Tapdq ƏLİBƏYLİ poeziyasının ENERJİSİ

Tapdq ƏLİBƏYLİ  poeziyasının ENERJİSİ
            
    Poeziya hər şeydən əvvəl  həm də şovqdür,  enerjidir, ehtirasdır. Hər  misra bir aləmin qapısını açır,  şairin daxili dünyasına işıq salır və  bu mənada hər hansı bir şairin sadəcə bir  poetik nəfəsindən,  şeirininyaratdığı auradan onun daxil aləmini, ruhu vəziyyətini başa düşmək olur. Bu mənada mən Tapdıq Əlibəylini çox yüksək qiymətləndirirəm. O, hansısa bir məclisdə olursa, haçan şeir oxuyursa, həmişə öz enerjisini, daxili aləmini  bu şeirdə əks etdirir.  

     Ruhən və qəlbən  - bütün varlığı ilə şeirə, poeziyaya bağlı olan Tapdıq Əlibəylişeirsöyləyərkən oxucusu ilə səmimi bir mənəvi ünsiyyət qurur, sanki gözəgörünməz bir körpü salır. Onun hər misrası  duyğuların, həyat təcrübəsinin və insan talelərinin poetik təcəssümünə çevrilir. Şairin oxuduğu hər şeir dinləyənin və ya oxucunun gözləri önündə bir həyat hekayəsi kimi canlanır, onu düşünməyə, hiss etməyə sövq edir. Bu, poeziyanın ən səmimi və ən təsirli cəhətlərindən biridir.  Şairin ruhu ilə oxucunun ruhu birləşir, enerjisi isə məkanın hər guşəsinə yayılır.
     Tapdıq Əlibəyli ilə son illərdə tez-tez görüşürük, müxtəlif ədəbi-mədəni tədbirlərdə bir araya gəlirik. Hər görüşümüzdə onun yeni şeirlərini dinləmək, poetik düşüncələrinin şahidi olmaq mənə xüsusi zövq verir. Mən həmişə onun yaradıcılığına böyük rəğbətlə yanaşır, dəyərli söz sənətinə görə səmimi minnətdarlığımı bildirirəm.
     Yaxşı xatırlayıram ki, Tapdıq müəllim üçün Vaqif Poeziya Günləri çərçivəsində Şuşaya səfər etmək, o müqəddəs məkanda şeirlər səsləndirmək, azad Şuşanın ilhamverici ab-havasında qanadlanıb uçmaq hissini yaşamaq bir şair sevincinin vüsəti idi...   O, ürəyinin ən kövrək duyğularını Şuşaya həsr etdiyi şeirlərində ifadə edir, Qarabağın incisi olan bu qədim şəhərin gözəlliyini və azadlığını poetik dillə tərənnüm edir. Onun misraları Şuşanın azadlığına, təbiətinə və tarixi əzəmətinə hörmətlə boyanmış bir sənət əsəri kimi oxucunu heyrətləndirir. Şairin şeirlərində Şuşanın havası var, azadlığı var. Qutsal bildiyi Şuşaya həsr etdiyi şeirlərin birində yazır:
Şanlı Şuşa - Zəfərimin haqq səsi,
Asimana bülənd olub şöləsi.
Fərəhimi zaman-zaman böləsi...
“Şuşa ili” - “44 Gün” lük sorağım!
İlim - Şuşa, dilim - Şuşa - fəxarət!
Şəhidlərin nəğməsinə nəqarət,
Qazilərin qayəsində şərafət …
“Şuşa ili” - qeyrət rəmzim, bayrağım!
Qala qamət biçilidi boyuna,
Göz istəyir yaraşığa boylana,
Könül istər bu işığa boyana...
“Şuşa ili” - əsrlərə çırağım!
