Vətənin daşı, vətəndaşı olmağı bacarmalıyıq

Vətənin daşı, vətəndaşı olmağı bacarmalıyıq
Dəmir Qurbanlının dövlətçiliyimizə vicdanla xidməti onun Prezident İlham Əliyev siyasətinə dəstəyindən irəli gəlir

Müdrik, dünyəvi siyasi xadim Heydər Əliyev siyasəti xalqımızın dəstəyi ilə prezident İlham Əliyev tərəfindən bu gün uğurla həyata keçirilir. Məhz bunun nəticəsidir ki, Azərbaycan inkişaf etmiş nəhəng dövlətlər sırasında olmaqla beynəlxalq miqyasda böyük güc mərkəzinə çevrilmişdir. Təbii ki, ölkəmiz belə bir şəraitdə ərazisinin erməni işğalında olması ilə barışa bilməzdi. Azərbaycan qüdrətli dövlət olaraq BMT TŞ-nın 4 qətnaməsini icra edərək 30 illik erməni işğalına son qoydu, Vətən müharibəsində tarixi qələbəyə nail oldu.

Bu qələbənin əldə edilməsində xalqımızın igid, cəsur, vətənpərvər döyüşçülərinin, Vətən, torpaq yolunda canından keçən və şəhidlik zirvəsinə yüksəlmiş gənc əsgərlərimizin xidmətləri əvəzsizdir. Onların qanı, canı bahasına, xalq-iqtidar-ordu birliyi, vəhdəti sayəsində, Müzəffər Ali Baş Komandanın qətiyyəti ilə torpaqlarımız işğaldan azad edildi. Vətən müharibəsindən sonra da həmişə olduğundan daha çox şəhid, qazi ailələrinə, müharibə iştirakçılarına diqqət və qayğı dövlət başçımızın daim diqqət mərkəzindədir.

Prezident İlham Əliyev hər bir çıxışında şəhid ailələrinə, qazilərimizə daim diqqət göstərilməsini xüsusi qeyd edir. Məhz bu kimi çağırışların nəticəsidir ki, ölkəmizdə prezidentimizin siyasətinə gündəlik diqqət və qayğısına dəstək verərək şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədilə abidələr ucaldılır, bulaq kompleksləri inşa edilir. Belə bir bulaq kompleksinin biri də doğma

Qarabağımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş Süleymanov Dilman İbad oğlunun və Sultanov Nurlan Yaşar oğlunun xatirəsini əbədiləşdirmək məqsədilə Tovuz rayonunun Dönük Qırıqlı kənd tam orta məktəbinin qarşısında inşa edilərək məktəb kollektivinin, kənd sakinlərinin istifadəsinə verilmişdir.

Bulaq kompleksini müdrik siyasətçi Heydər Əliyev siyasətinin və bu siyasətin ən layiqli davamçısı, dünyəvi siyasi xadim, prezident İlham Əliyevin uğurlu, məqsədyönlü, düşünülmüş daxili və xarici siyasətini geniş və əhatəli təbliğ etməklə məşğul olan, bu siyasi kursa öz əməli işi ilə xidmət edən «Azad Azərbaycan» qəzetinin şöbə müdiri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, «Qızıl Qələm», «Azərbaycan Bayrağı», «Xalqın nüfuzlu ziyalısı» media mükafatları laureatı Dəmir Qurbanlının şəxsi təşəbbüsü və maliyyə vəsaiti hesabına inşa edilmişdir.

Dəmir Qurbanlı tez-tez mətbuat səhifələrində vətənpərvərlik mövzularında, ermənilərin işğalçılıq, deportasiya, soyqırım siyasətləri barəsində çıxışlar edir. 44 günlük Vətən müharibəsi dövründə də ermənilərin faşist, barbar, işğalçılıq siyasətlərini ideologiyalarını tənqid edən məqalələrlə daim gündəmdə olub.

