Meşə yolu ilə postu keçmək istədi- Saxlanıldı
Zaqatalada postu meşə yolu ilə keçməyə cəhd edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, müəyyən edilən müddətə qədər karantin rejimi qaydalarının təmin olunması məqsədilə Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Zaqatala və Qax rayonları arasında yaradılan postda "Mercedes” markalı yük avtomobili saxlanılıb. Yoxlanış zamanı sürücü, Ağdam rayon sakini Aqil Hətəmovun hərəkəti üçün icazəsi olsa da, maşında olan Tərtər rayon sakini Paşa Məmmədovun hər hansı icazəsinin olmadığı müəyyən olunub.
Avtomobildən düşürülən P.Məmmədov oradan meşə yolu ilə qaçaraq postu keçməyə və bir qədər aralıda onu gözləyən gəldiyi yük avtomobilinə əyləşməyə cəhd edib. Ancaq asayiş keşikçilərinin çevikliyi nəticəsində o və yük avtomobilinin sürücüsü saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.
Karantin rejimi qaydalarını pozduqları üçün onların barəsində qanunauyğun tədbirlər görülüb.