Ermənistanın yeni Konstitutsiyası hazırdir?-Nazirdən açıqlama
Ermənistan Konstitusiyasının layihəsinin dərc olunması ilə bağlı qərar yaxın bir neçə həftə ərzində veriləcək.
GunAz.az xəbər verir ki, bunu Ermənistanın Ədliyyə naziri Srbuhi Qalyan parlamentdə jurnalistlərə bildirib.
Onun sözlərinə görə, sənədin dərc olunması məsələsi bir gün əvvəl hakim “Mülki Müqavilə” Partiyası tərəfindən müzakirə olunub.
"Düşünürəm ki, bu, tezliklə... nəzərdən keçirildikdən sonra olacaq. Niyə bunu deyirəm? Çünki bəzi həmkarlarımızın fikirlərini gözləyirik. Onları nəzərdən keçirmək üçün daha bir və ya iki həftə vaxtımız olacaq. Bundan sonra daha bir və ya iki müzakirə aparacağıq və mətni dərc etməyə hazır olub-olmadığımıza qərar verəcəyik", - Qalyan deyib.
Nazir qeyd edib ki, layihə hələ ictimaiyyətə açıqlanmayıb, çünki prosesin bütün iştirakçıları onun məzmunu ilə tam tanış olmağa vaxt tapmayıblar.
Xatırladaq ki, Qalyan 2026-cı ilin mart ayında yeni Konstitusiya üzərində işlərin başa çatdığını bildirmişdi. O, həmçinin Konstitusiyanın ayın sonuna qədər dərc olunacağını da iddia etmişdi.
