Səcdədən nifrətə
Emalatxanada ağır bir sükut var idi. Havada uçuşan toz zərrəcikləri pəncərədən düşən tək işıq zolağında rəqs edirdi. Ortada isə ağappaq, mərmərdən yonulmuş, hər an nəfəs alacaqmış kimi canlı görünən bir qız heykəli dayanmışdı.
Çapay bezmiş kimi əlindəki iskənəni hövsələsiz şəkildə yerə atdı. Qabağa gəlib heykəlin düz önündə dayandı. Heykəl uca olduğu üçün ona aşağıdan yuxarı baxmalı oldu. Bir müddət soyuq nəzərlə heykəl qızın gözlərinə baxaraq, soyuq səslə dedi:
— Bir din də, ay qız. Görmürsən sənin üçün bu qədər çaba göstərirəm? Görmürsən, səndən yana gecəm-gündüzüm yoxdu? Niyə danışmırsan? Yoxsa məndən zəhlən gedir?
Çapay udqundu, gözlərini heykəlin dilsiz dodaqlarına zilləyərək bu misraları pıçıldadı:
Var etdim yoxluqdan, mən bu canımı, sənə can eylədim,
Sən dilsiz bir büt tək, hər bir anımı, zindan eylədin.
Səcdəyə layiqsən, ey buz kəsilmiş, cəlalın haqqı,
Bir ruhsuz heykəli, eşqə tac edib, xaqan eylədim.
Heykəl isə hər zamankı kimi inadkar bir sükutla dayanırdı. O qədər qüsursuz idi ki, Çapayın daxilindəki o qarmaqarışıqlıq bu saflığın qarşısında daha da eybəcər görünürdü. Çapay əllərini şalvarının tozlu cibinə soxub, emalatxananın içində əsəbi halda var-gəl etməyə başladı. Çəkmələrinin altındakı daş qırıntıları xırçıldadıqca elə bil beyninin içi cızılırdı.
— Niyə axı? — pıçıldadı. Səsində dərin bir ağrı hiss olunurdu. — Niyə insanlar onlar üçün can qoyanları yox, onları görməzdən gələnləri sevirlər? Niyə bizim bu qədər fədakarlığımız, bu qədər çabamız bir heç kimi ayaqlar altına atılır?
Otaqdakı toz zərrəcikləri Çapayın suallarına cavab verirmiş kimi havada asılı qalmışdı. Çapay sanki görünməz bir rəqiblə mübahisə edirdi:
— Onların istəyi elə bu deyilmi? Sevilmək, əzizlənmək, kiminsə dünyasının mərkəzi olmaq… Hamı bundan dəm vurur, hamı “məni başa düşən biri olsun” deyə sızlayır. Amma o biri gəlib çıxanda, sən canını onun ayaqları altına xalı kimi sərəndə, dönüb üstündən keçirlər. Elə bil, fədakarlıq etdikcə sən onun gözündə böyümürsən, əksinə, adiləşirsən, qiymətdən düşürsən.
Əlini saçlarının arasından keçirib bərk-bərk sıxdı.
— Bəlkə də günah elə bizdədir, hə? — acı-acı gülümsədi. — Biz onları o qədər ucaldırıq, o qədər mükəmməl edirik ki, axırda onlar özlərini həqiqətən də çatılmaz bir tanrı sanırlar. Elə sənin kimi… Mən səni yonanda hər vurduğum iskənə zərbəsində “sən əvəzedilməzsən” dedim, “sən gözəlsən, sən fərqlisən” dedim. Axırda nə oldu? Öz yaratdığım şeyin qarşısında dilənçiyə döndüm. Bir xoş baxış dilənçisinə.
Çapay ayağa durub otağın ortasındakı boşluğa baxdı:
—İnsanlar görmək istəmirlər, çünki sənin fədakarlığın onlara öz borclarını xatırladır. Sən canından keçdikcə, onlar öz kiçikliklərini görürlər. Sən verdikcə, onlar ala bilməyəcəkləri qədər ağır bir yükün altına girirlər. Və o yükdən qaçmağın ən asan yolu nədir? Səni görməzdən gəlmək. Səni bir heç saymaq. Çünki sən heç olsan, onların da vicdanı rahat olar. “Onsuz da o dəlidir, özü istədi, özü elədi” deyib keçərlər.
Çapay bir daha heykəlin qarşısına keçdi. Başını yuxarı qaldırıb düz heykəlin gözünə baxdı:
— Al sənə — deyə var gücü ilə heykəlin altındakı altlığa bir təpik qoydu.
Heykəl müvazinətini itirib böyük bir səs-küylə yerə çırpılıb parça-parça oldu. Hər tərəf ağ toz-dumana büründü. Bu ağ, lənətə gəlmiş tozların içindən bayaq sevgiylə baxan gözlər nifrətdən od tutub yanırdı. Birdən gözləri yerdə bir cüt soyuq gözə zilləndi:
— Danış da! Yalvar! Yalvar ki, “Çapay, eləmə!” Amma sən yalvara da bilmirsən! Çünki sən heç kimsən! Sənin o gözəlliyin lənətə gəlsin! Sən demə, ruhun olmadığı yerdə gözəllik sadəcə göz aldadırmış. Mənə isə baxılacaq heykəl yox, yaşanacaq bir can lazımdır. Bu qədər əziyyət, bu qədər hisslər, bu qədər fədakarlıq… Bu qədər çaba nəyə lazım idi, nəyə? Cavab ver mənə!
Gözündən düşən yaş damcıları parçalanmış heykəlin ruhu ilə sanki rəqs etdi.
— Eybi yox… — dedi öz-özünə. — Canından keçmək asandır. Çətin olan, bilirsən nədir? Canını ona layiq olan biri üçün saxlamaqdır.
Düz qapıya tərəf addımladı. Ayaqqabısının altında bir cüt gözlər sıxılıb əzildi. Qapını bərk-bərk çırpdı. Emalatxananın açarları bir-birinə dəyərək sanki parçalanmış heykəlin vida nəğməsini səsləndirirdi…
Yusif Əhmədzadə
Jurnalistika I kurs tələbəsi
