Qədərin məqamı bura qədərmiş...

Qədərin məqamı bura qədərmiş...


Hər dəfə yeni teatr mövsümü başlayanda hədsiz sevincimizlə yanaşı, bizi həm də kövrək hisslər bürüyür. İtirdiyimiz sənətkarları düşünür, onları xoş xatirələrlə yad edir, pərdəarxasında baş verən əhvalatlardan danışıb təsəlli tapırıq.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, Xalq Artisti Gülşən Qurbanova yaddaşımda tragikomik, yaxşı plastikaya malik, həddən artıq səhnə sərbəstliyi və improvizələri ilə seçilən, dincəlməyi sevməyən, gecəli-gündüzlü ciddi səhnə və ekran yaradıcılığı ilə məşğul olan, şirin səsli, xoş ünsiyyətli bir aktisa kimi qalıb. Gülşən xanımda həm bir insan kimi, həm də bir aktrisa kimi yaxşı səhnə cazibəsi var idi. Azərbaycanda bəzi xanım sənətkarlarımız haqqında işlədilən "şirin aktrisa” ifadəsini Gülşən xanıma daha çox şamil etmək olardı.

Gülşən xanım birinci növbədə yaxşı sənətkar idi. İstedadlı dramaturq Tamara Vəliyevanın "Mənim ağ göyərçinim” tamaşasında yaratdığı Zəhra obrazı ilk baxışda dünya-aləm vecinə olmayan bir qadın təəssüratı oyatsa da, dramatik inkişaf xətti üzrə bu qadının digər daxili keyfiyyətləri üzə çıxır : ailəsinə sədaqət, haqsızlığa nifrət... Tamaşanın birinci hissəsində komik nüansları ilə yadda qalan obrazın ikinci hissədə bütün daxili dramatizmi, daxili təbəddülatı üzə çıxır. Belə bir psixofizioloji yüklə yüklənmiş obrazın daxili dünyasının tamaşaçıya ötürülməsindən ötrü aktrisaya çox ciddi daxili imkanlar da lazımdır. Gülşən xanım belə istedad sahiblərindən idi. Tamaşaçı onun Zəhrasını qəbul edir və sevirdi.

Obrazları sadalamaqla vaxtınızı almaq istəmirəm. Onu demək istəyirəm ki, Gülşənin yaratdığı hər bir obraz özünəməxsus qatları, fərdi rəng çalarları ilə seçilirdi, çünki obrazı "ətə-cana” doldurmağı bacarırdı.

O, ipə-sapa yatmayan aktrisa idi. Qarşısında necə qüdrətli rejissor olursa-olsun, özünəməxsus ifadə, daha doğrusu, daxilini ifadə forması ilə obrazlara yanaşırdı.

Gülşən xanımın ən çox xoşuma gələn xüsusiyyətlərindən biri o idi ki, qeybəti sevməz, dalınca deyilən sözlərə də əhəmiyyət verməzdi. Biri ona bir söz deyəndə cavabı bu olurdu: "Pust qovoryat!” Gülşən teatrın hansı guşəsində olsaydı, orada bir canlanma, gülüş səsləri gələrdi. Onun bu həyatsevərliyi hamıya xoş təsir bağışlayırdı.

Bir də Gülşən xanımla son görüş yadımdan çıxmır. Teatrımız təmirdə olduğu üçün Səttarxan adına mədəniyyət sarayında məskunlaşmışdıq. Gülşən xanım sevinə-sevinə gəlmişdi – nəvəsi olmuşdu. Hamı onu təbrik edirdi. Gülşən bizdən elə bu sevincin aguşunda ayrıldı. Səhəri eşitdik ki, dünyasını dəyişib...

Mənim ədəbi-dram hissə müdiri işlədiyim illər ərzində Gülşən xanımın elə bir səhnə çıxışı yox idi ki, tamaşaçılar onu gur alqışlamasınlar. Onun pərəstişkarları yarada biləcəyi bir çox maraqlı və yaddaqalan obrazlarını da alqışlayacaqdılar. Lakin qədərin məqamı bura qədərmiş!

Bizim bu gözəl sənətkarlarımızla vida mərasiminə eşidən-bilən, yoldan ötən hər kəs gəlirdi. O gün biz həm fəxr edir, həm çox kövrəlir, həm də çox təəssüflənirdik. Belə bir sənətkarımız olduğuna fəxr edir, itkisinə kövrəlir, nakam ömrünə, obrazlarına təəssüflənirdik.

Elə bir gün yoxdur ki, dünyasını dəyişən sənətkarlarımızı xatırlamayaq. Bu xatirələrin içində Gülşən Qurbanovanın özünəməxsus yeri var. Çünki o da unudulmayanlar sırasındadır.

 

Rafiq Rəhimli

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının

ədəbi-dram hissəsinin rəhbəri.

Əməkdar mədəniyyət işçisi

Qədərin məqamı bura qədərmiş...

 

 



скачать dle 12.1
Geri qayıt