Bəyannamənin imzalanması Azərbaycanın növbəti uğurudur- Teyyub Qənioğlu

"Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Moskva Bəyannaməsinin imzalanması Azərbaycanın növbəti diplomatik uğurudur.
GunAz.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Təkamül Partiyasının sədri Teyyub Qənioğlu məlumat verib.
Məlumatda deyilir: Fevralın 22-də Moskvada RF-nın Prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” 43 maddədən ibarət Bəyannamə imzalanmışlar. İki dövlət arasında münasibətlərin bütün sahələrini əhatə edən bu Bəyannaməyə qiymət vermək üçün onun bütün maddələri hətərəfli təhlili edilməli, araşdırılmalıdır. Buna müəyyən zaman lazımdır. Ancaq Bəyannaməyə ilkin, ümumi qiymət verə bilərik. İlkin olaraq birmənalı şəkildə qeyd etmək olar ki, bu Bəyannamənin imzalanması ümumiyyətlə müsbət hadisə kimi qiymətləndirilməlidir. Bu Bəyannamə tərəflər arasında bərabərhüquqlu münasibətləri yüksək səviyyədə tənzimləyən sənəddir, hər iki tərəfin, o cümlədən də Rusiyanın üzərinə ciddi öhdəliklər qoyur. Məncə ən diqqət çəkən və bizləri daha çox maraqlandıran məsələ Bəyannamədə ölkələrin ərazi bütövlüyünə, suverenliyinə hörmət edilməsinin, separatizmə qarşı mübarizənin, dövlət sərhədlərinin toxunulmazlığının, bir-birinin daxili işlərinə qarışmamaq üzrə öhdəliyin önə çəkilməsidir. Fikrimizcə, bütövlükdə götürüldükdə bu Bəyannamənin imzalanması Azərbaycanın növbəti diplomatik uğuru kimi qiymətləndirilə bilər. Ancaq bu öhdəliklərə necə riayət olunacağını zaman göstərəcək. Azərbaycanın bu öhdəliklərə əməl edəcəyi şübhə doğurmur. Bəs Rusiya necə, əməl edəcəkmi?
Məlumdur ki, Azərbaycan prezidenti Əbülfəz Elçibəy 1992-ci il oktyabrın 12-13-də Rusiyada rəsmi səfərdə olub. Həmin il oktyabrın 12-də Əbülfəz Elçibəylə Rusiyanın ilk prezidenti Boris Yeltsin arasında "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” müqavilə imzalanıb.Ancaq bu müqavilə Azərbaycan ərazilərinin işğalında Rusiyanın birbaşa iştirakına mane olmayıb.
1997-ci il iyulun 3-də "Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında”, 2008-ci il iyulun 3-də "Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq və strateji tərəfdaşlıq haqqında” Bəyannamə imzalanıb. Ancaq bunlar da 30 il ərzinə Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında saxlanmasında Rusiyanın birbaşa iştirakına mane ola bilməyib. Qeyd edilən sənədlər özünü Azərbaycanın "strateji tərəfdaşı” adlandıran Rusiyanın təxribat törədərək 2020-ci ilin noyabrın 10-da Rusiya-Azərbaycan-Ermənistan rəhbərlərinin üçtərəfli sülh sazişi imzaladıqlarından dərhal sonra "sülhməramlı” adı altında Azərbaycan ərazisinə soxulmasına mane olmayıb. Rusiyanın indinin özündə erməni seperatçılarana hərtərəfli dəstəyi, "sülhməramlıların” nəzarəti altında olan ərazilərdə özünü işğalçı, bu ərazilərin əsl sahibi kimi aparması, burada rus icmasının yaradılması, qondarma "Arsaxda” rus dilinin ikinci dövlət dili elan edilməsi və s. Rusiyanın öz öhdəliklərinə necə əməl etdiyini bir daha əyani şəkildə nümayiş etdirir. Gözləmək olar ki, 22 fevral 2022-ci il Moskva Bəyannaməsi nəhayət ki, Rusiyanın Azərbaycana qarşı indiyədək sərgilədiyi münasibətlərini yaxşılığa doğru dəyişəcəkdir.
