Hələ deyilməmiş sözüm var mənim

Hələ deyilməmiş sözüm var mənim
Çaylı kəndində "Hələ deyilməmiş sözüm var mənim" kitabının möhtəşəm təqdimatı keçirildi.
Qazax rayonunun Çaylı kəndində istedadlı şair Rəfail Qurbanoğlunun "Hələ deyilməmiş sözüm var mənim" adlı yeni şeirlər kitabının möhtəşəm təqdimat mərasimi keçirildi. Əsl söz və sənət bayramını xatırladan bu tədbir Qazaxın zəngin ədəbi mühitinin, saz-söz ənənələrinin yaşadığını və yeni nəfəs qazandığını bir daha nümayiş etdirdi.
Qazax ziyalılarının, söz xiridarlarının, görkəmli aşıqların, media nümayəndələrinin, şair və yazıçıların iştirakı ilə baş tutan səmimi və yaddaqalan məclisi tanınmış şair, pedaqoq, qabaqcıl müəllim Rayət Əli açaraq qonaqları salamladı.
İlk öncə Azərbaycanın müstəqilliyi, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edildi.
Tədbirin aparıcısı və təşkilatçısı Rayət Əli çıxışında Rəfail Qurbanoğlunun zəngin və çoxşaxəli yaradıcılığından geniş bəhs edərək bildirdi ki, o, sağlamlıq imkanları məhdud olduğundan orta məktəbdə təhsil ala bilməsə də, evdə qardaş və bacılarının dərs hazırlamasını izləyərək yazıb-oxumağı öyrənmiş, sonralar isə aşıq mühitində yetişərək bir-birindən gözəl qoşmalar, gəraylılar, cığalı təcnislər, deyişmələr və poemalar yaratmışdır. O qeyd etdi ki, Rəfail Qurbanoğlu fitri istedadı, zəhmətsevərliyi və sözə sonsuz sevgisi sayəsində Qazax ədəbi mühitində özünəməxsus yer tutmuş sənətkarlardandır.
Rayət Əli xüsusi vurğuladı ki, Rəfail Qurbanoğlunun "Mənim qibləgahım Qazaxdır" və "Hələ deyilməmiş sözüm var mənim" kitablarının ərsəyə gəlməsində "Həkəri" qəzetinin baş redaktoru, şair-publisist Rauf İlyasoğlunun böyük zəhməti olmuşdur. O qeyd etdi ki, Rauf İlyasoğlu şairin sosial şəbəkələrdə yayımlanan şeirlərini toplayaraq kitab halına salmış, redaktə etmiş, nəşrə hazırlamış və bununla da həm Rəfail Qurbanoğlunu, həm də bütün qazaxlıları sevindirən xeyirxah bir iş görmüşdür. Bu, təkcə bir müəllifə deyil, ümumilikdə Qazax ədəbi irsinə göstərilən böyük xidmət kimi yüksək qiymətləndirildi.
Tədbirdə iştirak edən Qazaxın ağsaqqalı, 90 yaşlı şair Bilal Qoca kitabın hazırlanmasında əməyi olan hər kəsə minnətdarlığını bildirdi, Rəfail Qurbanoğlunu yeni kitab münasibətilə təbrik etdi və özünün "Poemalar" kitabını Rauf İlyasoğluna hədiyyə etdi. Ağsaqqal şairin xeyir-duası və səmimi arzuları məclis iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılandı.
Qazax–Tovuz Regional Aşıqlar Birliyinin sədri, ustad sənətkar, respublikada böyük nüfuz sahibi Aşıq Camoy Qurbanovun tədbirdə iştirakı Rəfail Qurbanoğlunun yaradıcılığına verilən yüksək dəyərin bariz nümunəsi idi.
Tədbirdə Aşıq Camoy qonaqları salamlayaraq kitabın ərsəyə gəlməsində böyük əməyi keçən Rauf İlyasoğluna təşəkkür etdi. Vurğuladı ki, bu kitabları çap etdirməklə Rauf müəllim neçə-neçə sınıq qəlbi sevindirib. Elə bil ki, Həcc ziyarətindən qayıdıb.
Bu səmimi və ürəkdən gələn sözlər zalda alqışlarla qarşılandı.
