Dənizin səssiz dərsləri

Dənizin səssiz dərsləri
Dalğaların sahilə hər toxunuşu, küləyin suyun üzərində yaratdığı titrəyiş, üfüqdə səma ilə suyun bir nöqtədə qovuşması sanki görünməyən bir məktubun cümlələridir. Dəniz bizə xatırladır ki, heç bir fırtına əbədi deyil, ən coşğun dalğalar belə bir gün sakitləşir. O öyrədir ki, həyat da dalğalar kimidir: enişi də var, yoxuşu da, qasırğası da, durğunluğu da var. Əsas məqsəd  bütün bunların içində istiqaməti itirməməkdir.
İnsanlar dənizi görməyə  necə gedirlərsə, elə qayıtmırlar. Dəniz onlarda kiçik də olsa bir dəyişiklik yaradır.Çünki dəniz heç kəsə eyni hissi yaşatmır. Hər kəs onun səsində öz həyatından bir parça, öz taleyindən bir iz tapır. Kimisi ümidini, kimisi xatirələrini, kimisi isə itirdiyi rahatlığı. Dəniz hər insana eyni mənzərəni göstərsə də, hər ürəyə fərqli bir həqiqət pıçıldayır.
Bəlkə də bütün bunlar dənizin insanlığa etdiyi ən böyük, ən səssiz etirafdır. İnsan da onun kimi dərin, coşqulu, dəyişkən və sirrlidir. Görünən hər şey həqiqətin hamısı deyil. Ən qiymətli həqiqətlər isə çox vaxt səs-küydə deyil, dalğaların arasından gələn sakit axarlarda  gizlənir.
Dənizin ən böyük dərslərindən biri də səssizlikdir. Bu, boşluqdan yaranan səssizlik deyil. Əksinə, minlərlə sözün deyilmədən ifadə olunduğu, insanın öz daxili səsini eşitdiyi bir sükutdur. Gün ərzində bizi düşünməyə vadar edən saysız-hesabsız səslərə görə çox vaxt özümüzü dinləməyi unuduruq. Dəniz isə heç nə demədən bunu bizə xatırladır. O, insana öz düşüncələri ilə baş-başa qalmağın, tənhalıqdan qaçmamağın vacibliyini öyrədir. Çünki bəzən insan özünü ən yaxşı məhz heç kimin olmadığı bir sahildə, yalnız dalğaların səsi altında tanıyır.
Tənhalıq çox vaxt qorxulu bir hiss kimi təqdim olunur. Halbuki dəniz bunun tam əksini sübut edir. Dənizin zövq oxşayan maviliyi bizlərə güvən, sakitlik və
hüzur verir. Bəzən insan ən böyük cavabları məhz özü ilə söhbət etdiyi anlarda tapır. Dəniz də bu söhbətin səssiz şahidi olur. O, insanı sorğulamır, sual vermir, sadəcə dinləyir və dinlədikcə sanki insanın ürəyindəki ağırlığı yüngülləşdirir.
Dəniz həm də insanın öz-özü ilə qarşılaşdığı ən böyük güzgüsüdür. Onun səthinə baxanda yalnız dalğaları, günəşin suda əksini və üfüqə doğru uzanan maviliyi görürük. Amma heç vaxt ilk baxışdan onun dərinliyində nələrin gizləndiyini bilə bilmirik. Elə insan da belədir. Hər birimizin görünən tərəfi var: gülümsəyən üzümüz , dediyimiz sözlər, gündəlik həyatımız. Lakin bütün bunların altında heç kimin tam görə bilmədiyi düşüncələr, xatirələr, qorxular, ümidlər və susqunluqlar yaşayır. İnsan ruhunun dərinliyi də dəniz kimi sonsuz və sirlidir. Bəzən ən sakit görünən insanın daxilində ən güclü fırtınalar qopur, yüksək səslə danışan insan isə ən dərin səssizliyi yaşayır.
Dənizin qarşısında dayananda insan istər-istəməz öz daxilinə boylanmağa başlayır. Dalğaların bir-birini əvəz etməsi, sahilə toxunub geri çəkilməsi həyatın ritmini xatırladır. Hər gələn dalğa sanki bir xatirəni gətirir, hər geri çəkilən dalğa isə içimizdə ağırlaşan duyğulardan bir qismini özü ilə aparır. Bəlkə də buna görə insanlar əsrlər boyu dənizi sadəcə təbiət hadisəsi kimi deyil, həm də düşüncələrin, hisslərin və ruhun ünvanı kimi qəbul ediblər.
Həyatın qarışıqlığı , şəhərin bitmək bilməyən səs-küyündən qaçıb dəniz kənarına sığınmaq insanda xoş təəssürat  yaradır . Biz elə düşünürük ki, ora dərdlərimizi danışmağa, içimizdəki fırtınaları dalğalara tökməyə gedirik. Elə bilirik ki, danışan yalnız bizik, dinləyən isə dənizdir. Amma heç fikirləşmişikmi,  bəlkə də o coşqulu dəniz sadəcə bizi dinləmir. Yəqin ki, o da öz dili ilə bizə nələrisə danışır.

Rəqsanə Əliyeva
Jurnalistika ixtisası üzrə III kurs tələbəsi
скачать dle 12.1
Geri qayıt