"Geciksəm, polisə zəng edin" - Məktub yazıb yoxa çıxdı (FOTOLAR)
Rusiya Federasiyasının vətəndaşı Bakıda itkin düşüb.
Femida.az xəbər verir ki, 1960 –cı il təvəllüdlü Vəliyev Saleh Valeh oğlu yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Hadisə Səbail rayonu, H.Z.Tağıyev küçəsi 16/18, mənzil 4-də baş verib. Yaxınlarının verdiyi məlumata görə, o evdən çıxarkən məktub yazıb. Rus dilində yazılan məktubda qeyd edib ki, geciksə, polisə məlumat versinlər.
Saleh Vəliyevin bacısı Gülarə Vəliyeva deyir ki, onun evdən getməsini dünən axşam bilib.
" Qardaşım Rusiya vətəndaşıdır. Uzun müddətdir ki, orada yaşayırdı. Bu ilin fevralın 28-də Bakıya gəldi. Özü də çox pis vəziyyətdə idi. İki barmağını don vurmuşdu. Onu Respublika xəstəxanasına apardıq. Orada iki barmağını kəsdilər.Martın 2-də evə buraxdıqdan sonra anamın evində qalırdı. Mayın 1-də gecə onun qaldığı evə gələndə gördüm ki, yoxdur. Stolun üstündə xətti ilə yazılmış məktubu və siqareti qalmışdı. Bundan sonra dərhal polisə məlumat verdik.”