Ərbilə bütün dünyadan uçuşlar dayandırıldı
Şimali İraq Kürd Muxtariyyətinin keçirdiyi müstəqillik referendumundan sonra bu bölgəyə sanksiyalar tətbiq olunur. İraqın Ərbilə uçuşları dayandırmasının, İranın bu bölgəyə gedən hava və quru yolunu bağlamasının ardından muxtariyyətin mərkəzinə bütün uçuşlar cümə günü tam dayandırılacaq.
GUNAZ.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərbil hava limanının direktoru Talar Faik Saleh bütün xarici uçuşların cümə günü saat 18:00-da dayandırılacağını bildirib. Onun sözlərinə görə, İraq hökuməti dünən bütün hava yolu şirkətlərindən Ərbilə uçuşları dayandırmağı tələb etmişdi.
Artıq Türkiyənin, Misirin, Qətərin və Livanın hava yolu şirkətləri Ərbilə uçuşları cümə günündən dayandıracaqlarını bəyan ediblər.
Qeyd edək ki, Şimali İraq Kürd Muxtariyyətinin ərazisində biri Ərbildə, digəri Süleymaniyyədə olmaqla, iki beynəlxalq hava limanı vardır.
İraqın baş naziri Heydər-əl Abadi çərşənbə axşamı keçirdiyi mətbuat konfransında Şimali İraqda fəaliyyət göstərən hava limanlarının idarəçiliyinin İraq hökumətinə verilməsi üçün kürd muxtariyyətinə üç gün vaxt vermişdi. Əks təqdirdə bu hava limanlarına beynəlxalq uçuşları dayandıracaqlarını bildirmişdi.