Xalqın bir xalq kimi formalaşmasında dilin müstəsna rolu var

Xalqın bir xalq kimi formalaşmasında dilin müstəsna rolu var
Xalqın bir xalq kimi formalaşmasında, var olmasında və inkişafında onun dilinin müstəsna əhəmiyəti və rolu vardır. Dil hər bir xalqın simasını səciyyələndirən əsas amillərdən biri, onun milli sərvətidir. Xalqları bir-birindən fərqləndirən,  onların mənəvi dəyərlərini yaşadan və inkişaf etdirən məhz onun dilidir.

Dil həmçinin müstəqil dövləti səciyyələndirən önəmli amillərdən biri və birincisidir. Bu amili nəzərə alan Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1978-ci ilin  aprel ayının 27-də Azərbaycan SSR Konstitusiyasına "Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə edilmişdir. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş və qüvvədə olan Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olduğu bir daha təsbit edilmişdir. Ancaq bununla iş bitməmişdir. Azərbaycan dilinin inkişafına xüsusi əhəmiyyət verən Heydər Əliyev 9 avqust 2001-ci ildə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında 552 saylı Fərman imzalamışdır. Bu Fərmana uyğun olaraq hər il avqust ayının 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.

Azərbaycan dövləti dilimizin inkişafına müstəsna əhəmiyyət verir. "Dövlət dilinin tətbiqi işinin təkmiləşdirilməsi haqqında” 2001-ci il iyun ayının 18-də qəbul edilmiş Prezident Fərmanı, 2002-ci ilin sentyabr ayının 30-da qəbul edilmiş "Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasınının Qanunu, Prezident İlham Əliyevin 17 iyul 2018-ci il tarixli "Azərbaycan dilinin elektron məkanda  daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı və s. bunun bariz nümunəsidir.

Ancaq, təəsüf ki, Azərbaycan dilinin tətbiqi ilə bağlı qanunvericiliyə heç də həmişə riayət olunmur, bu sahədə nəzarət lazımı səviyyədə təşkil edilməmişdir. "Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun 7.1-ci maddəsində qeyd edilmişdir ki: "Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda  elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir” Paytaxt Bakı şəhərinin küçələrinə qısaca səyahət edən hər kəs Qanunun bu maddəsinin kobud şəkildə pozulduğunun şahidi ola bilər. Ancaq bu haqda dəfələrlə bildirilmiş iradlara rəğmən heç bir dəyişiklik yoxdur.

Hesab edirik ki, nəhayət Azərbaycan dilinin tətbiqinə dair belə yanaşmaya son qoyulmalıdır. Dilimizin tətbiqinə, onun qorunmasına riayət edilməsi hər bir vətəndaşın, ona nəzarət edilməsi isə dövlətin müqəddəs borcudur.
 
Teyyub Qənioğlu
скачать dle 12.1
Geri qayıt