Türkün dilitək sevgili, istəkli dil olmaz

Türkün dilitək sevgili, istəkli dil olmaz
15 dekabr UNESKO tərəfindən Dünya Türk Dili Ailəsi Günü olaraq qəbul edilmiş və mühüm bir bayram olaraq qeyd edilməyə başlanmışdır. Türk dilinin şirinliyi, gözəlliyi, lətifliyi, səlisliyi, zənginliyi həsrət və vüsalımızın şairi olan Məhəmmədhüseyn Şəhriyarın yaradıcılığı ilə daha dolğun təcəssüm tapır. O həm də öz yaradıcılığı ilə bütün türk dünyasını vüsala çağıran, xalqlarımızın dərdini dilə gətirən Heydərbaba şairidir: Bir göreydim ayrılığı kim saldı, Ölkəmizdə kim qırıldı, kim qaldı?! Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyev bu görkəmli ustad sənətkarımız haqqında demişdir: “Şəhriyar müasir Azərbaycan ... poeziyasının ən böyük nümayəndələrindəndir. O, əsasən Azərbaycan və fars dillərində yazıb. ...Şəhriyarın hər iki dildə yüksək sənətkarlıqla yaratdığı əsərlərdə klassik Azərbaycan ... şeri ənənələri yeni poetik axtarışlarla üzvi vəhdətdə birləşib. Humanizm, ədalət, azadlıq, mənəvi saflıq, nikbinlik motivləri Şəhriyar poeziyasının səciyyəvi cəhətidir”.
Məhəmmədhüseyn Şəhriyar Azərbaycan xalqının milli, xəlqi şairidir. Əlbəttə, təbiidir ki, şair Məhəmmədhüseyn Şəhriyar beynəlmiləlçi, bəşəri ideyalara özünün milli təbi, ruhu, mövqeyi ilə qovuşurdu. Xalqına bağlılıq, vətənə sevgi, elinə həmdərdlik, vətən torpaqlarına tutqu onun yaradıcılığının milli səciyyəsini təşkil edirdi. 
Mənsub olduğu çoxmilyonluq, qədimdən də qədim, ulu mədəniyyət, mənəviyyat sahibi olan xalqının şirin ləhcəli, şəkər şivəli dilində şeirlər yazmaqla ustad sənətkar həm də xalqının, elinin qayğılarını, dərdi-dilini dilə gətirmişdir. Əbəs deyildi ki, şair özü də öz vətəndaşlıq vəzifəsi, şairlik missiyası haqqında bəhs edərək bədii, poetik şəkildə yazmışdı:
Dedim: Azər elimin bir yaralı nisgiliyəm mən.
Nisgil olsam da, gülüm, bir əbədi sevgiliyəm mən.
El məni atsa da, öz gülşənimin bülbülüyəm mən.
Elimin farsca da dərdini söylər diliyəm mən.
Haqqa doğru nə qaranlıq isə, el məşəliyəm mən,
Əbədiyyət gülüyəm mən.
Xalqına bağlılığı bütün ruhu ilə öz əsərlərində ehtiva edərək ümumiləşdirən ustad sənətkar Məhəmmədhüseyn Şəhriyar onu milli şair olaraq məşhurlaşdıran “Heydərbabaya salam” poeması kimi ilk irihəcmli və ana dilində yazılmış əsərindən başlamış “Türkün dili”, “Azərbaycan”, “Əsir Azərbaycanıma xitab” və çoxsaylı başqa əsərlərilə fərdi olduğu Azərbaycan xalqının qayğılarını, kədərini və sevincini, arzularını və istəklərini ifadə etmişdir. Şəhriyar Heydərbaba və Səhənd dağlarına müraciətlə yazdığı poemaların vüsətli poetik ehtirası fövqündə vətən və el məhəbbətini, xalqına bağlılığını dağ qüruru və ağırlığı ilə rəmzləşdirən qüdrətli el sənətkarıdır. Dağlara müraciətlə yazılmış silsilə əsərlər içərisində onun böyük poetik vüsətlə yazdığı “Heydərbabaya salam” və “Səhəndiyyə” kimi poemaları ən məzmunlu və bədii gözəllik ehtiva edən əsərlər sırasındadır. Hətta “M.Şəhriyarın “Səhəndiyyə” poeması Azərbaycan şeirinin yeni və dərin mənalı bir “Vətəniyyə”sidir” (Akad.İ.Həbibbəyli). Səhənd dağı kəsb etdiyi bədii siqlət, ümumiləşdirdiyi simvolizə ilə Heydərbabaya, Savalana qardaşdır, arxa-hayandır, dayaqdır:
                        Şah dağım, çal papağım, el dayağım, şanlı Səhəndim!
                        Başı tufanlı Səhəndim!
                        Səni Heydərbaba ol nərələr ilə çağıranda,
                        O səfil, darda qalan, tülkü qovan şir bağıranda...
                        “Dədə Qorqud” səsin aldım, dedim arxamdı, inandım.
                        Arxa durduqda Səhəndim, Savalantək havalandım,
                        Selə qarşı qovalandım.
                        ...Dağlı Heydərbabanın arxası hər yerdə dağ oldu,
                        Dağa dağlar dayaq oldu...
