Jurnalistikanın görünməyən tərəfləri
Hər gün müəyyən istiqamətlər üzrə informasiyalara yiyələnirik. Televiziyada gülümsəyən aparıcıları, arxayın danışan jurnalistləri görürük. Hər şey sanki asan, problemsiz və qüsursuz görünür. Amma heç düşünürükmü – bu sakit və səlis səslərin arxasında nələr gizlənir?
Jurnalistika kənardan sadəcə xəbəri çatdırmaq kimi görünə bilər. Bir neçə dəqiqəlik reportaj, qısa bir xəbər mətni… Lakin bu qısa anların arxasında bəzən saatlarla, günlərlə davam edən yorğunluq, axtarış və səssiz mübarizə dayanır. Hər düzgün cümlənin arxasında yüz dəfə düşünülmüş sözlər, hər dəqiq məlumatın arxasında saysız-hesabsız yoxlamalar var.
Jurnalist yalnız danışmır – o görür, hiss edir və bəzən susaraq dözür. Hadisə yerində dayanarkən təkcə faktları deyil, insanların ağrısını, qorxusunu və ümidini də içindən keçirir. Amma bütün bunlara baxmayaraq, o, hisslərini kənara qoyub həqiqəti olduğu kimi çatdırmalıdır. Çünki onun işi təkcə danışmaq deyil-ndoğru danışmaqdır.
Bu yol hər zaman asan olmur. Ləhcə ilə mübarizə aparan gənc jurnalist, ilk dəfə mikrofonu tutarkən titrəyən əllər, kameranın qarşısında itən sözlər… Bunlar zəiflik deyil, əksinə, bu peşənin görünməyən ilk addımlarıdır. Həyəcan bəzən səsi titrədir, fikirləri qarışdırır, amma eyni zamanda insanı gücləndirir. Çünki hər qorxu aşıldıqca insan özünə bir addım daha yaxınlaşır.
Səlis danışmaq, aydın ifadə etmək - bunlar sadəcə bacarıq deyil, uzun yolun nəticəsidir. Gecələr oxunan kitablar, təkrar-təkrar qurulan cümlələr, səhvlərdən öyrənilən dərslər. Jurnalist özünü hər gün özünü təkmilləşdirir.
Jurnalistin psixoloji hazırlığı da ən önəmli məsələlərdəndir. O, bəzən çətin və emosional hadisələrlə qarşılaşır. Bu zaman soyuqqanlı qalmaq, obyektivliyi qorumaq və peşə etikası çərçivəsində işləmək vacibdir. Hər bir xəbər cəmiyyətə təsir göstərdiyi üçün jurnalist məsuliyyətini unutmamalıdır. Jurnalist bəzən faciələrin ortasında olur, göz yaşlarının şahidi olur, amma özü ağlaya bilmir. O, güclü görünməlidir. Çünki onun səsi cəmiyyətə çatır. Onun dediyi hər söz birinə ümid, birinə isə həqiqət olur.
Jurnalistika yalnız görünəndən ibarət deyil. Bu peşə səssiz yorğunluqların, gizli qorxuların, bitməyən zəhmətin adıdır. Amma məhz bu görünməyən tərəflər jurnalisti jurnalist edir. Çünki bəzən ən güclü səslər… ən səssiz mübarizələrdən doğur.
Gülay Yalçınqızı
Jurnalistika ixtisası üzrə I kurs tələbəsi
