İran Hörmüz boğazını bağladı - SEPAH-dan SƏRT BƏYANAT
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin dəniz blokadası tam ləğv olunana qədər Hörmüz boğazının bağlandığını elan edib.
GunAz.az TASS-a istinadən xəbər verir ki, bu barədə SEPAH-ın Hərbi Dəniz Qüvvələri rəsmi məlumat yayıb.
Bəyanatda qeyd olunur ki, atəşkəs razılaşmasının pozulması və ABŞ-nin İran limanlarına qarşı tətbiq etdiyi dəniz blokadası səbəbindən aprelin 18-dən etibarən boğazda hərəkət dayandırılır. Qadağa blokada tam aradan qaldırılana qədər qüvvədə qalacaq.
SEPAH bölgədəki gəmilərə ciddi xəbərdarlıq edərək bildirib ki, Fars və Oman körfəzlərindəki heç bir üzən vasitə dayandığı yeri tərk etməməlidir. Hörmüz boğazına yaxınlaşan istənilən gəmi “düşmənlə əməkdaşlıq” edən tərəf kimi qəbul olunacaq və onlara qarşı dərhal təqib tədbirləri görüləcək.
Xatırladaq ki, Hörmüz boğazı qlobal neft ticarətinin ən strateji nöqtələrindən biri hesab olunur və onun bağlanması dünya enerji bazarına ciddi təsir göstərə bilər.
