Süni intelekt bütün məxfi sistemləri sındırdı?-Şok iddia!
"Anthropic" şirkətinin "Mythos" süni intellekt modelinin ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) demək olar ki, bütün məxfi resurslarını sındıra bildiyi iddia olunur.
GunAz.az xəbər verir ki, bu barədə senator Mark Uorner "The Economist"ə müsahibəsində danışıb.
Onun sözlərinə görə, NSA rəhbəri general Coşua Raddın təqdim etdiyi məlumata əsasən, neyroşəbəkə kəşfiyyat qurumunun resurslarına cəmi bir neçə saat ərzində giriş əldə edib.
İyunun 13-də məlum olub ki, ABŞ hakimiyyəti "Anthropic" şirkətindən xarici istifadəçilərin şirkətin ən güclü süni intellekt modelləri olan "Fable 5" və "Mythos 5"ə çıxışını məhdudlaşdırmağı tələb edib. Şirkət isə bildirib ki, bu səbəbdən həmin modellərə bütün xarici istifadəçilərin girişini dayandırmağa məcbur olub.
Daha sonra Kanadanın Baş naziri Mark Karni qeyd edib ki, ABŞ-nin xarici şirkətlərin "Anthropic"in yeni modellərinə çıxışını qadağan etməsi bir neçə güclü süni intellekt alətindən həddindən artıq asılılığın yaratdığı riskləri nümayiş etdirir.
İyunun əvvəlində isə məlum olmuşdu ki, ABŞ Milli Təhlükəsizlik Agentliyi digər dövlətlərə qarşı kiberəməliyyatlar həyata keçirmək üçün "Anthropic" şirkətinin "Claude Mythos" süni intellekt modelindən istifadə edə bilər.