Dəmir Qurbanlı əbədiyaşar müdrik rəhbərimiz Heydər Əliyevin milli vətənpərvərlik haqqında fəlsəfi fikirlərinə istinad edərək daim geniş təbliğat işləri aparıb. Ulu Öndər demişdir: «Milli vətənpərvərlik prinsipi gərək körpəlikdən başlayaraq hər bir vətəndaşın həyat prinsipi olsun, həyat qanunu, nizamnaməsi olsun. Milli vətənpərvərlik hissləri hər bir vətəndaşda o qədər güclü olmalıdır ki, hər bir vətəndaş milli mənafeyi öz şəxsi mənafeyindən, öz şəxsi yaşayışından, öz şəxsi həyatından, hər şeydən üstün tutsun”.

Azərbaycan Prezidenti İlham Əliyev isə vətənpərvərlik mövzularının mətbuatda geniş işıqlandırılması ilə bağlı hələ 2010-cu ildə mətbuatın 135 illiyi ilə əlaqədar çıxışında bildirmişdir: «Azərbaycan müharibə şəraitindədir, ona görə də gənc nəslimizin vətənpərvərlik ruhunda tərbiyə olunması işində medianın müstəsna xidmətləri vardır və bu mövzulara mətbuatda geniş yer verilməsini və mətbuatın rolunu xüsusi qiymətləndirirəm».

Dəmir müəllimin canında, qanında, ürəyində bu hisslər geniş yer aldığına görə, Prezident İlham Əliyevin siyasətinə dəstək verərək Vətən, torpaq uğrunda canlarının qurban vermiş igid, cəsur, ölməz şəhidlərimiz - Dilman Süleymanov və Nurlan Sultanova onların xatirəsini əbədiləşdirmək üçün əyani olaraq şagirdlərdə, gənclərdə vətənpərvərlik ruhunu daha da yüksəltmək üçün Tovuz rayonunun Dönük-Qırıqlı kənd tam orta məktəbinin qarşısında öz şəxsi təşəbbüsü və vəsaiti ilə bulaq kompleksi inşa etdirib.

Bu günlərdə bulaq kompleksinin önündə keçirilən açılış mərasimində məktəb kollektivi, rayon Təhsil şöbəsinin rəhbəri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər. Təhsil şöbəsinin müdiri Elmira Mürşüdlü, məktəbin direktoru Almaz Mehdiyeva, kənd bələdiyyəsinin sədri Nürəddin Nağıyev və başqaları tədbirdə çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu, məqsədyönlü daxili və xarici siyasətinə dəstək ifadə ediblər. Çıxışlarda şəhidlərimizin keçdikləri qəhrəmanlıq yolundan geniş bəhs edilib. Məktəblilər də öz növbəsində bədii kompozisiya ilə çıxış ediblər.

Bəli, etiraf edək ki, son illərdə heç kimdən maliyyə dəstəyi almadan şəhidlərimizə bulaq kompleksi inşa etdirən jurnalistə rast gəlməmişik. Düzdür şəhidlərimiz haqqında çoxlu sayda məqalələr, əsərlər, kitablar yazan jurnalistlərimizi saymaqla qurtarmaz. Ancaq Dəmir Qurbanlı şəhidlərimizin haqqında yazmaqla yanaşı, əyani olaraq onların xatirəsini əbədiləşdirmək məqsədilə bulaq kompleksi inşa etdirib, özü də ustalarla bərabər bulağın tikintisində işləyib, qurub-yaradıb.

Qeyd edək ki, Dəmir müəllim "Azad Azərbaycan” qəzetinin şöbə müdiri olaraq Prezident İlham Əliyevin siyasətinə dəstək verərək, vətənpərvərlik nümayiş etdirərək, azərbaycançılıq ideologoyasına xidmət edərək, şəhidlərimizin müqəddəs ruhlarını əziz tutaraq onlara olan hörmətini, ehtiramını bu cür xidmətləri ilə əyani şəkildə bildirib, təsdiq etmişdir. Biz sözün əsl mənasında belə jurnalistlərimizlə yalnız və yalnız fəxr edirik.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Qarabağ Azərbaycandır!

Şəhidlər ölməz, Vətən bölünməz!

