ABŞ Konqresində Türkiyəyə "F-35" satışına qarşı çıxanların sayı artır
ABŞ Konqresində həm demokratlar, həm də respublikaçılar arasında Türkiyəyə "F-35" qırıcılarının mümkün satışı ilə bağlı narahatlıq artmaqdadır.
GunAz.az xəbər verir ki, bu barədə “The Washington Post” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, hər iki partiyadan olan konqresmenlər Türkiyəyə beşinci nəsil "F-35" döyüş təyyarələrinin verilməsi perspektivinə etiraz edirlər. Bununla belə, respublikaçıların nəzarətində olan Konqresin potensial sazişi bloklamağa cəhd edib-etməyəcəyi hələlik məlum deyil.
“Politico” nəşri isə ABŞ Prezidenti Donald Trampın Türkiyəyə "F-35"lərin verilməsi ehtimalı ilə bağlı açıqlamasının Konqresdə ciddi narazılıq doğurduğunu bildirib.
Nyu-York ştatından respublikaçı konqresmen Mayk Loulerin sözlərinə görə, “Türkiyəyə ABŞ-nin ən müasir qırıcılarının satılması ölkənin maraqlarına uyğun deyil”.
İllinoys ştatından demokrat konqresmen Bred Şnayder isə hesab edir ki, Türkiyənin Rusiya istehsalı olan "S-400" hava hücumundan müdafiə sistemlərinə sahib olduğu müddətdə onun "F-35" proqramına qaytarılması qanunvericiliyə ziddir.
Nevada ştatından demokrat konqresmen Dina Titus da Nümayəndələr Palatasında xüsusi qətnamə qəbul edilərək Türkiyəyə "F-35" satışının qarşısının alınmasına çağırıb.
Xatırladaq ki, Donald Tramp iyulun 7-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə Ankaraya "F-35" qırıcılarının tədarükü imkanının nəzərdən keçiriləcəyini bildirib. Ərdoğan isə Vaşinqtonun bu məsələdə müsbət qərar verəcəyinə ümid etdiyini deyib.