Ötən il 70 illik yubileyi dövlət səviyyəsində təntənə ilə qeyd olunan ustad sənətkar olan Aşıq Camoy  bu müdrik yaşında sazı sinəsinə basaraq məlahətli səsi ilə ifa etdiyi saz havaları ilə məclisə xüsusi ovqat bəxş etdi. Ustadın ifaları tədbir iştirakçılarını Qazax aşıq məktəbinin zəngin ənənələri ilə bir daha qovuşdurdu.
Sonra söz təqdim olunan kitabların redaktoru, şair-publisist Rauf İlyasoğluna verildi.
Rauf İlyasoğlu çıxışında bildirdi ki, Rəfail Qurbanoğlunun hər bir şeiri özünəməxsus poetik dəyərə malikdir. Onun əsərlərində Vətən sevgisi, yurd həsrəti, insanlıq, dostluq, milli-mənəvi dəyərlər və həyat həqiqətləri yüksək bədii ustalıqla ifadə olunmuşdur.
O qeyd etdi ki, Rəfail Qurbanoğlu təkcə söz sənətində deyil, tətbiqi sənətdə də fitri istedad sahibidir. Belə ki, kibrit çöplərindən hazırladığı nərd taxtası, məscid, avtomobil və digər sənət nümunələri onun incə zövqünün, səbir və bacarığının parlaq göstəricisidir.
Daha sonra müğənni Ziba Sevindik Rəfail Qurbanoğlunun "Qazaxlıyam mən" şeirini muğam üstündə özünəməxsus tərzdə ifa etdi. Onun təsirli ifası, zərif rəqsi və səhnə mədəniyyəti tədbir iştirakçılarına unudulmaz anlar yaşatdı.
Bakıdan gəlmiş, əslən Gədəbəydən olan aşıq və bəstəkar Ceyhun Qurbansoy Rəfail Qurbanoğlunun sözlərinə bəstələdiyi mahnını böyük məharətlə səsləndirdi. Coşqu ilə qarşılanan ifa gurultulu alqışlarla müşayiət olundu. Alqış sədaları sanki Göyəzən dağının zirvələrinə qədər yüksəldi.
Çaylı kənd sakini, İraq Azərbaycan Mədəni Əlaqələr ictimai birliyinin fəal üzvü, sözə, şeirə və sənətə vurğun Aydın Qalyanoğlu çıxış edərək dedi:
— Təxminən on il əvvəl Rauf İlyasoğlunu  Rəfail Qurbanoğlu ilə tanış etdim . Həmin gündən başlayaraq "Həkəri" qəzetində Rəfailin şeirləri mütəmadi olaraq dərc olunmağa başladı. Cəmiyyətimizin sədri Tahirə Məmmədova da bu nəcib təşəbbüsü həmişə yüksək qiymətləndirirdi.
Bu gün Rəfail Qurbanoğlunun iki kitabının işıq üzü görməsində böyük əməyi olan Rauf müəllimə dərin təşəkkürümü bildirirəm. Yenicə əməliyyat olunmasına baxmayaraq bu məclisə gəlməsi məni çox sevindirdi. Həmçinin Aşıq Camoy qardaşıma da minnətdaram ki, məni öz avtomobili ilə bu gözəl söz bayramına gətirdi.
ATİA .az saytının rəhbəri Aydın Qazaxlı , prinsipial və vətənpərvər jurnalist Elnur Quliyev Rəfail Qurbanoğlu təbrik edərək ona  yeni yaradıcılıq uğurları  və cansağlığı arzuladılar.
Şairlərdən Şərqiyyə Qazaxlı, Saday Eminov və Bayram Aşıqlı Rəfail Qurbanoğlunu ürəkdən təbrik etdilər və şeirlər söylədilər.
Sazlı-sözlü, nəğməli kitab təqdimatının təşkilatçısı Rayət Əli tədbirin sonunda Rəfail Qurbanoğlunun "Hələ deyilməmiş sözüm var mənim" kitabını və Qazax şairlərinin əsərlərinin yer aldığı "Həkəri" qəzetinin son nömrəsini iştirakçılara hədiyyə etdi.
İstedadlı gənc aşıqlar Samir Cəlaloğlu və Aşıq Alı da rəngarəng ifaları ilə məclisə xüsusi gözəllik qatdılar. Sazın ecazkar sədaları, oxunan şeirlər və səmimi söhbətlər tədbirə toplaşan hər kəsin qəlbində silinməz iz buraxdı.