Bəyannamədə bir sıra diqqət çəkən məqamları da qeyd etmək olar. Məsələn, Bəyannamədə tərəflərin öz milli maraqlarının müdafiəsinə yönəlmiş müstəqil xarici siyasət yürüdəcəqləri; 10 noyabr 2020, 11 yanvar 2021 və 26 noyabr 2021-ci il üçtərəfli sazişlərinin bəndlərinin yerinə yetilməsinin vacibliyi; iki ölkə daxilində separatçılıq təhdidləri ilə, separatizmi qaynaqlandıran mənbələrlə birgə mübarizə aparılacağı; Tərəflərdən birinin təhlükəsizlik maraqlarına təsir edən vəziyyət yarandığı, eləcə də bu cür vəziyyətin yaranması təhdidi olduğu təqdirdə onun nizamlanması məqsədilə təxirəsalınmaz məsləhətləşmələrin aparılmasına hazırlıqları; üçüncü dövlətlər vasitəsilə həyata keçirilənlər də daxil olmaqla bir-birinə qarşı yönəlmiş hər hansı hərəkətlərdən çəkinəcəkləri; Tərəflərdən birinin təhlükəsizlik maraqlarına təsir edən vəziyyət yarandığı, eləcə də bu cür vəziyyətin yaranması təhdidi olduğu təqdirdə onun nizamlanması məqsədilə təxirəsalınmaz məsləhətləşmələrin aparılmasına hazırlıqları qeyd olunur. Şübhəsizdir ki, bunlar Azərbaycanın milli-dövlət maraqlarına təmamilə uyğun gələn məqamlardır.
Bəyannamənin mətnindən irəli gələrək həm də hesab etmək olar ki, o, Ermənistanın Azərbaycana qarşı üçüncü tərəfdən, xüsusilə də Rusiyadan istifadə etməsi imkanlarını məhdudlaşdırır. Ancaq bunun reallıqda necə olacağını zaman göstərəcək.
Bəyannamədə diqqət çəkən daha bir neçə önəmli digər maddələr də var. Göstərilir ki: "Rusiya Federasiyası və Azərbaycan Respublikası digər tərəfin maraqlarına birbaşa və ya dolayı zərər vuran hər hansı iqtisadi fəaliyyətlərin həyata keçirilməsindən çəkinəcəklər”; "Tərəflər üçüncü dövlətlər vasitəsilə həyata keçirilənlər də daxil olmaqla bir-birinə qarşı yönəlmiş hər hansı hərəkətlərdən çəkinirlər”. Bu ifadələr çoxtərəfli yozula biləcək ifadələrdir. Həm, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar baxımından, həm də Avropanın qazla təminatı baxımından. Bu maddələrin gələcəkdə Azərbaycanın Avropaya daha böyük həcimdə qaz ixracına mane ola biləcəyi ilə yanaşı ölkəmizin ABŞ və Aİ ölkələri ilə münasibətlərində müəyyən problemlər yarada bilər.
Bəyannamədə qeyd olunur ki: "Rusiya Federasiyası və Azərbaycan Respublikası Tərəflərdən birinin fikrincə iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinirlər”. Bu maddənin Azərbaycanın Qərbə inteqrasiyası istiqamətində fəaliyyətinə müəyyən manelər yaradacağı da istisna deyil. Ancaq inanırıq ki, Azərbaycanın indiyədək yürütdüyü və Moskva Bəyannaməsində də qeyd edildiyi kimi, milli maraqlara cavab verən müstəqil siyasət yürütməqdə davam etməsi meydana çıxa biləcək maneələrin neytrallaşdırılmasına imkan verəcəkdir.
Fəridə Qafarqızı