Ölümcül “gizlənpaç oyunu”: Hərəkət edən hər kəs məhv edilir

Ölümcül “gizlənpaç oyunu”: Hərəkət edən hər kəs məhv edilir
Ukrayna cəbhəsində təxminən 30 kilometrlik “ölüm zonası” yaranıb. Təmas xətti boyunca uzanan bu ərazidə minlərlə kəşfiyyat və zərbə dronu səmada dövrə vuraraq hərəkət edən hər şeyi izləyir və məhv edir.
GunAz.az xəbər verir ki, bu barədə “Reuters” yazıb.
Rusiya və Ukrayna əsgərləri ələ keçməmək üçün kiçik qruplarla, çox vaxt piyada hərəkət edirlər. Buna baxmayaraq, dronlar onları fasiləsiz izləyir, itkilər həddindən artıq çoxdur. 1200 kilometrlik cəbhə xətti boyunca uzanan bu “ölüm dəhlizi”ndə vəziyyət son dərəcə təhlükəlidir.
Dron texnologiyalarının sürətli inkişafı nəticəsində həm Ukrayna, həm də Rusiya qoşunları əvvəllər tətbiq olunan böyük sayda hərbçi, texnika və artilleriyanın bir yerdə cəmləşdirilməsi taktikasından imtina etməyə məcbur olublar. Çünki açıq görünən hədəflər dronlar üçün asan ovdur. Bunun əvəzinə iki-üç nəfərlik kiçik qruplar kiçik yeraltı sığınacaqlarda gizlənirlər. Ukraynanın “Madyarın quşları” dron briqadasının “Siluet” ləqəbli zabitinin sözlərinə görə, piyadalar çox vaxt birbaşa döyüşə girmək əvəzinə müşahidəçi kimi fəaliyyət göstərir, hədəfləri müəyyən edir və onların məhv edilməsi üçün dronları yönləndirirlər.
Ukraynada canlı qüvvə çatışmazlığı səbəbindən cəbhə mövqeləri bir-birindən xeyli aralı yerləşir. Mövqelərin dəyişdirilməsi böyük risk daşıdığından əsgərlər sığınacaqları nadir hallarda tərk edirlər.
Rusiyanın hücum qrupları da çox vaxt birbaşa təmasdan yayınmağa çalışırlar. İki-üç nəfərlik kiçik qruplar piyada, motosiklet və ya kvadrosikllərlə hərəkət edir, dronların fəaliyyətini çətinləşdirən dumanlı və ya əlverişsiz hava şəraitindən istifadə edirlər. Ukrayna ordusunun nəzarətində olan ərazidə boş bina və ya bunker tapsalar, bir neçə gün orada gizlənərək digər hərbçilərin gəlməsini gözləyirlər.
Ukraynanın “Lyut” briqadası komandirinin müavini Roman Poliçuk deyir: “On gün ərzində həmin sığınacaqda beş rus hərbçisi toplaşır, beləliklə onlar həmin mövqeni ələ keçirmiş olurlar”.
Ukraynanın 59-cu Hücum Briqadasının batalyon komandirinin müavini, “Praym” ləqəbli hərbçi bildirir ki, dron tərəfindən aşkar edilən əsgərin sağ qalmaq şansı çox azdır: “Əgər dron piyadanı aşkarlayarsa, onu rahat buraxmır”.
Hətta gecə vaxtı da təhlükəsizlik təmin olunmur, çünki bir çox dron termal kameralarla təchiz edilib, istilik izlərini müəyyən edə bilir.
Döyüş bölgəsini tərk etmək bəzən bir neçə gün çəkir. Əsgərlər iki-üç nəfərlik, bəzən isə tək halda kiçik kamuflyaj edilmiş səngərlərdə gizlənirlər. Yeməklərini həmin sığınacaqlarda hazırlayır, orada yatır və yalnız zəruri hallarda, o cümlədən rus diversiya qrupları ilə qarşıdurma zamanı çölə çıxırlar.
“Reuters” qeyd edir ki, Ukrayna hərbi texnikasının yalnız az hissəsi cəbhə xəttinə yaxınlaşa bilir. Müşahidə məntəqələrində xidmət aparan əsgərlər isə ərzaq və digər ləvazimatların çatdırılması üçün əsasən dronlardan istifadə edirlər.
скачать dle 12.1
Geri qayıt