Qızıl rekord qiymətə çatdı

Mütəxəssislər qlobal iqtisadiyyatda gözlənilən daha böyük qeyri-müəyyənliklərin, tarif müharibələrinin davam etməsi ilə qızılın qiymətinin rekord həddə çatmasının mümkün olduğunu vurğulayırlar.
Proses yaxın ildə necə davam edəcək?
GunAz.az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı ekspert Toğrul Maşallı deyib ki, qeyri-müəyyənlik və ya böhranın yaranmasından asılı olmayaraq qızıla tələbat hər zaman artır:
“Çünki bu bil alternativdir. Qızıldan əlavə əmlak alqısına da üstünlük verilir. Qızıla tələbatın çox olmasının səbəbi isə əldə edilib, satılmasının asan olmasından qaynaqlanır. Qızıl artıq rekord həddə çatıb. Tarixdə qızılın ən yüksək həddi qeydə alınıb. Böyük ehtimal vəziyyət bu şəkildə davam edəcək.
Qeyri-müəyyənlik və ya böhran vəziyyəti bir müddətdir var. Lakin qızılın qiymətinin bahalaşması bu günün məsələsi deyil. İnvestisiya artdıqca qiymətlərdə də yüksəliş davam edəcək. Qızılın satışı halında azalmanın şahidi ola bilərik. Bu da yaxın 3 ay ərzində gözlənilmir. Rüsum və s. məsələsi tez bir zamanda həllini taparsa, qeyri-müəyyənlik azalmağa doğru gedəcək. Çünki artıq müəyyən ölkələrlə danışıqlara başlanılıb və hər hansı razılığın əldə olunması gözləniləndir. Bundan sonra qızılın qiyməti sabitləşə bilər”.