Moll-lara girmək üçün uşaqlardan kimlik tələb olunur?
Məlum olduğu kimi, ictimai iaşə müəssisələrinə, otellərə və iri ticarət mərkəzlərinə gedərkən yaşı 18-dən yuxarı olan bütün şəxslərdən COVİD-19 pasportu tələb olunur. Qayda tətbiq edilməyə başladıqdan sonra sözügedən obyektlərə daxil olanlar arasında xeyli narazılıqlar yaranıb.
İddialara görə, mollara, kafe və restoranlara gedən müştərilər "e-təbib” tətbiqindən peyvənd olunduqlarını təsdiqləyən onlayn sənədi göstərsələr də, onlardan şəxsiyyət vəsiqələri tələb olunur. Bəzi hallarda isə cüssəli görünən azyaşlılardan da COVİD-19 pasportu istənilir, şəxsiyyət vəsiqəsi üzərində olmayıb yaşını təsdiqləyə bilməyənlər içəri buraxılmır. Vətəndaşlar bu amilləri daha çox yoxlanış aparanların təcrübəsizliyi ilə əlaqələndirir.
Bununla bağlı Axar.az saytına danışan Gənclik Mollun mətbuat xidmətindən bildiriblər ki, yoxlanış zamanı əsas prioritet şəxsiyyət vəsiqəsidir:
"Əməkdaşlarımız yoxlanış qaydaları ilə bağlı təlimat alıblar. Azyaşlılar məsələsinə gəlincə, bəzi uşaqlar yaşlarından daha böyük görünür deyə, biz təhlükəsizlik məqsədilə yoxlanış edirik. Burada məqsədimiz dövlətin ticarət mərkəzlərinə qoyduğu qanunlara tam əməl etməkdir”.
