Venesuelada güclü zəlzələ
Venesuelada 7.5 maqnitudaya çatan zəlzələ qeydə alınıb. Respublika rəhbərliyi dağıntıların olduğunu bildirib. ABŞ Geoloji Xidmətinin hesablamalarına görə, həlak olanların sayı 100 mini ötə bilər.
GunAz.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi də Venesuelada 7.1 maqnitudalı yeraltı təkanın olduğunu elan edib. Zəlzələnin episentri Valensiya şəhərindən 60 km şimal-qərbdə yerləşib. Həmçinin, sunami təhlükəsi barədə xəbərdarlıq edilib.
Daha sonra ABŞ Geoloji Xidməti (USGS) məlumatı yeniləyərək, 40 saniyə fərqlə 7.1 və 7.5 maqnitudalı iki ardıcıl zəlzələnin baş verdiyini açıqlayıb. Təkanların episentrləri Venesuelanın Yarakuy ştatında, bir-birindən 10 km aralıda qeydə alınıb.
Yeraltı təkanlar paytaxt Karakasda da hiss olunub. Şəhərdə dağıntılar qeydə alınıb.
BBC-nin nümayiş etdirdiyi kadrlarda bir neçə binanın, o cümlədən ən azı bir çoxmərtəbəli tikilinin xarabalıqları, toz buludları və asfalta aşmış işıq dirəkləri əks olunub.
Dəyən ziyanla əlaqədar olaraq, Karakasın Mayketiya beynəlxalq hava limanı fəaliyyətini dayandırıb.
Venesuelanın səlahiyyətli prezidenti Delsi Rodriges ölkə ərazisində fövqəladə vəziyyət elan edib.
USGS-in məlumatına əsasən, zəlzələ nəticəsində insan itkisinin 100 000-i keçməsi ehtimalı 30% təşkil edir. Qurum əvvəlcə ölkənin ÜDM-nə 2-20% həcmində iqtisadi ziyan dəyə biləcəyini proqnozlaşdırsa da, sonradan bu göstəricini 1-5%-ə qədər azaldıb. Təbii fəlakətdən sonra ölkədə internetin fəaliyyətində də ciddi problemlər yaranıb.
Salvador Prezidenti Nayib Bukele Venesuelaya yardım məqsədilə 300 nəfərlik xilasedici və həkim briqadası, eləcə də 50 ton tibbi avadanlıq və ləvazimat göndərəcəyini bəyan edib. ABŞ dövlət katibinin birinci müavini Kristofer Landau bildirib ki, Birləşmiş Ştatların administrasiyası baş vermiş zəlzələdən sonra Venesuela rəhbərliyi ilə əlaqə saxlayır və bu ölkəyə dəstək göstərməyə hazırlaşır.
Braziliya da zərərçəkən ölkəyə yardım edəcəyinə dair söz verib.
