Azərbaycan da, Türkiyə də bundan yararlanacaq

Azərbaycan və Türkiyə arasında media platforması böyük əhəmiyyətə malikdir. Hətta deyərdim ki, tarixi əhəmiyyətlidir. Təəssüf ki, bu məsələdə hətta gecikmişik.
Bunu açıqlamasında Türkiyə və Azərbaycan arasında yaradılacaq vahid media platforması barədə danışan "Modern.az” xəbər portalının təsisçisi və baş direktoru Elşad Eyvazlı deyib. Elşad Eyvazlının fikrincə, indiyə qədər olan əməkdaşlıq gerçək deyildi:
"Zaman-zaman bizdə belə düşüncə olub ki, Türkiyə mətbuatı ilə əməkdaşlığa, tanışlığa gedən adamlar əslində gəzməyə gedirlər. Bu məsələlərin həmin adamlara aidiyyəti, qatqısı olub-olmadığı da bəlli deyildi. Ancaq indi vəziyyət fərqlidir: platformada iştirak edən rəsmilər, eyni zamanda, həmin şəxslərin fəaliyyəti, kütləvi informasiya vasitələrinə yanaşması, medianı bilməsi bizdə əminlik yaradır ki, artıq gerçək bir platforma yaradılacaq”.
Media kapitanı onu da əlavə edib ki, hər iki ölkə ictimaiyyəti bundan yararlanacaq:
"Buna qədər hər iki ölkənin diasporunun əməkdaşlığı, birgə gerçəkləşdirilən hərbi təlimlər və digər məsələlər artıq reallaşıb. Bu kimi məsələlərin daha dolğun, daha koordinasiya edilmiş şəkildə hər iki ölkənin cəmiyyətlərinə çatdırılmasının böyük əhəmiyyəti var. Bundan başqa, bu platformanın Azərbaycanın Qarabağ və digər məsələlərlə bağlı xaricə çıxışında böyük rolu ola bilər. Hər halda, xeyirli-uğurlu olsun. Bu məsələdə üzərimizə düşən yükü götürməyə hazırıq. Bizim bu sahədə kifayət qədər təcrübəmiz və bilgimiz var”.