Bu misralr Vətən sevgisindən yoğrulmuş şair qənaətidir. O qənaət ki,illərlə ayrılığın nisgil odunda qovrulub…
     Zəngin florası, füsunkar təbiət mənzərələri ilə seçilən Yardımlı torpağında dünyaya göz açıb boya-başa çatan Tapdıq Əlibəyli yaradıcılığında doğma yurdun təbii gözəlliklərini, insanla təbiətin mənəvi bağlılığını böyük məhəbbətlə tərənnüm edən şairlərdəndir. Uşaqlıq və gənclik illərini dağların, meşələrin, çayların qoynunda keçirən sənətkarın təbiətə vurğunluğu onun poetik dünyasının ayrılmaz hissəsinə çevrilmişdir. Buna görə də təbiət mövzusu Tapdıq Əlibəylinin yaradıcılığında xüsusi yer tutur və onun poeziyasının diqqətçəkən məziyyətlərindən biri kimi dəyərləndirilir. Bu baxımdan Azərbaycan Yazıçılar Birliyinin nəşr etdirdiyi, ideya müəllifi olduğum, Xalq yazıçısı Anarın “Dünyanın yaşıllıq həsrəti” adlı sanballı ön söz yazdığı, redaktoru Əməkdar mədəniyyət işçisi, şair Vaqif Bəhmənli, tərtibçisi isə AYB-də multikultural məsələlər üzrə məsul şəxs Xatirə Fərəcli olan “Yaşılım, yaşılım, hara gedirsən” adlı təbiət mövzusunda şeirlər antologiyasında Tapdıq Əlibəylinin də bir neçə şeirinin yer almasını xüsusi qeyd etmək istərdim. Müxtəlif nəsilləri təmsil edən şairlərin təbiətə həsr olunmuş seçmə əsərlərini özündə birləşdirən bu topluda Tapdıq Əlibəylinin poetik nümunələri öz səmimiyyəti, təbiət duyumunun dərinliyi və obrazlı ifadə tərzi ilə seçilir.
     Antologiyaya daxil edilmiş şeirlərindən birində şair sözün qüdrəti ilə canlı və rəngarəng bir təbiət tablosu yaradır:
Səhər mehi sığal çəkir yarpağa,
Zümrüd meşə dalğalanır dəniz tək.
Tamaşadır təravəti torpağa,
Müşk-ənbərdir taladakı biçənək...
Dindi könül orman, çəmən dilində,
Heyrətimə misra-misra bələndim.
Öz dili var, çiçəyin də, gülün də,
Uşaqlıqdan bu əsrara bələdəm...
     Bu misralarda təbiət yaşayan, danışan, insanla ünsiyyət quran canlı bir aləm kimi təqdim olunur. Səhər mehinin yarpaqlara sığal çəkməsi, zümrüd meşənin dəniz kimi dalğalanması, biçənəyin müşk-ənbər qoxusuna bürünməsi oxucunun gözləri önündə füsunkar bir mənzərə canlandırır. Şairin könlünün “orman, çəmən dilində” danışması isə onun təbiətlə nə qədər doğmalaşdığını, bu sirli aləmin dilini uşaqlıqdan duyub anladığını göstərir.
     Tapdıq Əlibəylinin təbiət lirikasının əsas üstünlüyü ondadır ki, o, təbiəti yalnız seyr etmir, onun ruhunu duyur, nəfəsini eşidir və bu duyğuları səmimi poetik ifadələrlə oxucuya çatdırmağı bacarır. Elə buna görə də onun təbiət mövzusunda qələmə aldığı şeirlər oxucuda həm estetik zövq oyadır, həm də insanı ətraf mühitə daha həssas və qayğıkeş münasibət bəsləməyə səsləyir. Təbiətə sevgi, yaşıllığa bağlılıq və doğma yurda məhəbbət Tapdıq Əlibəyli poeziyasının aparıcı xəttlərindən biri kimi onun yaradıcılığına özünəməxsus rəng və ahəng bəxş edir.
