Təhsil yoxsa müharibə? Kremldən xaricilərə gözlənilməz tələ
Rusiya ehtimal ki, Afrika ölkələrinin vətəndaşlarını Ukraynaya qarşı müharibədə iştirak etməyə cəlb etmək üçün işə qəbul sxemlərindən və təhsil proqramlarından istifadə edir.
GunAz.az xəbər verir ki, bu barədə “Teleqrаf” qəzeti Ukraynanın Strateji Kommunikasiyalar Mərkəzinin yeni hesabatına istinadən yazıb.
Nəşr özünü Maykl kimi təqdim edən 25 yaşlı keniyalının hekayəsini misal gətirib. Onun sözlərinə görə, 2025-ci ildə ona Rusiyada arxa cəbhədə obyektlərin mühafizəsi ilə bağlı iş təklif olunub. Ona birdəfəlik təxminən 5,6 min funt sterlinq ödəniş və aylıq 1,7 min funt sterlinq maaş vəd edilib.
Lakin onun iddiasına görə, Rusiyaya gəldikdən sonra o, məzmununu başa düşmədiyi rus dilində hərbi müqavilə imzalayıb, silah alıb və demək olar ki, heç bir hazırlıq keçmədən Ukraynadakı cəbhəyə göndərilib.
“Onlar bizə zirehli jiletlər və silah verdilər və irəli getməyi əmr etdilər. Mənə heç kim heç nə öyrətmədi. Silahdan istifadə etməyi başqalarını müşahidə edərək öyrəndim”, – deyə o bildirib.
Ukraynanın Strateji Kommunikasiyalar Mərkəzinin araşdırmasına görə, Rusiya xariciləri ölkəyə cəlb etmək və sonradan onlarla hərbi müqavilələr bağlamaq üçün iş təkliflərindən, təhsil qrantlarından, idman tədbirlərindən və miqrasiya agentliklərindən istifadə edir.
Hesabat müəllifləri iddia edirlər ki, Kremlin bu siyasəti Afrika ölkələrindəki sosial-iqtisadi problemlərdən və insanların xaricdə iş tapmaq istəyindən faydalanmağa əsaslanır.
