Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş, əsir və girov götürülmüş, həmçinin azad edilmiş şəxslərlə bağlı son məlumat yayılıb.
GunAz.az xəbər verir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 7 dekabr 2018-ci ilə olan məlumatına görə, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində itkin düşmüş şəxs kimi qeydə alınanlarların sayı 3888 nəfərdir. Bunlardan 3170 nəfəri hərbçidir, yerdə qalan isə mülki əhalidir.
Ümumilikdə itkin düşənlərin 3622 nəfərini kişilər, 266 nəfərini qadınlar təşkil edir. Əsir mülki şəxslərin 71-i uşaq, 266-sı qadın, 326-sı isə qocadır.
Əsir-girov götürülməsi barədə məlumatlar daxil olmuş şəxslərin sayı isə 871 nəfərdir – 773 kişi, 98 qadın. Onlardan 604 nəfəri hərbçi, 267-si isə mülki şəxsdir. Mülki şəxslərin 29-u uşaq, 98-i qadın, 112-si isə qocalardır.
Əsir və girovluqdan azad edillənlərin sayı 1483-dür. Azad edilmiş şəxslərin 1119 nəfəri kişi, 364 nəfəri isə qadındır. 365 nəfərini hərbçilərin təşkil etdiyi bu siyahıda mülki şəxslərin sayı 1118 nəfərdir. Onlardan 226-sı uşaq, 364-ü qadın, 225-i isə qocalardır.