Gənclərin işlə təmini üçün real məşğulluq proqramları qəbul edilməlidir

Gənclərin işlə təmini üçün real məşğulluq proqramları qəbul edilməlidir

Şəms Əliyeva: «İşsizlik təkcə insanların şəxsi problemi olmaqla qalmır, bu həm də, cəmiyyətin, dövlətin problemidir»

 

«Profisit səbəbindən dövlət büdcəsinə daxil olmuş artıq vəsaitin müəyyən hissəsini əmək haqlarının, pensiyaların və işsizliyə görə müavinatların artırılmasına sərf edilməsi məqsədəuyğun olardı».

Təkamül Partiyası sədrinin müavini, iqtisad üzrə fəlsəfə doktoru Şəms Əliyeva «Azad Azərbaycan» qəzetinə açıqlamasında bunu deyib.

Onun sözlərinə görə, koronavirus pandemiyasının yayılma sürətinin azalması ölkəmizdə sərt karantin rejiminin yumşaldılması istiqamətində ardıcıl tədbirlərin görülməsi ilə müşahidə olunmaqdadır: «Ümidvarıq ki, karantin rejiminin yumşaldılması öz müsbət nəticəsini verəcək. Hələlik isə o, müəyyən müsbət təsir göstərsə də, həm ölkə iqtisadiyyatına, həm də, əhalinin, xüsusilə də işsiz vətəndaşların, güzəranına mənfi təsir etməkdədir. Pandemiyanın işsiz vətəndaşlarımızın güzəranına mənfi təsirlərinin yumşaldılması üçün dövlət səviyyəsində müəyyən tədbirlər, güzəştlər tətbiq edilsə də, bir sıra səbəblərdən onların reallıqda yetərli olmadığı qənaətinə gəlmək olar».

Ş.Əliyeva bildirib ki, birinci səbəb iqtisadiyyatda müəyyən canlanma olmasına baxmayaraq hələ də, əmək qabiliyyətli əhalinin məşğulluğunun təmin edilməsi üçün yetərli sayda iş yerlərinin bərpa olunmamasıdır: «İkinci səbəb işsizlərin sayı, işsizliyin səviyyəsi haqqında rəsmi statistik məlumatların reallığa uyğun olmaması, işsizlik statusunun verilməsi şərtləri ilə bağlıdır. Azərbaycanda işsizlik statusunun və işsizlərə müvafiq müavinatların verilməsi «Məşğulluq haqqında» və "İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir. Ancaq təəssüf ki, bu qanunlarda müəyyən çatışmazlıqlar var. «Məşğulluq haqqında» qanunun 4.1.3 saylı maddəsində qeyd edilir ki, "...mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar...”, 5.12.3 –cü maddəsində isə - "ali və orta ixtisas təhsil müəssisələrində əyani təhsil alanlar” məşğul şəxslər hesab edilir və onlar işsiz statusu ala bilməzlər. Aydın deyil ki, mülkiyyətində 1-1.5 hektar torpaq sahəsi olan kəndli bu sahədə nə əkib becərməlidir ki, aldığı qazanc il boyu ailəsinin tələbatını ödəyə bilsin!? Nəzərə almaq lazımdır ki, ali və orta ixtisas təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanların heç də hamısı təqaüd almır. Təqaüdlərin məbləği minimum əmək haqqının heç yarısı qədər də deyil. Belə olan halda hansı məntiqlə onların hamısı məşğul əhali kimi qeydə alınır? Bundan başqa, "İşsizlikdən sığorta haqqında” Qanunun 1.2-ci maddəsində qeyd edilir ki, "Bu Qanun dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş şəxslərə şamil edilir”. Bu maddəyə uyğun olaraq 13.1-ci maddədə göstərilir ki, "Sığorta ödənişini almaq hüququna yalnız dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş və "Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyata alınmış sığorta olunanlar malikdirlər”. Bu Qanunlara görə əvvəllər heç yerdə işləməyənlər, ilk dəfə iş axtaranlar işsiz kimi qeydə alına və deməli, işsizliyə görə sığorta ödənişi ala bilməzlər». İqtisadçı-alimin fikrincə, hər il ölkənin əmək ehtiyatları sırasına orta, ali və orta ixtisas məktəblərini bitirənlərin xeyli hissəsi, ordu sıralarında tərxis olunanlar və təbiidir ki, əvvəllər heç yerdə işləməyən gənclər daxil olur. Düzdür, hər il ölkəmizdə yeni iş yerləri açılır. Ancaq təəssüf ki, açılan yeni iş yerlərinin sayı, qeyd edilən kateqoriyalara daxil olanların sayından dəfələrlə azdır: «Nəzərə almaq lazımdır ki, ilk dəfə iş axtaran, əvvəllər heç yerdə işləməyən və bu səbəbdən də sosial dəstəkdən məhrum olan şəxslərin mütləq əksəriyyəti gənclərdir. İşsizlik təkcə insanların şəxsi problemi olmaqla qalmır, bu həm də, cəmiyyətin, dövlətin problemidir. Müşahidələr göstərir ki, işsizliyə düçar olanların, xüsusilə də, gənclərin xeyli hissəsi iş axtarmaq üçün xarici ölkələrə getməyi üstün tuturlar və gedirlər. Nəticədə, gənclərin təhsil almaqla, peşə hazırlığı ilə bağlı dövlət büdcəsindən sərf edilən vəsaitlər göyə sovrulmuş olur; maddi sıxıntı üzündən gənc ailələrin dağılmasına səbəb olur; demoqrafik proseslərə və millətin yekcinsliyinə əks təsir göstərir, gənclər arasında gələcəyə ümidsizlik yaradır. Özünü millətsevər kimi göstərən bəzi siyasətbazlar gənclərin bu durumundan sui-istifadə edərək onların Azərbaycanda heç bir perspektivinin olmadığını deyərək gənclərdə ümidsizlik hissinin aşılanmasına, vətənpərvərlik hissinin zəiflədilməsinə və dövlətə qarşı inamsızlıq toxumunun səpilməsinə rəvac vermiş olurlar. Ona görə də, işsizlərin, xüsusilə də gənclərin, işlə təmin olunması üçün xüsusi, real məşğulluq proqramları qəbul edilməli və onların həyata keçirilməsinə ciddi nəzarət olunmalıdır».