Şəhriyar yaradıcılığında Heydərbaba, Səhənd, Savalan Azərbaycanın bir el, vətən, xalq, vətəndaş, milli varlıq, sərhəd, tarix, dəyər və s. kimi keyfiyyət və dəyərlərinin simvolu olaraq çıxış edir. Qələm əhli arasında ustad sənətkarı şairlər şairi edən məşhur “Heydərbabaya salam” poeması mövzusundan tutmuş məzmununa qədər bir elin həyat, yaşayış və düşüncə tərzinin canlı poetik ensiklopediyası, tarixi salnaməsi, bədii etnoqrafiyası əhəmiyyətinə malikdir. Konkret simalardan tutmuş dağları, təpələri, meşəsi, obası, adəti, ənənələri və sairəyə qədər bir el “Heydərbabaya salam” əsərində möhtəşəmliklə əks olunmuşdur. Canlı və dəqiq təsvirlər, əhatəli və təfərrüatlı təqdim əsəri milli-etnoqrafik yaddaşın salnaməsinə çevirmişdir. Hətta bir çox hallarda hadisələri ardıcıl təhkiyə etmək üslubu da bu görkəmli əsərə Azərbaycan poeziyasının lirik-epik poeması kimi yüksək dəyərə mindirməyə haqq vermişdir. Əsərin başqa bir əhəmiyyəti həm də ondadır ki, poema həm forma, həm də məzmunca tamamilə yeni məna və ümumən yeni ədəbi hadisə kəsb edərək həm milli Azərbaycan şeirində, həm də dünya ədəbiyyatında özünəməxsus ənənə formalaşdırmışdır. Şair bu əsərində bütün digər məziyyətlərilə birgə şirin-şəkər ana dilinin lətafətini əks etdirmiş, Azərbaycan dilinin ecazkar təravəti və məna qüdrətini, şeriyyət və musiqililiyini təzahür etdirmişdir. Öz doğma dilinə məhəbbət və heyranlıq ifadə edən şair onu “Türkün dili” şeirində öyə-öyə doymurdu:
                        Türkün dilitək sevgili, istəkli dil olmaz,
                        Ayrı dilə qatsan, bu əsil dil əsil olmaz.
                        ...Türkün məsələi, folkloru dünyada təkdir,
Xan yorğanı, - kənd içrə məsəldir, - mitil olmaz. 
Azərbaycan, Vətən sevgisi onun əsərlərində möhtəşəmliyi ilə ifadə olunmuşdur. Azadlıq ruhu onun Vətən mövzulu əsərlərinin poetik vüsətini təşkil edir. Mübarizə, əzm, birlik Şəhriyar poeziyasının nüvəsində dayanır, vulkanik bir vüsətlə meydana çıxır:
Könlüm quşu qanad çalmaz, sənsiz bir an, Azrbaycan,
Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan!
Səndən uzaq düşsəm də mən, eşqin ilə yaşayıram,
Yaralanmış qəlbim kimi qəlbi viran Azərbaycan!
Beləliklə, Məhəmmədhüseyn Şəhriyar yaradıcılığı milli və bəşəri idealların qovuşuq vüsət aldığı poetik bir məkandır. Şair bu əsərlərində nə qədər millidirsə, xalqına, vətəninə bağlıdırsa, bir o qədər də bəşəridir, beynəlmiləldir və bütün bəşəriyyətin xoşbəxtliyi və səadətinə maildir. Doğru mülahizədir ki: “Ümumbəşərilik, beynəlmiləllik Şəhriyar poeziyasının üfiqlərini genişləndirən yaradıcılıq qanunauyğunluğu kimi meydana çıxır. ... Öz ölkəsinin, xalqının taleyi ilə bağlı olan vətənpərvər şair beynəlmiləlçi, humanist bir sənətkardır” (H.Billuri). Bu mənada Şəhriyar təkcə mənsub olduğu Azərbaycan xalqının deyil, bütövlükdə bəşəriyyətin ən nəhəng söz adamlarından biridir.
Məşhur, dillər əzbəri olan “Heydərbabaya salam” poemasında ustad sənətkar Məhəmmədhüseyn Şəhriyar “Salam olsun şövkətüzə, elüzə, Mənim də bir adım gəlsin dilüzə. ...Bizdən də bir yad eləyən sağ olsun, Dərdlərimiz qoy dikəlsin, dağ olsun” deyirdi. İllər keçib və keçəcək də, qəlbi hər zaman insan və vətən sevgisilə alışıb-tutuşan böyük ustad Şəhriyarın adı dillərdən düşməyəcəkdir. Əsən yellər də, coşan sular da böyük ustadın salamını diyardan diyara, eldən elə, zamandan zamana daşıyacaq, bütün türk dünyasını şirin ləhcəsi ilə danışdıracaq, dərdlərimizin şairinin qubarını anladacaqdır... Eynən yüz illərlə yol gələn türk şeirinin böyük ustadı Yunus Əmrə kimi: Gəl, gör, məni eşq neylədi... İndi artıq Xudafərin özü böyük ustadın arzularına yol olacaq, xalqlarımızı birləşdirəcək və Qalib Azərbaycanın Qələbə nəğməsini deyəcək: Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan, Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan!..
Ramiz QASIMOV
Naxçıvan Müəllimlər İnstitutunun dosenti,
filologiya üzrə fəlsəfə doktoru 
скачать dle 12.1
Geri qayıt