 

Firdovsi NAMAZOV,

YAP Tovuz rayon təşkilatının təlimatçısı,

Respublikada Ulu öndər Heydər Əliyev haqqında ilk foto-albom kitabın müəllifi (1990), ilk Muzey İdeoloji Mərkəzin yaradıcısı, YAP-ın I Qurultayının iştirakçısı

 

P.S. Yazı çapa hazırlanarkən redaksiyamıza bulaq kompleksinin inşa olunduğu Tovuz rayonu Dilman Süleymanov adına Dönük Qırıqlı kənd tam orta məktəbinin rəhbərliyi tərəfindən bir müraciət daxil oldu. Həmin məktəbin direktoru Almaz Mehdiyeva tərəfindən yazılmış müraciətdə deyilir:

«Hörmətli redaksiya!

İlk öncə Sizin qəzetin redaksiya heyətinə, müdrik rəhbərimiz Heydər Əliyev siyasətini və bu siyasətin davamı olaraq Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu, məqsədyönlü, düşünülmüş daxili və xarici siyasətini daim geniş və əhatəli təbliğ edərək respublikamızda geniş oxucu kütləsinə çatdırdığınıza görə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Hörmətli redaksiya!

Sizin qəzetin şöbə müdiri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl Qələm", "Xalqın nüfuzlu ziyalısı”, "Azərbaycan bayrağı" media mükafatları laureatı, Ulu öndər Heydər Əliyev siyasətinin fəal təbliğatçısı Dəmir Qurbanlının Prezident İlham Əliyevin siyasətinə dəstək verərək, dövlətçiliyimizə, milli maraqlarımıza təmənnasız xidmət edərək xeyirxah işləri, fəaliyyəti barəsində Sizə öz fıkirlərimi çatdırmaq istərdim. Dəmir müəllimin barəsində sizin və geniş oxucu kütləsinin, dövlət və hakimiyyət orqanlarının geniş bilgiyə malik olduğuna görə, mən onun barəsində qısa fikirlərimi çatdırıram.

Qeyd etmək istərdim ki, Dəmir Qurbanlı qəzet səhifələrində, əhali arasında vətənpərvərlik mövzularında çox geniş çıxışlar edir. Dəmir müəllim qəzet səhifələrində bu və digər mövzularda, yəni vətənpərvərlik, milli ruh, milli baxış, düşüncə ruhunun gənclərimizdə, uşaqlarda daha da yüksəlməsinə, dövlət başçımızın siyasətini geniş və əhatəli təbliğ etməklə iqtidar–xalq-ordu birliyinin vəhdətinin daha da sıx birliyinə hesablanmış çıxışları məktəb kollektivimiz, şagirdlərimiz tərəfindən daim izlənilir. Onun 500–dən çox məktəblinin, müəllimlərin istifadə etdiyi məktəbimizin qarşısında öz təşəbbüsü və heç kimdən maliyyə dəstəyi almadan, öz şəxsi vəsaiti ilə Şəhidlər bulağı – Dilam–Nurlan bulağı inşa etdirməsi dövlətçiliyimizə nə dərəcədə xidmət etməsinin əyani subutudur. Doğrudan da biz çox sevinirik ki, respublikamızda Dəmir müəllim kimi milli ruhda olan jurnalistlərimiz var.

Dəmir Qurbanlının bu cür fəaliyyəti, milli dövlətçilik maraqlarımıza şərəflə, vicdanla mətbuat nümayəndəsi olaraq yüksək peşəkarlıqla xidmət etməsi əyani şəkildə təsdiq edir ki o, həqiqətən Prezidentimizin yüksək qiymət verdiyi Azərbaycan jurnalistləri sırasında öndə gedənlərdən biridir.

Hörmətli redaksiya!

Bir daha qəzetiniz vasitəsi ilə məktəbimizin kollektivi adından Dəmir Qurbanlıya Prezident cənab İlham Əliyevin siyasətinə, şəhid və qazi ailələrinə gündəlik diqqət və qayğısına dəstək verərək məktəbimizin qarşısında ölməzlik zirvəsinə yüksəlmiş Dilman İbad oğlu Süleymanovun, Nurlan Yaşar oğlu Sultanovun adına Şəhidlər bulaq kompleksi inşa etdirərək kollektivimizin istifadəsinə verdiyinə, kollektivimizdə, məktəblilərdə, gənclərimizdə milli ruhu daha da yüksəltməyə yönəldilmiş bu cür faydalı tədbirlər həyata keçirdiyinə görə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirirəm.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin!

Qarabağ Azərbaycandır!»
скачать dle 12.1
Geri qayıt