Xaricdə yaşayan ermənilərin səsvermə hüququ ləğv edildi
Ermənistanda ölkə hüdudlarından kənarda daimi yaşayan vətəndaşların seçkidə səs verməsinə qadağa qoyulub.
GunAz.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumat yayıb.
Seçki Məcəlləsinə edilən müvafiq dəyişikliklər parlament tərəfindən ikinci və yekun oxunuşda qəbul edilib.
Beləliklə, parlament seçkisi və referendumlarda yalnız son 730 günün ən azı 366 gününü Ermənistanda daimi yaşamış vətəndaşlar iştirak edə biləcəklər. Eyni zamanda, bu şərt növbəti seçkidə 48 gün, növbədənkənar seçkidə isə 28 gün qalmış tarixə qədər yerinə yetirilməlidir.
Yeniliklərin müəllifləri Nikol Paşinyanın rəhbəri olduğu Vətəndaş Sazişi Partiyasının deputatlarıdır. Onlar bu dəyişiklikləri xaricdə daimi yaşayan şəxslərin ölkənin daxili siyasi vəziyyəti ilə kifayət qədər tanış olmamaları və ya yaşadıqları dövlətin siyasi gündəminin təsiri altına düşə bilmələri ilə əsaslandırıblar.
Müxalif "Ermənistan" fraksiyası isə düzəlişlərdən Konstitusiya Məhkəməsinə şikayət edəcəyini açıqlayıb.
Qeyd edək ki, Ermənistanda parlament seçkisi iyunun 7-də keçirilib. Səsvermənin nəticələrinə əsasən, Vətəndaş Sazişi Partiyası səslərin 49.74%-ni toplayaraq hökuməti təkbaşına formalaşdırmaq hüququnu qoruyub saxlayıb. İkinci yerdə Güclü Ermənistan Partiyası (23.27%), üçüncü yerdə isə "Ermənistan" alyansı (9.92%) qərarlaşıb.