Ş.Əliyevanın sözlərinə görə, işsizlik statusu alanlarla yanaşı ilk dəfə iş axtaranların, əvvəllər heç yerdə işləməyənlərin də sosial dəstəyinin həyata keçirilməsi üçün işsizlərin sosial dəstəyinin yeni forma və metodlarının tətbiqinə ehtiyac var: «Hesab edirik ki, tətbiq ediləcək yeni forma və metodlarla bağlı maliyyə xərclərinin əsas hissəsini, sonradan qaytarılmaq şərti ilə, dövlət öz üzərinə götürməlidir. Bu məqsədlə aşağıdakı istiqamətdə tədbirlərin həyata keçirilməsi məqsədəuyğun olardı: ilk dəfə iş axtaranlara dövlət məşğulluq xidmətinə müraciət etdiyi gündən 6 ay müddətinə (təkrar müraciət zamanı 3 ay uzadılmaqla), işə düzəldikdən sonra hissə-hissə qaytarmaq şərti ilə, minimum əmək haqqı məbləğində sığorta ödənişinin edilməsi. Müvafiq maliyyə mənbəyi kimi aşağıdakılar ola bilər: a) dövlət büdcəsindən müvafiq regional dövlət məşğulluq xidmətlərinin hesabına pul köçürmələri; b) müvafiq dövlət məşğulluq xidmətləri tərəfindən səhmləri dövlətə məxsus olan (və ya dövlətin səhmdar kimi iştirak etdiyi) banklardan uzun müddətli kreditlərin alınması. Bu zaman belə bir sual meydana çıxır: müraciət etdiyi və minimum əmək haqqı məbləğində sığorta ödənişi alan andan keçən 9 ay ərzində işə düzələ bilməyən işsiz, aldığı sığorta ödənişini hansı yolla və necə qaytara bilər? Təbii, burada risk amili var və fikrimizcə bu riski dövlət öz üzərinə götürə bilər. Bunu nəzərə alaraq riskdən yayınmaq, heç olmasa onu minimuma endirmək üçün, dövlət səviyyəsində yeni iş yerlərinin açılması məqsədi ilə həyata keçirilən tədbirlər gücləndirilməlidir».

Partiya sədrinin müavini əlavə edib ki, 2021-ci ilin dövlət büdcəsində xam neftin 1 barelinin satış qiyməti 40 ABŞ dolları götürülüb. Xam neftin 1 barelinin satış qiymətinin uzun müddət bu məbləğdən çox olması (son məlumata görə 76 ABŞ dollarından çox) səbəbindən dövlət büdcəsində profisit yaranıb: «Fikrimizcə, qeyd edilən səbəbdən dövlət büdcəsinə daxil olmuş artıq vəsaitin müəyyən hissəsini əmək haqlarının, pensiyaların və işsizliyə görə müavinatların artırılmasına sərf edilməsi məqsədəuyğun olardı. Bu tədbirlər əhalimizin güzəranının yaxşılaşdırılmasına, vətəndaşın dövlətə inamının artmasına zəmin yarada bilər».

 

Bilman İSAQ

скачать dle 12.1
Geri qayıt