Kral və kraliçanın oğurlanmış tacları zibillikdən tapıldı

Ötən ilin 1 avqustunda İsveçin 17-ci əsrdə yaşamış kralı 9-cu Karl və həyat yoldaşı kraliça Kristinanın oğurlanmış tacları və səltənət kürəsi zibillikdən tapılıb.
“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, Stranqas kilsəsindən oğurlanmış tarixi əşyalar paytaxt Stokholmun ətrafındakı məhəllələrdən birindəki zibil yeşiyindən tapılıb.
Polis rəsmiləri tapılan əşyaların saxta olub-olmadığının araşdırılacağını açıqlayıb.
6,5 milyon avro qiymətində dəyərləndirilən tacların 1611-ci ilə aid olduğu bildirilir.
Qeyd edək ki, oğurluq etmiş 22 yaşlı şəxs hadisədən qısa müddət sonra ələ keçirilsə də, taclar tapılmamışdı. Polislər oğurluqda əli olan digər şəxslərin axtarışını davam etdirir.