Bakı bu benzini özü istehsal edərsə...
Ölkəmizdə bütün standartlarına uyğun benzinin hazırlanması və satışa çıxarılması vacibdir, çünki Azərbaycan neft ölkəsidir.
Bu sözləri açıqlamasında millət vəkili, iqtisadçı alim Vüqar Bayramov Prezident İlham Əliyevin "Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindəki çıxışında bu məsələyə toxunması haqda danışarkən deyib.
Vüqar Bayramov bildirib ki, neft ölkəsi olaraq Avro-5 standartlarına uyğun benzin hazır edib ixrac etməyimiz mümkündür:
"Yanacaq istehsal etməyimiz üçün xammalımız var. Bununla belə lazimi texnologiyanı ölkəyə gətirmək mümkündür. Hazırda A-92 istisna olmaqla, digər benzin növlərini idxal edirik. İdxal etdiyimiz üçün yanacağın qiyməti dünya bazarında neftin qiyməti və digər xərclərlə birbaşa bağlı olur, ona görə də Avropa standartlarına uyğun benzinin ölkə daxilində istehsalı gələcəkdə qiymətlərin optimallaşdırılması baxımından da vacibdir”.
Ekspertin fikrincə, qiymətləri proqnozlaşdırmaq hələ ki tezdir:
"Yanacaq kimi məhsulların idxal edilməsi ölkədən valyutanın getməsinə səbəb olur. Yerli istehsalın təşkil edilməsi bir tərəfdən valyutanın ölkədə qalmasına, digər tərəfdən isə məşğulluğun təmin olunmasına, ölkə daxilində əlavə dəyərin yaranmasına imkan verir. O baxımdan bu hadisə iqtisadiyyat üçün vacib və əhəmiyyətli hesab olunur. Qiymətləri proqnozlaşdırmaq hələ ki tezdir, çünki söhbət iki ildən sonra istehsal ediləcək məhsuldan gedir, amma bütün hallarda yeni yanacaq qiymətlərin optimallaşdırmasına təsir göstərə bilər”.