Azərbaycansayağı çəkilən yollar, tikilən körpülər
Bir tədbirdə azərbaycanlı ilə amerikalı tanış olur. Onların hər ikisi körpü tikintisi sahəsində rəhbər vəzifədə işləyirmiş. Amerikalı azərbaycanlı həmkarını ölkəsinə dəvət edir. O da bu dəvəti məmnuniyyətlə qəbul edib yollanır ABŞ-a.
Azərbaycanlı gəlib görür ki, amerikalı çox gözəl bir üçmərtəbəli villada yaşayır. Bu villanı hansı vəsaitlə tikməsini soruşan azərbaycanlıya amerikalı cavabında pəncərəni açaraq yaxınlıqdakı körpünü göstərərək deyir:
- O körpünü görürsən? Onun eni 25 metr olmalı idi. Ancaq onun eni 20 metrdir. Bu villanı həmin 5 metrin hesabına tikmişəm.
Bir müddət ötür. Bir gün azərbaycanlı amerikalını evinə qonaq dəvət edir. Amerikalı gəlib görür ki, azərbaycanlı həmkarı çox möhtəşəm bir beşmərtəbəli villada yaşayır. Onu maraq bürüyür və bu villanı necə tikməsini soruşur. Cavabında azərbaycanlı pəncərəni açaraq deyir:
- Görürsən o körpünü?
Amerikalı nə qədər diqqətlə baxırsa heç bir körpü görmür. Və maraqla soruşur:
- Axı orada heç nə yoxdur?
Cavabında azərbaycanlı deyir:
- Bəli yoxdur, amma olmalı idi. Bax, bu villanı da həmin olmayan o körpünün pulu ilə tikmişəm.
Bu lətifəni qeyd etməyim təbii ki, heç də təsadüfi deyil. Çünki sanki, günümüzdə bəzi sahələr üzrə elə bil boyumuza biçilib. Elə götürək adıçəkilən yol-tikinti sektorunu. İllərdir bir çox məmurların əsas yeyinti sahəsi olan bu sektorun düzələcəyinə artıq heç kimdə inam qalmayıb. Yağlı xörək kimi yeyilib talan edilməsi bir yana, "görülən” işlərin keyfiyyətindən danışmağa da dəyməz. Əgər ona da iş demək olarsa. Üstəlik keyfiyyət qalsın bir yana, "layihə” üzrə görülən işlərin əksəriyyəti yarımçıq başa vurulur. Əsasən dövlət rəsmilərinin gedəcəyi və görə biləcəyi istiqamətlərdə işlər ala-babat həyata keçirilir. Digər ərazilərdə isə sanki yollarda suvaq işləri görülür. Rayonlarda isə bu işlərin necə görüldüyü çoxlarına bəllidir. Konkret faktlara gəlincə, bundan o qədər yazmaq olar ki, səhifələr də bitməz. Sadəcə redaksiyamıza ünvanlanan iki fakta diqqət çəksək kifayət edər.
İmişli rayonunun Sarıxanlı kəndindən ünvanlanan müraciətdə qeyd olunur ki, bir neçə il öncə bu kəndin yolu yenilənib. Əgər yenilənib demək mümkündürsə. Bu bir yana, yol çəkilərkən işlər kəndin yarısına qədər həyata keçirilib. Deyiblər ki, qalan yol bir neçə gündən sonra davam etdiriləcək. Sonra isə sakinlərə bildirilib ki, yolun layihə üzrə bu qədər çəkilməsi nəzərdə tutulub. Yəni, yarıya qədər.
Həqiqətən maraqlıdır. Maraqlı olan budur ki, dünyada analoqu olmayan bu layihəni görəsən kim cızma-qara edib? Kəndə yol çəkilir, özü də yarımçıq. Yəqin ki, bu amerikalısayağı yol çəkilişidir. Digər bir fakta diqqət çəkəndə isə buna şükür etməyə dəyər.
Belə ki, redaksiyamıza daxil olan bir digər fakta görə, Beyləqan rayonunun Gödəklər kənd sakinləri ilə rayon rəhbərliyi 5-6 il bundan öncə bir görüş keçirir. Görüşdə növbəti ildə kəndə yol çəkilməsi üçün layihə hazırlandığı və təsdiq olunduğu müjdəsi verilir. Sevincəyə düşən kənd sakinləri səbirsizliklə yeni yolun çəkiləcəyi günü gözləməyə başlayır. Ancaq bu şad xəbərin üstündən 5-6 il keçməsinə rəğmən hələ də yola bir maşın çınqıl belə tökülməyib.
Bu azərbaycanlısayağı faktdan görünən odur ki, bu layihə də kimlər üçünsə villa tikməyə yönəlib. Kənd sakinlərinə isə səbr etməkdən başqa bir şey qalmır…
Bəli, bura Azərbaycandır. Vəzifələrini hər an itirə biləcəklərindən qorxaraq əllərinə düşən məqamdan maksimum yararlanmağa çalışan bəzi üzdəniraq məmurların yaşadığı məmləkət.
Belələrinə qarşı isə təkcə dövlət başçısı, DTX, Baş Prokurorluqmu mübarizə aparmalıdır? Təbii ki, biz də bu cəmiyyətin bir üzvü olaraq onlara dəstək verməliyik. Necə ki, "Dəmir yumruq” xalqın birliyi ilə
erməniləri məhv etdisə, içimizdəki "erməniləri” də elə ifşa etməliyik. Axı güc birlikdədir!..
Asəf ABBASOV
