Aramco-ya hücumdan sonra Səudiyyədə Bin-Salmanın rəhbərliyi ilə bağlı ümidsizlik yaranıb - Reuters

"Səudiyyə Ərəbistanında hakim ailəyə yaxın olan mənbələr bildirir ki, Aramco-ya edilən hücumdan və rəsmi ər-Riyadın bu və digər oxşar hadisələrdə zəif mövqelər sərgiləməsindən sonra Bin-Salmanın rəhbərliyi ilə bağlı ümidsizlik yaranıb."
GunAz.az xəbər verir ki, bu barədə Reuters agentliyi Səudiyyə Ərəbistanın hakim ailəsinə yaxın olan iş adamlarına, rəsmi mənbələrə eləcə də bir sıra xarici diplomatlara istinadla məlumat yayıb.
Bildirilib ki, Aramco-ya hücum krallığı idarə edən Səud ailəsinin müxtəlif qanadları daxilində Bin-Salmanın idarəçiliyi və rəhbərliyi ilə bağlı ciddi narahatlıq və ümidsizlik yaradıb.
Hakim ailəyə yaxın olan ərəb iş adamlarından biri deyir ki, "Səud sülaləsinin müxtəlif ailələri daxilində Bin-Salmanın rəhbərliyi ilə bağlı ciddi narahatlıq var. Onlar hücumun niyə qarşısının alınmadığını daima soruşur, artıq ona inanmadıqlarını bildirirlər."
Reuters-in məlumatına görə hakim sülalənin üzvlərinin Bin-Salmana qarşı olan etirazlarının bir qismi də vəliəhdin Yəmən müharibəsinə girməsi və İrana aşırı drəcədə ədavət göstərməsinə görədir.
Qeyd edək ki, kral Salman 2017-ci ildə qardaşını vəliəhdlikdən kənarlaşdıraraq oğlu Məhəmməd bin Salmanı bu posta təyin edib. Bin-Salman həm də hazırda ölkənin müdafiə naziri və kraldan sonra əsas strateji və taleyüklü qərarları verən şəxsdir.
N.SAFURA