Rusiya 1998-ci ildən bəri ilk dəfə 2017-ci ildə hərbi xərclərini azaldıb. Bununla bağlı Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatında məlumat yerləşdirilib.
Gunaz.az xəbər verir ki, 2016-cı illə müqayisədə Rusiya hərbi xərclərini 20 faiz azaldaraq, 66,3 milyard dollara çatdırıb.
“Silahlı Qüvvələrin modernləşdirilməsi Rusiya üçün prioritet olaraq qalır, ancaq hərbi büdcə ölkənin 2014-cü ildə qarşılaşdığı iqtisadi problemlərə görə azaldılıb”, - hesabatda bildirilib.
Bununla yanaşı, Qərbi və Mərkəzi Avropa ölkələri hərbi xərclərini 12 və 1,7 faiz artırıb. Bu, NATO-ya üzv ölkələrin müdafiə xərclərini artırmaqla bağlı razılaşmasına əsasən baş verib.
Alyansa üzv ölkələrin 2017-ci ildəki ümumi hərbi xərcləri 900 milyard dollar olub.
Reytinq sırasında birinci yerdə ABŞ (610 milyard dollar), ikinci yerdə Çin (228 milyard dollar), üçüncü yerdə Səudiyyə Ərəbistanı (69,4 milyard dollar) qərarlaşıb. Rusiya dördüncü, Hindistan isə 63,9 milyard dollarla beşinci olub.