Nepalda dəhşət: Qatil fil 14 ildir bir ailəni təqib edir

Nepalda dəhşət: Qatil fil 14 ildir bir ailəni təqib edir
Nepalda qatil fil 14 il ərzində bir ailəni təqib edir.
GunAz.az xəbər verir ki, bu barədə "Kathmandu Post" nəşri yazıb.
Nepal sakini Şaniçara Bote bildirib ki, 2012-ci ildə "Dhurbe" ləqəbli vəhşi fil onun valideynlərini tapdalayaraq öldürüb. Daha sonra ailə evlərini sataraq başqa əraziyə köçüb və ümid edib ki, bir daha heç vaxt təhlükəli heyvanla qarşılaşmayacaq. Lakin 14 il sonra elə eyni fil yenidən onların həyatında peyda olub.
5 iyul gecəsi "Dhurbe" ailənin Çitvan Milli Parkının yaxınlığındakı Caqatpur rayonunda yerləşən yeni evinə soxulub. Filin hücumu zamanı Şaniçaranın 25 yaşlı gəlini Aşika Bote və 4 yaşlı oğlan nəvəsi Bharat həlak olublar.
Şaniçaranın sözlərinə görə, ailə bu dəfə bir neçə çayı keçərək yeni əraziyə köçüb və hesab edib ki, bu, onları vəhşi heyvanların hücumlarından qoruyacaq. Lakin fil yenidən onların evini tapıb. Çitvan Milli Parkı administrasiyasının məlumatına görə, "Dhurbe" ilk dəfə 2010-cu ildə insanlara hücum etməyə başlayıb. Bu müddət ərzində o, parkı qoruyan iki hərbçi də daxil olmaqla azı 25 nəfərin ölümünə səbəb olub.
İlk ölümcül hücumlardan sonra hakimiyyət orqanları onun məhv edilməsi üzrə genişmiqyaslı əməliyyat da təşkil ediblər, lakin yaralı heyvan qaçmağı bacarıb. Daha sonra hərəkətlərini izləmək və sakinləri təhlükə barədə xəbərdar etmək üçün ona bir neçə dəfə peyk boyunbağıları taxılıb.
Yerli sakinlər Rapti çayı üzərindəki körpünü bağlayıblar. Onlar park administrasiyasını ittiham ediblər ki, "Dhurbe"ni daim izləmələrinə baxmayaraq, növbəti hücumun qarşısını almağı bacarmayıblar.
скачать dle 12.1
Geri qayıt