     Tapdıq Əlibəylinin yaradıcılığında ithaf şeirləri də özünəməxsus bir yer tutur və ayrı-ayrı poetik çalarlara malikdir. Bəllidir ki ithaf  şeiri müəllifin müəyyən bir şəxsə, ideyaya və ya hadisəyə həsr etdiyi duyğuların ifadəsidir. Bu şeirdə əsasən sevgi, hörmət və minnətdarlıq kimi hisslər ön plana çıxır. Şair öz daxili dünyasını səmimi və təsirli bir dillə oxucuya çatdırır. Şeirin dili sadə olsa da, mənası dərin və düşündürücüdür. Oxucu bu əsərdə həm emosional, həm də mənəvi dəyərlərlə qarşılaşır.
        Onun bu səpkili şeirlərində hisslərin dərinliyi, səmimiyyət və incə estetik duyum ön plana çıxır. Əlibəyli hər bir ithaf şeirində oxucunu həm emosional, həm də düşüncəliləşdirici bir səfərə çıxarır. Bu şeirlərdə həm minnətdarlıq, həm hörmət, həm də sevgi kimi insan təcrübələrinin poetik ifadəsi diqqəti cəlb edir. Onun yaradıcılığı göstərir ki, ithaf yalnız bir məktub və ya təqdimat forması deyil, həm də şairin dünyagörüşünün, daxili aləminin və estetik anlayışının dərin təzahürüdür. Beləliklə, Tapdıq Əlibəylinin ithaf şeirləri oxucuda həm ruhən, həm də zəka baxımından unudulmaz təəssüratlar yaradır.
     T. Əlibəyli  60 illiyimlə bağlı mənə ünvanlı ithaf şeirində yazır:
Söz dünyasının da aranı, dağı,  
Ormanı, çəməni, çeşmə, çayı var.
Çiskini, sazağı, laləzar çağı,
Gecəsi-gündüzü, günəş-ayı var.
Bir haqq yolçusudur  söz cəfakeşi,
Üzə söyləyəndir sözün düzünü.
Dünyası ayırmaz  yer ilə ərşi, 
Üzüağ edəndir sözü üzünü.
      Düşünürəm ki, bu şeirdə həm də müəllifin  özünün poetik portreti var. Начало формыКонец формы
Tapdıq Əliibəyli yaradıçılığının poetik formulu hesab etdiyi bir bənddə belə yazır:
Duyğular bələnib nəşə, ələmə, 
Heyrət misra-misra, söz ilmə-ilmə...
Hicran-vüsal süslü feyz şəbnəmləri 
Yağdı narın-narın qəlbdən qələmə...
      Bənd incə, lirik və poetikdir. Şair əslində yaşantıların duyğularda inikasını və palitrasını sərgiləyir. Bu məqam  isə özündə onun təxəyyülünün və poetik dünyasının zənginliyini, özəlliyiniözündə ehtiva edir. 
65 yaşa yetən Tapdıq Əlibəyli nin ruhu gənc, enerjisi isə hər zaman yüksəkdir. 
Yaradıcılıq zamanla ölçülmür; hər bir misrada yeni nəfəs, yeni həyat, yeni üfüq açılır. Onun poeziyası həm klassik ənənələrə sadiqdir, həm də çağdaş oxucuya yaxın, yeni ritmlərlə nəfəs alır.
      Elə bu ovqatda Tapdıq Əlibəylini həm dost, həm şair, həm də poeziyanın sadiq övladı kimi təbrikedirəm. Ona can sağlığı, uzun ömür, yaradıcılıq şövqü və yeni şeir üfüqləri arzulamaqla yanaşı, onun Azərbaycan poeziyasına verdiyi dəyərli töhfələri də bir daha qeyd etməyi  vacib sayıram.
Rəşad MƏCİD
Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini, 
Azərbaycan Mətbuat Şurasının sədri 

скачать dle 12.1
Geri qayıt