözləyirik", - deyə Əhməd Dünyamali vurğulayıb.
Qeyd edək ki, DÇ-2026-nın qrup mərhələsinin İran - Misir oyunu iyunun 27-də keçiriləcək.
