AZƏR MƏNƏM -BAYCAN MƏNƏM

AZƏR  MƏNƏM -BAYCAN MƏNƏM


Yerin, göyün, asimanın,
Səsi mənəm, gözü mənəm.
Sonsuz olan bu cahanın,
Atəşi mən, közü mənəm.

Saçım gecə, üzüm aydı,
Günəş ruhumla bir taydı,
Görə bilən çox olaydı,
Bulud mənəm, yağmur mənəm.

Damla-damla gözyaşıyam,
Vətənimin hər daşıyam,
Hər haqlının sirdaşıyam,
Haqlı mənəm, doğru mənəm.

Axan çayam, coşan dəniz,
Dəniz ağlar, qalsa mənsiz,
İzim təmiz, qəlbim təmiz,
Payız mənəm, bahar mənəm.

Şəfəq vaxtı nur çiləyən,
Xoş arzu, istək diləyən,
Naxış vurub, gül bəzəyən,
Torpaq mənəm, çəmən mənəm.

Yazılmışam sətir-sətir,
Oxu məni sətir-sətir,
Nəğmə qoşub dilə gətir,
Şeir mənəm, qəzəl mənəm.

Səpələndim qürub çağı,
Ruhumdadı cənnət bağı,
Unutmaram Qarabağı,
Şuşa mənəm, Laçın mənəm.

Bədirlənmiş aydı Aytən,
Canım vətən, gözüm vətən,
Can ayrılmaz sevdiyindən,
Azər mənəm, Baycan mənəm.

Aytən Quliyeva.


скачать dle 12.1
Geri qayıt