Təcrübəli həkim Gülməmməd Gülməmmədov sonsuz sevincini bildirərək  xalası oğlu Rəfail Qurbanoğlunu  ürəkdən təbrik etdi və  təqdim olunan  kitabı ərsəyə gətirənlərə əhsən dedi.
Rəfail Qurbanoğlu tədbirdən çox sevindi və yeni yazdığı şeirini oxudu.
Şair Rəfailin qardaşı Məhərrəm Qurbanov tədbir iştirakçılarına sonsuz təşəkkürünü bildirdi və sevincdən qəhərləndi.
Rayət Əli tədbirin möhtəşəm keçməsinə dəstək olan Qazax yurdunun səxavətli oğulları - Xəyyam Çaylıya və Kərəm  Axundova  sonsuz təşəkkürünü bildirdi .
Daha sonra bol nemətli süfrə arxasında səmimi söhbətlər davam etdirildi, qonaqlar müəlliflə xatirə şəkilləri çəkdirdilər, ona yeni yaradıcılıq uğurları arzuladılar, kitablarını imzalatdılar və xoş təəssüratlarla məclisdən ayrıldılar.
Bu möhtəşəm təqdimat bir daha sübut etdi ki, Qazax elində sözə, saza və sənətə olan məhəbbət yaşayır və yaşayacaq. Belə tədbirlər milli ədəbi irsimizin qorunmasına, yeni istedadların tanıdılmasına, gənc nəslin kitaba və poeziyaya marağının artırılmasına mühüm töhfə verir.
Rəfail Qurbanoğlunun "Hələ deyilməmiş sözüm var mənim" kitabının təqdimatı Çaylı kəndinin ədəbi-mədəni həyatında yaddaqalan hadisəyə çevrildi.
Tədbiri videoya çəkərək yayımlayan AE studiyasının rəhbəri , kameraman Asif Zöhrabova , musiqiçi, sintezatorçu Oqtay Dursun oğluna
təşəkkürümüzü bildiririk .
Bu söz bayramı iştirakçıların yaddaşında uzun illər xoş xatirə kimi yaşayacaq və bir daha təsdiqlədi ki, həqiqi sənətə verilən dəyər heç vaxt itməyəcək.

P.S.
Bu mənalı səfər bizim üçün təkcə bir kitab təqdimatında iştirak etmək deyil, həm də doğma Qazaxın qədim tarixi, zəngin mədəniyyəti və qonaqpərvər insanları ilə yenidən görüşmək imkanı oldu.
Bakıdan sürət qatarı ilə Qazağa gəldikdən sonra bizi qələm dostumuz Rayət Əli səmimiyyətlə qarşıladı. Jurnalist həmkarım Aydın Qazaxlı və aşıq-bəstəkar Ceyhun Qurbansoyla birlikdə Qazax şəhərinin mərkəzində yerləşən Olimpik Oteldə qonaq olduq. Yüksək qonaqpərvərliyə, göstərilən diqqət və qayğıya görə otelin rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk.
Rayət Əli, Aydın Qazaxlı  və Elnur Quliyevlə birlikdə əzəməti ilə hər kəsi valeh edən Göyəzən dağını seyr etdik, Damcılı və Məmməd Koxa  bulaqlarının saf və şəfalı suyundan doyunca içdik. Sürücümüz, rayonun orta məktəblərinin birində   idman müəllimi  işləyən Elvin  Rayətoğlu bizi Qazağın görməli yerləri ilə tanış etdi
Səfər çərçivəsində Qazaxın Mütəfəkkirlər parkını gəzərək xalqımızın görkəmli şəxsiyyətlərinin xatirəsini ehtiramla yad etdik, həmçinin Şəhidlər xiyabanını ziyarət edib Vətən uğrunda canlarını fəda etmiş qəhrəman oğullarımızın ruhuna dualar oxuduq.
Qazaxdan yenə də qəlbimiz sözlə, ruhumuz sazla, yaddaşımız isə unudulmaz xatirələrlə ayrıldıq. Çünki bu eldə qonağa hörmət, sənətə məhəbbət və Vətən sevgisi hər zaman uca tutulur.
Rauf İLYASOGLU.
скачать dle 12.1
Geri qayıt