Hörümçək torundan milli korpusa aparan yol
Dilimizin keşiyində duran, yaxud durmalı olan institutun özünün belə, adı yanlışdır: Dilçilik İnstitutu. "Dilçilik” sözü peşə bildirir. Belə çıxır ki, bu institut dili yox, dil ilə məşğul olanları araşdırır. Bir neçə başqa nümunə: "elmi şura”, "elmi dərəcə”, "müdafiə şurası”, "dissertasiya şurası”. Dilimizə rus dilindən yanlış tərcümədən gəlmiş belə sözlərin düzgün variantlarının lüğətlərimizə daxil edilməsi barədə nə vaxt danışacaqsınız, ay kosmik sürətlə akademik "seçilənlər”? Haradasınız? Nazirlər Kabinetinə "Çox xurmetdi Kabineti Nazirlər məllim” kimi müraciət edən bəzi nazirlərdən sizin nə fərqiniz var? Susursunuz. Onda qoy biz danışaq: "Dilçilik İnstitutu” yox, "Dil İstitutu”, "elmi şura” yox, "alimlər şurası” (ученый совет), "elmi dərəcə” yox, "alimlik dərəcəsi” (ученая степень), "müdafiə şurası” yox, "müdafiə üzrə şura” (совет по защите) "dissertasiya şurası” yox, "dissertasiyaların müdafiəsi üzrə şura (совет по защите диссертаций), çünki şura elmdən, müdafiədən yox, insanlardan / alimlərdən təşkil olunur.
Qısa müddət ərzində İnstitutun fəaliyyətinin müxtəlif sahələri üzrə (elmi-tədqiqat planlarının təkmilləşdirilməsi, əvvəlki illərin plan işlərinin nəticələrinin çap olunması, əməkdaşların dissertasiyalarının müxtəlif səbəblərdən uzanan müdafiəsi işinin yoluna qoyulması, dissertasiyaların müdafiəsi üzrə və elmi şuraların işinin təkmilləşdirilməsi, doktorant və dissertantların attestasiyası, seminarların təşkili və s.) ümidverici işlərin təməlini qoyan yeni direktor prof. Nadir Məmmədli orfoqrafiya lüğətinin təkmilləşdirilərək yenidən nəşri tələbini də yerinə yetirmək üçün mövcud elmi potensialla lüğətin müasir texnologiyaların tətbiqi əsasında hazırlanması məsələsini artıq bir neçə dəfə müzakirəyə çıxarmışdır. Kifayət qədər həyat təcrübəsi, idarəçilik və tədqiqatçılıq bacarığı ilə elmi ictimaiyyətdə tanınmış yeni rəhbərlik yaxşı başa düşür ki, qloballaşma şəraitində Azərbaycan dilinin inkişaf perspektivləri onun elektron məkanda daha geniş istifadəsi, dilçiliyin müasir inkişaf meyillərinin nəzərə alınması, müasir tətbiqi linqvistik texnologiyaların yaradılması və inkişaf etdirilməsi istiqamətində olmalı, Azərbaycan dilinin orfoqrafiya və digər lüğətlərinin tərtibində ənənəvi üsuldan müasir texnoloji yenilikərin tətbiqinə keçilməli, Azərbaycan dilinin milli korpusunun yaradılması istiqamətində işlər görülməlidir.
Milli korpus konkret dildə mətnlərin elektron formada toplanmasına istiqamətlənmiş məlumat axtarışı sistemidir. Konkret dilin milli korpusunda həmin dil tam şəkildə, bütün səviyyələrdə təmsil olunur. Korpusu təşkil edən mətnlər və həmin mətnlərə müraciət formaları müəyyən qaydalar üzrə nizamlanır. İstifadəçi onu maraqlandıran istənilən məsələ ilə bağlı korpusdan lazımi məlumat əldə etmək imkanına malik olmalıdır. Korpusda dilin bütün üslubları, janrları inkişaf mərhələləri, özəllikləri, fonetikası, qrammatikası, frazeologiyası, lüğətləri (ikidilli, çoxdilli tərcümə lüğətləri, terminoloji, tarixi, etimoloji, dialektoloji, statistik lüğətlər, antonimlər, sinonimlər, omonimlər lüğəti, sorğu lüğətləri, ensiklopedik lüğətlər və s.) cəmləşdirilir. Bundan başqa, milli korpusa müxtəlif istiqamətli və janrlı bədii mətnlər, jurnal və qəzet materialları, elmi, elmi-kütləvi və tədris mətnləri, dini-fəlsəfi mətnlər, texniki mətnlər, rəsmi-işgüzar və hüquqi mətnlər, məişət mətnləri və s. daxil edilir. Bu mətnlər korpusda alt korpuslar təşkil edir (kütləvi informasiya vasitələri alt korpusu, dialekt mətnləri alt korpusu, poetik mətnlər alt korpusu, tədris alt korpusu, şifahi nitq, aksentoloji, multimedia alt korpusları və s.).
Biz belə məsələlərlə məşğul olmalıyıq və oluruq. Lakin "Azərsu” və "Azəriqaz”ın müxtəlif bəhanələr gətirərək sayğacları dəyişdirməsinə, Hacıbala Abutalıbovun qoyub getdiyi ənənəyə uyğun olaraq, dünən çəkilmiş asfaltı bu gün dağıdıb yenidən çəkməyə böyük məbləğdə maliyyə vəsaiti tapılsa da, belə lüğətlərin hazırlanmasına zəruri vəsait tapılmır ki, tapılmır.
Ümid edirik ki, bu yazı müvafiq qurumlar və şəxsləri milli kimliyimizin göstəricisi olan dilimizə lazımı qayğı və kömək göstərmək, lüğətlərimizi "hörümçək toru”ndan xilas etmək, bu tordan milli korpusa qədər olan uzun yola necə çıxmaq barədə düşünməyə, bu yolu necə keçmək barədə irəli sürülən səmərəli təklifləri dinləməyə vadar edəcək, həmin təkliflərin reallaşması üçün şərait yaradılmasına binagüzarlıq edəcəkdir.
İlham Tahirov
filologiya üzrə elmlər doktoru, professor,
Həbib Zərbəliyev
filologiya üzrə elmlər doktoru, professor
