Kreml Batumidə mitinq təşkil etdirdi: Dialoqa başlayın

Bazar günü Batumi şəhərində Rusiya ilə münasibətlərin bərpa olunması üçün aksiya keçirilib.
GunAz.az xəbər verir ki, bir neçə min nəfərin iştirak etdiyi aksiyanın təşkilatçısı rusiyayönlü Gürcüstan Vətənpərvərlər Alyansı Partiyası olub. Aksiya iştirakçılarının əsas tələbləri Gürcüstanın ərazi bütövlüyünün bərpası üçün Suxumi, Tsxinvali və Moskva ilə birbaşa dialoqun qurulması, Vahid Milli Hərəkat Partiyasının Gürcüstan torpaqlarının itirilməsində əsas günahkar siyasi qüvvə elan edilməsi, Rusiya ilə münasibətlərdən hərbi ritorikadan imtina edilməsi, Rusiya-Gürcüstan münasibətlərinin böhrandan öncəki səviyyəyə qaytarılması, Gürcüstanın hərbi bloklarda iştirak etməməsi kursunun seçilməsi olub.
Mitinqdə iştirak edən partiyanın deputat Ada Marşaniya Moskva ilə dialoqun Gürcüstana çox gərəkli olduğunu bildirib:
“Biz çoxdan bütün məsələlər üzrə genişmiqyaslı dialoq başlatmalı idik. Bu, çox çətindir, amma bu dialoq başlanmalıdır. Biz gərək abxazlar və osetinlərlə də ağır danışıqlara start verək. Kimi gözləyirik? Biz gərək ilk addımı ataq, çünki itirən biz olmuşuq”.
Partiyanın rəhbəri İrma İnaşvili də oxşar bəyanatla çıxış edib və Vahid Milli Hərəkat Partiyasını cinayətkar rejim adlandırıb. O, parlamentin təcili olaraq Saakaşvili dönəminə qiymət verilməsiylə bağlı partiyanın irəli sürdüyü qətnaməyə baxmasını istəyib.
N.SAFURA