Toylarla bağlı şərtlərə yenidən baxılmalıdır
Teyyub Qənioğlu: «Yumşalmalara getmək günün tələblərindən biri idi»
İyul ayının 1-dən Azərbaycanda toyların keçirilməsinə rəsmi olaraq icazə verildi. Buna baxmayaraq insanlar arasında bəzi narazılıqlar da var. Bu məsələlərlə bağlı Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Qənioğlu ilə söhbətləşdik.
- Son zamanlar pandemiya ilə bağlı Azərbaycanda da yumşalmalara gedildi. Belə məsələlərdən biri də toyların keçirilməsinə icazənin verilməsidir. İnsanlar arasında toyun keçirilmə şərtləri müəyyən narazıçılıq yaradıb. Sizin bu məsələyə münasibətinizi bilmək maraqlı olar.
- Təbii ki, yumşalmalara getmək günün tələblərindən biri idi. Yəqin ki, yumşalmalar getdikcə daha çox olacaq, çünki yoluxmaların sayı azalmağa doğru gedir. Yüzlərlə, minlərlə gənclər bu günü həsrətlə gözləyirdilər ki, toyları olsun. Amma elə şərtlər qoyublar ki, bu şərtlərə əməl edilməsində problemlər olacaq. Çünki bu şərtlərdən ən vacibi bəylə gəlinin, toya gələn ailə üzvlərinin vaksinli olmasıdır. Bu nə dərəcədə düzgündür?
İkinci Operativ Qərargahın çox qəribə qərar verməsidir. Necə olur ki, 70 minlik stadionda 35 min adam ola bilir, 500 nəfərlik restoranda 150 nəfərdən artıq insan ola bilməz? Hesab edirəm ki, bu şərtlərə yenidən baxılmalı və yumşaldılmalıdır. Şərtlər yumşaldılmasa Allah göstərməsin bu toy daha çox problemə çevriləcək. Məsələn toy yiyəsinin əzizlərindən bir neçəsinin Covid 19 pasportu yoxdur, deməli o, toya buraxılmır. Əziz adamının toyda iştirak etməməsi çox narazıçılığa çevrilə bilər. Yəqin ki, o, mütləq toyda iştirak edəcəkdir. Bu isə polisin cərimələməsinə şərait yaradır. Mənim fikrimcə Operativ Qərargah bu məsələyə yenidən baxmalıdır.
- Restoranlarda 300-400 nəfərlik yerlərdə normal əyləncəli tədbirlər keçirilir, sadəcə orda bəylə-gəlinin olmamasıdır. Bunun toylarla heç bir fərqi yoxdur. Bu haqda nə deyə bilərsiniz?
- İri avtobuslarda 50-60 nəfər, metrolarda yüzlərlə adam Covid 19 pasportu olmayan insanlar ağız-ağıza gedirlər. Bəylə-gəlinin xoş günündə bu qadağaların olması onlara heç cür xoş təsir bağışlamayacaq. Nə qədər gec deyil bu məsələyə bir də baxılmalıdır. Pasportların alınmasında müəyyən problemlər olacaqdır. Çünki əksər insanlar bu pasportun necə alınmasını bilmir. Hətta savadlı insanlarımız da pasportların alınmasında çaş-baş qalıblar. Gənclərə imkan verilməlidir ki, həyatlarında bir dəfə olan bu xoş günü ürəkləri istəyən kimi qeyd etsinlər. Yerinə yetirilməsi mümkün olmayan bu qadağalar insanlar arasında böyük narazıçılığa səbəb olacaq.
- Yəqin ki, toyların keçirilməsində çoxsaylı əlavə problemlər də yaşanacaq.
- Bəli, bu yoxlamanı kim aparacaq, insanların temperaturunu kim ölçəcək. Düzdü təhlükəsizlik tədbirləri keçirmək lazımdır, yəni girişdə temperatur ölçmək, tibbi spirtdən istifadə etmək olar, amma qalan qadağalara kim nəzarət edəcək?
- Şadlıq sarayına gələn yəqin ki, yemək yeyəcək, rəqs edəcək. Bəs necə olacaq, bir metr məsafəylə rəqs edəcəklər?
- Bunlar absurddur, reallıqla uyğunlaşmayan qərarlardır.
- Gürcüstanda pandemiya ilə bağlı cərimələr aradan qaldırılıb. Bizdə necə pandemiya ilə bağlı cərimələnmiş insanların cərimələri ləğv oluna bilərmi?
- Təbii ki, cərimələr olmalıdır. Amma bizdə cərimələr həddindən artıq yüksəkdir. Təqaüdçü ayda 200 AZN təqaüd alır. Bu insan ayda iki dəfə cərimələnsə necə dolanacaq. Elə onun 10 manat cərimə olması ona böyük bir zərbədir. Onsuz da Azərbaycanda cərimələrin məbləği, kommunal xidmətlər qədər yüksəkdir.
- Belə bir xəbər yayılmışdı ki, Naxçıvanda toylarda yemək verilməyəcək, şirniyyat stolu olacaq. Sonradan deyəsən bu öz təsdiqini tapmadı. Sizcə bu toy sahibləri üçün sərfəlidir?
- Bu ola bilər ki, ictimai rəyi öyrənmək üçün ortaya atılmış bir məsələdir. Amma istənilən halda bu insanların xeyrinə olan bir işdir. Türkiyədə bütün toy şənlikləri şirniyyat stolu ilə keçir. Hamı gəlir xeyir-duasını, nəmərini verir və xoşbəxtlik diləyərək toyu başa vurur. Bunun harası pisdir. Bizim mentalitetimizdə "qonşu getdi, mən qaldım” deyimi var. Bunu əsas götürərək insanlar bir-biri ilə bəhsə girirlər ki, bu da restoran sahiblərinə daha çox sərf edir. Bir az oturaq fikirləşək, biz toy etdikdə ən çox xeyiri kimə veririk? Əlbəttə ki, şadlıq saraylarına. Əgər şirniyyat stolu ilə biz toyumuzu keçirsək bu həm toya gələnlərə, həm də toy yiyəsinə xeyir verər. Şadlıq sarayları isə buna alışmalıdır.
Qumru MƏMMƏDOVA
